Prezident İlham Əliyevin Bratislava səfəri Azərbaycan-Slovakiya münasibətlərinə tarixi töhfədir
Ekskluziv
205
15:17, Bu gün

Prezident İlham Əliyevin Bratislava səfəri Azərbaycan-Slovakiya münasibətlərinə tarixi töhfədir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 8 dekabrt tarixndə Slovakiyaya səfər edib. Səfər əsnasında  Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi, Baş nazir Robert Fitso ilə görüşlər keçirən dövlət başçısı, rəsmi Bakının Bratislava ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, çoxşaxəli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib. Peter Pelleqrini mətbuata bəyanatında bildirib:

“Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var.

Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə”.

Göründüyü kimi, Slovakiya Azərbaycanı mühüm strateji tərəfdaş kimi qiymətləndirir və eyni zamanda, bu əməkdaşlığı inkişaf etdirmək üçün ciddi potensialın mövcudluğuna diqqət çəkir.

Prezident İlham Əliyevin Slovakiya səfəri hər baxımdan önəmli olsa da, bu səfər bəzi istiqamətlər üzrə xüsusilə əhəmiyyət kəsb edir. Bu istiqmaətlər aşağıdakılardan ibarətdir:

Birincisi, İlham Əliyevin Bratislava səfəri Azərbaycanla Slovakiya arasındakı əməkdaşlığın formal xarakter daşımadığını, praktiki baxımdan mühüm önəm kəsb etdiyini göstərdi. Bu səfər sübut etdi ki, hər iki dövlətin bir-brinə münasibəti həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır və bu tərəfdaşlıq çərçivəsində hərbi, iqtisadi, siyasi, mədəni və  s. sahələrdə yeni əməkdaşlıqlar həyata keçirilir.

İkincisi, səfər sübut etdi ki, Azərbaycanla Slovakiya arasında hərbi əməkdaşlıq sahəsində böyük perspektivlər mövcuddur. Azərbaycan öz maliyyə imkanlarından və Slovakiyanın hərbi sənaye təcrübəsindən istifadə edərək hərbi əməkdaşlıq sahəsində ciddi yeniliklər həyata keçirmək niyyətindədir ki, bu niyyət Prezident İlham Əliyevin bəyanatında açıq şəkildə öz əksini tapır:

“Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında Siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.

Sitatdan da məlum olduğu kimi, Azərbaycan Slovakiya ilə hərbi əməkdaşlığı dərinləşdirməklə müharibəyə hazırlaşmaq niyyətində olmdığını bəyan edir. Dövlət başçısı açıq şəkildə qeyd edir ki, Azərbaycan üçün müharibə keçmişdə qalıb. Sadəcə, Slovakiya ilə hərbi əməkdaşlıqda məqsəd bütün dünyada böyük marağa səbəb olacaq yeni hərbi məhsullar ortaya qoymaq, ciddi hərbi texnoloji nailiyyətlərə imza atmaq və təhlükəsizlik imkanlarını gücləndirməkdir.

Üçüncüsü, Prezident İlham Əliyevin Bratislava səfəri göstərdi ki, Azərbaycan Avropanın enerji təhlükəsziliyindəki payını sürətlə artırmaqdadır. Hansı ki, Azərbaycanın Avropa üçün yaratdığı bu imkandan Slovakiya da faydalanmaq niyyətindədir. Slovakiya prezidenti öz açıqlamasında ölkəsinin bu niyyətini aşağıdakı kimi ifadə edir:

“Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək”.

Dördüncüsü, İlham Əliyevin Slovakiyaya səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər iki dövlət arasında informasiya texnologiyaları və data mərkəzlərinin inşası sahəsində də böyük perspektivin olduğunu isbatladı. Prezident İlham Əliyev mətbuata bəyantında bildirdi ki, Azərbaycanın həm enerji potensialı, həm də iqlimi bu sahədə ciddi əməkdaşlığa imkan verir.

Beşincisi, dövlət başçısının Bratislava səfəri iki dövlət arasında mədəni əlaqələrin genişləndirilməsi üçün də yeni zəmin formalaşdırdı. Prezdent İlham Əliyevin Bratislavadakı Devin qəsrini, “Azadlıq qapısı”nı ziyarət etməsi iki dövlətin tarixi-mədəni əlaqələr fonunda da əməkdaşlıqda maraqlı olduğunu ortaya qoydu.

Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan Prezidentinin Bratislava səfəri Azərbaycan-Slovakiya münasibətlərinə böyük töhfə verəcək, tərəfdaşlıq əlaqələrinin hər iki dövlətin milli maraqları konteksində inkişafını stimullaşdıracaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər