“Suriya Rusiya düşərgəsinə qayıda bilər...”- Analitik Əsəd rejiminə haqq qazandırdı...
Ekskluziv
159
09:29, Bu gün

“Suriya Rusiya düşərgəsinə qayıda bilər...”- Analitik Əsəd rejiminə haqq qazandırdı...

“Əsəd xalqının qanını tökmədən hakimiyyəti verib getdi Rusiyaya. Baxmayaraq istədiyi ölkəyə gedə bilərdi, o ən sadiq strateji müttəfiqi olan Rusiyaya üz tutdu. Əlbəttə ki, vətənə qayıtmaq ümidi ilə...”
 
“Rusiya hərbi bazalarının orada qalması da Suriyadakı böhranı gücləndirir.  Bura İsrail tərəfindən Suriya torpaqlarının işğalını da əlavə etsəniz, görərsiniz ki, Suriyanın indiki iqtidarını heç də yaxşı günlər gözləmir...”
 
Mediada yazılanlardan bəlli olduğu kimi, Suriyanın keçmiş prezidenti, atası Hafiz Əsədin 30 illik qanlı diktatura kursunu 24 il ərzində “uğurla davam etdirmiş” diktator Bəşər Əsədin devrilməsindən sonra onunla bnirlikdə Rusiyaya qaçan tərəfdarları yeni hökumətə qarşı üsyan qaldırmaq və itirilmiş təsirlərini bərpa etmək ümidi ilə potensial döyüşçülərə milyonlarla dollar köçürürlər. Bu, “Reuters”-in araşdırması nəticəsində üzə çıxarılıb. Agentliyin məlumatına görə, bir il əvvəl Rusiyaya qaçan Bəşər Əsəd yalnız Moskvaya sürgünə getməyə razı olub. Lakin qardaşı da daxil olmaqla, onun yaxın çevrəsindəki digər yüksək vəzifəli şəxslər hakimiyyətin itirilməsini qəbul etməyiblər.
 
“Reuters” jurnalistləri aşkarlayıblar ki, Əsədin keçmiş ən yaxın müttəfiqlərindən ikisi - general-mayor Kamal Həsən və milyarder Rami Məxluf - Suriya sahillərində və Livanda təxribatçı milis dəstələri yaratmaq üçün sanki yarışırlar. Onların planına görə, milislər uzun müddətdir Əsəd ailəsi ilə əlaqəli olan ələvi təriqətinin üzvlərindən təşkil olunmalıdır. Ümumilikdə, bu iki şəxs və hakimiyyət uğrunda mübarizə aparan digər qruplar sədaqətlərini qazanmaq ümidi ilə 50.000-dən çox döyüşçünü maliyyələşdirirlər.
 
Görəsən, bir il öncə üsyançılar tərəfindən devrilərək Rusiyaya sığınmış diktator Bəşər Əsədin tərəfdarları bundan sonra Suriyada hakimiyyətlərini geri qaytarmaq istiqamətində doğrudan da ciddi bir iş görə bilərlərmi?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli gözlənilməz fikirlər səsləndirib:
 
“Suriyada baş  verən hadisələrə birtərəfli baxmaq olmaz. Bəşər Əsədin ölkəni tərk edib getməsi Suriyanı viran qoydu.  Saqqalını sığallayıb qərb qiyafəsində qalstuk tapmaqla ölkə idarə olunmur. Yalançı dini ideologiya ilə insanların xoşbəxt  yaşaması mümkün deyil. ABŞ  tərəfindən yaradılan və onun müttəfiqlərinin iştiraki ilə hakimiyyətə gətirilən qurum Suriyanı idarə edə bilməz. Odur ki, Suriyanı gözləyən iqtisadi kollaps bu ölkənin bütün millət və tayfalarını birləşdirəcək lider gündəmdədir.  Əsəd xalqının qanını tökmədən hakimiyyəti verib getdi Rusiyaya. Baxmayaraq istədiyi ölkəyə gedə bilərdi, o ən sadiq strateji müttəfiqi olan Rusiyaya üz tutdu. Əlbəttə   ki, vətənə qayıtmaq ümidi ilə.  Çünki bilirdi islamçılar hakimiyyəti saxlaya bilməyəcəklər. Təkcə bir faktı qeyd etmək bəs edir. İndiki Suriya iqtidarının ideologiyası bu ölkənin dinlərinə zidd olması bir yana, gəlmələrindir...
 
 Rusiya hərbi bazalarının orada qalması da Suriyadakı böhranı gücləndirir.  Bura İsrail tərəfindən Suriya torpaqlarının işğalını da əlavə etsəniz, görərsiniz ki, Suriyanın indiki iqtidarını heç də yaxşı günlər gözləmir. Nəzərə alsaq ki, Rusiya və ABŞ artıq açıq şəkildə dünyanı bölüşdürür  - hər şey aydın olur. Donald Tramp Vladimir Putini Alyaskaya çağırmaqla özünün ABŞ proteksionizmini ,  Rusiya ilə münasibətdə isə Paritet siyasətini bərpa etdiyinə işarə verdi. Paritet siyasətinin nə olduğunu Çingiz Aytımatov “Əsrdən uzun gün” romanında açmışdı. İki fövqəldövlət arasında paritet siyasəti dünyanı iki düşərgəyə  bilməkdir. Bu saat həmin bölünmə baş verir. Bu proses olmasa,  III Dünya müharibəsi baş verər. Odur ki, Tramp Suriyadan əl çəkə bilər və beləliklə, Suriya Rusiya düşərgəsinə qayıda bilər...”
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər