Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda dil qaydalarının pozulması ilə bağlı cərimələr tətbiq ediləcəyini bildirib:
“Prezident AMEA-dakı çıxışında konkret məsələyə toxunmuşdu. Bu, xüsusilə dilimizdə, mediamızda əcnəbi sözlərin artıq dərəcədə istifadə oluması idi. Audivizual Şura bu istiqamətdə bir neçə praktiki addımlar atıb. Onlar barədə məlumatlar vermək istəyirəm. Bu günə qədər Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərdən istifadənin qarşısını demək olar ki, tam alıb. Çox nadir hallarda əcnəbi sözlərin reklam çarxında istifadə olunmasını müşahidə edə bilərsiniz. Bu addım ona görə atıldı ki, verilişlərdən fərqli olaraq reklam çarxlarını insanlar təkrar-təkrar görür.
Verilişlərə gəldikdə isə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün TV və radio məkanında təxminən 800 saata qədər məhsul efirə verilir. Prezidentin çıxışından sonra biz bu məsələni yenidən qaldırdıq. Biz bu sözləri tapşırıq kimi qəbul etmişik. Belə bir fikrə gəldik ki, süni intellektdən istifadə edək. Hazırda bir şirkətlə danışdıq, xüsusi bir soft hazırlandı. Hazırda test rejmində işləyir. 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Həmin softla noyabrın ilk 2 həftəsi ərzində TV-ləri monitorinq etdik. Aparıcılar tərəfindən haradasa 3 min dəfəyə yaxın sözlər istifadə olunmuşdu. Məsələn, “okay” sözü 104 dəfə işlənmişdi. Belə sözlər kifayət qədər çoxdur. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir. Biz istəmərik ki, mediamızı cərimə edək, çünki maddi baxımdan vəziyyət çətindir. Lakin etməliyik, başqa çıxış yolu yoxdur”.
Maraqlıdır, ana dilinin təmizliyini cərimə siyasəti ilə qorumaq mümkündürmü? Doğrudanmı cərimə mexanizminin tətbiqi ilə dilimizdəki əcnəbi sözlərin istifadəsi halı ortadan qalxacaq?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hesab edirəm ki, yalnız cərimələrlə ana dilinin saflığını qorumaq mümkün deyil. Biz geniş təbliğat işi aparmalıyıq.
Bu gün qəzetlər sıradan çıxmaq üzrədir. Amma ən təmiz dil qəzetlərdə idi. Çünki oradakı yazılar 4-5 dəfə süzcəkdən keçirdi. Qəzetlərdə korrektor, redaktor, növbətçi redaktor, şöbə müdiri, baş redaktor var idi. Onlar bütün bu məsələlərə baxırdılar. İndi televiziyalarda çalışan və küçədə sorğu aparan jurnalistlər necə gəldi söz deyir, insanların bir çoxu da onların sorğularına moltanı dilində cavab verir.
Bu gün vəziyyət fərqlidir. Ortada korrektor işi yoxdur. Bir yazının içində ən azı 5-6 hərf səhvi var. Mən hələ üslub səhvlərini demirəm. Bu baxımdan şübhəsiz ki, nə isə etmək lzımdır. Lakin yalnız cərimələrlə bu problemi həll etmək mümkün deyil”.
Seymur ƏLİYEV