“Türkiyə niyə Suriyaya qoşun yeritdi?.. -İsrail Əs-Şaraya qarşı olan qüvvələri birləşdirir...”
Ekskluziv
368
08:59, Bu gün

“Türkiyə niyə Suriyaya qoşun yeritdi?.. -İsrail Əs-Şaraya qarşı olan qüvvələri birləşdirir...”

“Əsədin hakimiyyətdən getməsinin bir illiyini qeyd edən indiki Suriya iqtidarı heç də həmin bir il ərzində xalqı vahid bir cəbhədə birləşdirə bilməyib, ölkənin bir problemini həll etməyib, minlərlə  günahsız insanların qanı axıdılıb...”
 
“Türkiyə qoşunlarının Suriyanın şimalına yenidən qoşun yeritməsinin səbəblərini araşdırsaq görərik ki, faktiki olaraq Türkiyə iqtidarı, əlbəttə ki, ilk növbədə öz sərhədlərini terrorçu kürd silahlı dəstələrindən  təmizləmək məqsədi güdür. Bəs nə üçün indiki Suriya  iqtidarı Türkiyənin bu hərəkətinə heç bir reaksiya vermir, əksinə, bunu dəstəkləyir?  Hələlik heç bir hərbi əməliyyat  keçirtməyən Türkiyə hər şeydən əvvəl indiki  Suriya iqtidarına dəstək olacağını göstərir. Amma nəzərə almalıyıq ki, ABŞ Prezidenti Donald Tramp Suriyanın indiki iqtidar rəhbəri Əhməd Əş-Şara ilə görüşündə ona kömək edəcəyini demişdi. Bu köməyin məhz Türkiyə ordusu vasitəsilə həyata keçirildiyinə də inanmaq olar”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli dilə gətirib.
 
“Bununla belə, Suriyanın indiki iqtidarının yanlış siyasəti sayəsində ölkə faktiki olaraq üç hissəyə bölünüb və həmin hissələrdən birinə nəzarət edən “Suriya Demokratik Qüvvələri” adlanan və ölkənin şimalında yerləşib ciddi hazırlığı ilə seçilən  kürd silahlı dəstələridir ki, Əs-Şara hökuməti onları ipə sapa yatıra bilmir. Digər tərəfdən ələvilər də silahı yerə qoymaq belə, istəmir, hətta Livanda da öz silahlı qüvvələrini yaradırlar. Digər  təhlükə “Hizbullah”dır ki,  İsrail-İran müharibəsi dayanandan sonra bu qruplaşma yenidən baş qaldırmaqdadır.  Druzların da silahlı dəstələri ola biləcəyini nəzərə almalıyıq, çünki İsrailin onları da kürdlər kimi gizli şəkildə silahlandırmasını ehtimal  etmək olar. İsraillə ABŞ arasında Qəzza ilə bağlı yaranan soyuqluq, Təl-Əvivin əl-ayağını açır ki, Əs-Şaraya qarşı gedən qüvvələri birləşdirsin”, -deyə davamında siyasi şərhçi bildirib.  
 
Təhlilçi hesab edir ki, hazırda Suriyada əsil xaosdur:
 
“Faktiki olaraq Suriya üç yerə bölünsə də islamçılar arasında da birmənalı mövqe yoxdur. Onlar indiki  Suriya iqtidarının Qərbə və Rusiyaya üz tutmaqları ilə razılaşmırlar. Beləliklə, sözün  həqiqi mənasında Suriyada xaos baş verir. Görünür, Türkiyənin Əs-Şaraya dayaq durması da əsasən bununla bağlıdır.  Analitiklərin  bununla bağlı fikirləri ziddiyyətli olsa da, unutmaq lazım deyil ki, indiki Suriya iqtidarının başı üzərindəki Domokl qılıncı enə bilər...
 
Əsədin hakimiyyətdən getməsinin bir illiyini qeyd edən indiki Suriya iqtidarı heç də həmin bir il ərzində xalqı vahid bir cəbhədə birləşdirə bilməyib, ölkənin bir problemini həll etməyib, minlərlə  günahsız insanların qanı axıdılıb. Bir sözlə,  hələ də  ölkəni  iqtisadi və hərbi-siyasi kollapsdan çıxara bilməyib. Nəticədə xalq Bəşər Əsədin vaxtındakından da pis  hala düşüb...” 
 
“Türkiyə qoşunlarını Şimalı  Suriyaya girməsi təkcə hərbi məqsəd  güdmür, hər şeydən əvvəl oranı Qətər və Səudiyyə Ərəbistanının təsir dairəsindən çıxarmağa çalışır.  Aydındır ki, Əs-Şara uduzsa, Türkiyə regiondakı islamçı qüvvələr arasında öz nüfuzunu itirər. Hesab edirəm ki, Türkiyə ordusunun Suriyanın şumalına girməsinin əsas məqsədi budur”, - deyə Tahir Cəfərli diqqətə çatdırıb.    
 
 
Link kopyalandı!
Son xəbərlər