Ekskluziv
195
15:44, Bu gün

"Putin-Tramp xətti: Bədən dili Moskvadakı danışıqların əsl tonunu açır" - "The Mirror"

 
"Putinin bədən dili çox vaxt yanlış olur və Kreml sahibi bunu bilərəkdən edir..."
 
Bədən dili üzrə ekspert Cudi Ceyms Vladimir Putinin Uitkoff və Kuşnerlə görüş zamanı davranışlarını təhlil edərək gözlənilməz nəticəyə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Mirror" nəşri yazıb.
 
Moskva və Vaşinqton Ukrayna üzrə ortaq xətt tapıbmı?
 
Ekspertin müşahidələrinə əsasən, Putin özünün məşhur "güc nümayişi texnikasından" imtina edib və ABŞ nümayəndələrini qeyri-adi dərəcədə isti qarşılayıb. Ceyms hesab edir ki, bu, Moskva və Tramp administrasiyasının Ukrayna məsələsində müəyyən ortaq hədəflər tapdığına işarədir.
 
Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Moskvaya yeni atəşkəs təkliflərini müzakirə etmək üçün gəliblər. Qonaqlar paytaxtda qırmızı xalça, yüksək səviyyəli nahar və səmimi mühitlə qarşılanıb, baxmayaraq ki, Putinlə görüş üçün bir neçə saat gözləmək məcburiyyətində qalıblar. Ekspertlərin fikrincə, bu münasibət tərəflər arasında tonun dəyişdiyini göstərir.
 
"Uzaq məsafə diplomatiyası" işə salınmadı
 
Cudi Ceyms bildirib ki, Putin bu dəfə danışıqları özünün məşhur, nəhəng masası arxasında aparmayıb. Onun sözlərinə görə, Krem sahibi bu masa ilə illərdir ki, rəqiblərini psixoloji cəhətdən sıxışdırıb - fiziki məsafə liderlər arasında güc balansını dəyişir, onları "uzaqdan danışan" tərəfə çevirirdi.
 
Lakin ABŞ nümayəndə heyəti ilə görüşdə tam əks mənzərə ortaya çıxıb: masa kiçik, mühit isə daha "kameralı" və səmimi olub. Putin Uitkoffun düz qarşısında, lakin masanın mərkəzinə yaxın əyləşib - bu, qarşıdurmadan çox dialoqa açıq jest kimi qiymətləndirilir. 
 
Ekspert deyir ki, bu düzülüş Kreml rəhbərinin üstünlük nümayiş etdirmək niyyətində olmadığını göstərir. Ceyms həmçinin əlavə edib ki, hər iki tərəfin bədən dili "xoş niyyət" siqnalları verib. Uitkoffun üzündəki təbəssüm cizgiləri, Putinin sakit və rahat görünməsi, onun əl və üz jestləri - bütün bunlar görüşdən məmnunluq hissini əks etdirib.
 
Köhnə DTK məktəbinin ikili siqnalları və danışıqların real nəticəsi
 
Bununla belə, ekspert xəbərdarlıq edir: Putinin bədən dili çox vaxt yanlış olur və Kremlin sahibi bunu bilərəkdən edir. O, xatırladıb ki, bir müddət əvvəl Alyaskada Tramp və Putin arasında keçirilmiş görüş də "dostluq jestləri" ilə dolu olub, lakin nəticə baxımından demək olar ki, heç nə dəyişməyib.
 
Moskvadakı danışıqlar gecəyə qədər davam edib və yalnız gecə yarısından sonra başa çatıb. Atmosferin rahat olmasına baxmayaraq, iştirakçılar görüşün məzmunu barədə ehtiyatla danışırlar. Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev danışıqları "səmərəli" adlandırıb, lakin detallar açıqlanmayıb.
 
Ekspert sonda qeyd edir ki, Moskvanın bədən dili yumşalıb, amma siyasətdə jestlər hər zaman həqiqəti əks etdirmir. ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı real razılaşmanın olub-olmadığını isə yaxın günlər göstərəcək.
Link kopyalandı!
Son xəbərlər