Ədalətiniz yoxdur, bilirik, bəs ləyaqətiniz?
Ekskluziv
358
21:30, Bu gün

Ədalətiniz yoxdur, bilirik, bəs ləyaqətiniz?

Məlum olduğu kimi 2 dekabr 2025-ci il tarixində Avropa İttifaqı (Aİ) və Ermənistan arasında “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədi imzalanıb. 64 səhifəlik sənəddə ikitərəfli münasibətlərin dərinləşdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Şübhəsiz, Ermənistanın hər hansı bir dövlət və ya beynəlxalq təşkilatla əməkdaşlıq edib-etməməsi bu dövlətin öz işidir və üçüncü bir tərəfə qarşı yönəlmədiyi təqdirdə bu əməkdaşlıq heç kim üçün maraq kəsb etmir. Lakin 2 dekabr tarixində imzalanan “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədində Azərbaycan, daha doğrusu, yaxın tarixi dönəmlə bağlı ciddi yalanlar yer alır ki, bu da həmin sənədi bizim üçün müzakirə obyektinə çevirir.

Sənədin 4-cü səhifəsində post-müharibə dönəmində Qarabağdan Ermənistana köçən şəxslərdən danışarkən “didərgin salınmaq” ifadəsi işlədilir ki, bu ifadə absurd olmaqla yanaşı, həm də böyük bir tarixi həqiqətin təhrif olunmasıdır. Çünki hər kəsə məlumdur ki, Qarabağdakı ermənilər bu bölgəni hər hansı məcburiyyət olmadan, könüllü şəkildə tərk ediblər. Bunu həmin ermənilərin mediaya verdiyi müsahibələr də təsdiq edir. Qarabağı könüllü tərk etdiklərini bildirdikləri halda, həmin ermənilərin didərgin salındıqlarını iddia etmək siyasi əxlaqsızlıq və ədalətsizlikdir. Hansı ki, biz Avropa İttifaqının ədalətsiz davranışlaırna əvvəllər də şahid olmuşuq. Vaxtiylə Ermənistanın yurd-yuvasından ayrı saldığı bir milyondan çox qaçqını didərgin adlandırmayan Avropa İttifaqının, indi tarixi torpaqlarımızı könüllü tərk edən  bir ovuc erməni haqqında bu ifadəni işlətməsi, adıçəkilən qurumun qərəzli və ədalətsiz münasibətindən xəbər verir.

Başqa sözlə desək, Avropa İttifaqının ədalətsiz davranışı Azərbaycan üçün yeni bir şey deyil və heç kimdə təəccüb doğurmur. Lakin “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədində Qarabağı könüllü tərk edən, evinin bütün əşyasını, hətta zibil qabını belə özü ilə aparan erməniləri didərgin adlandırmaq Avropa İttifaqında ləyaqət probleminin də mövcud olduğunu göstərir. Əgər belə olmasaydı, o zaman adıçəkilən qurum bu böyüklüyündə yalan uydurmağı, bu yalanı dilə gətirməyi özünə sığışdırmazdı.

Anlaşılan budur ki, bu həyatda hər şey doğrudan da bir-biri ilə bu və ya digər dərəcədə əlaqədardır. Görünür, ədaləti olmayanın, ləyaqəti də olmur.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər