Azərbaycanın uğuru dünyanın xilasına çevrilə bilər...
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibə verib. Hikmət Hacıyev müsahibəsində Azərbaycanla Ermənistan arasındakı sülh prosesi və bu prosesin münaqişədən əziyyət çəkən digər dövlətlər üçün əhəmiyyətinə toxunub:
“Brüsseldə Avropa İttifaqından olan dostlarımızın dəstəyi ilə görüşmək imkanımız oldu. O vaxtdan bəri ölkə rəhbərliklərinin göstərişi ilə konkret bir gündəlik üzərində işləyirik. O da budur ki, sülhü necə irəli apara və ixtilafları kənara qoya bilərik. Azərbaycan bu məsələdə özünün xoşməramını və təşəbbüsünü irəli sürüb. Erməni həmkarlarımızla və başqa kanallarla sülhü irəli aparmağın yollarını müzakirə edirdik. Strategiyamız Cənubi Qafqazı rəqabət bölgəsinə çevirmək deyil, onu əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir. Azərbaycan-Ermənistan sülh prosesi qlobal münaqişələr kontekstində ən azından bir uğur hekayəsidir. Bir münaqişə fəsli bitir. Biz bütün beynəlxalq tərəfdaşlarımızı, o cümlədən qlobal gücləri bu sülh prosesini dəstəkləməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycan və Ermənistan arasında geri dönüşü olmayan bir sülh əldə olunacaq”.
Göründüyü kimi, Hikmət Hacıyev bütün dünyanı Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə çağırır. Eyni zamanda, bu sülh prosesinin qlobal münaqişələr kontekstində uğur hekayəsi olduğunu vurğulayır.
Həqiqətən də, münaqişə və müharibələrin sürətlə artdığı, “qaynar nöqtələr”in çoxaldığı dünyamızda sülh – etibarlı, uzunmüddətli və qarşılıqlı etimada aparan sülh prosesi uzun müdətdir ki, yaşanmır. Bunu anlamaq üçün Pakistan-Hindistan, İsrail-Fələstin qarşıdurmalarına nəzər salmaq, İraq, Əfqanıstan, Suriya və s. ölkələrdə yaşanan davamlı gərginliklərinə diqqət yetirmək kifayətdir. Bütün bu qarşıdurmalar fonunda yalnız və yalnız Azərbaycan-Ermənistan qarşıdurması ləyaqətli və etibarlı sülhlə yekunlaşıb ki, bu da ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin siyasi-diplomatik böyüklüyünün nəticəsidir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin əldə etdiyi bu sülhün təkrarsızlığını qeyd etməklə yanaşı, bunu dünyadakı digər münaqişələrin sonlandırılması baxımından da bir nümunə kimi təqdim edir. Hikmət Hacıyevin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, müharibə və münaqişələrədn əziyyət çəkən dünya Azərbaycanla Ermənistan arasında əldə edilən bu sülhü dəstəkləməklə yanaşı, həm də öyrənməli, bu nümunədən bənzər münaqişələri sülhlə yekunlaşdırmaq üçün istifadə etməlidir.
Başqa sözlə desək, Azərbaycanla Ermənistan arasındakı sülh gərginlik və zorakılıqlardan əziyyət çəkən dünya üçün nicatverici mayak, xilasedici kəmər rolunu oynayır. Azərbaycan Cənubi Qafqaza sülh gətirməklə subut etdi ki, ən uzunmüddətli və qanlı münaqişələri belə etibarlı sülhlə tamamlamaq mümkündür və bunun üçün rəsmi Bakının təcrübəsinin öyrənilməsinə ehtiyac var.
Ümid edirik ki, dünya dövlətləri, xüsusilə də münaqişədən əziyyət çəkən ölkələr Hikmət Hacıyevin bu tarixi çağırışından lazımi nəticə çıxaracaq və özlərinin xilası, bəşəriyyətin dincliyi naminə Azərbaycanın sülh təcrübəsini mənimsəyəcəklər.
Seymur ƏLİYEV