“SSRİ DTK əməkdaşları məni və Əbülfəz Əliyevi otaqlardan birinə apardılar...”
Ekskluziv
366
11:41, Bu gün

“SSRİ DTK əməkdaşları məni və Əbülfəz Əliyevi otaqlardan birinə apardılar...”

“Məncə əli silahlı əsgərlərin gözü qarşısında ruhən və cismən əzilmədən meydanı tərk etmək daha ağıllı bir variant idi. Ancaq meydanın “hökumətin əli ilə” yığıldığını uyduranlar onun hökumətin əli ilə də dağılmasını təşkil edərək, camaata böyük məğrurluqla daxil olduğu meydanı  ondan az olmayan məyusluqla tərk etdirdilər…”
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
(Əvvəli burada:)              
 
Ənvər Əliyev “Meydan sirləri” kitabının 189-191-ci səhifələrində aşağıdakı sənəd, fakt və hadisələri təqdim edir:
 
"Sәnәd:
 
Nemәt Pənahov: 
 
(4 may 1989-cu il ifadəsindən, III cild, s. 7-8).
 
“Dekabrın 2-də meydanda mənə SSRİ DTK-nın əməkdaşı yaxınlaşdı və axşam saat 8-də “Azərbaycan” mehmanxanasının yanında görüşməyi təklif etdi. Ətrafımdakıların mənim həbs olunmağımdan ehtiyat edərək bu görüşə getməyimi məsləhət görməmələrinə baxmayaraq mən razılıq verdim. Müəyyən olunan vaxt mən, Əbülfəz Əliyev və İsa Qəmbərovla mehman-xanaya gəldim. DTK işçiləri məni və Əbülfəz Əliyevi mehmanxana otaqlarından birinə apardılar. Orada bizi SSRİ və Azər-baycan SSR DTK-nın nümayəndələri gözləyirdilər. Onlar mənə meydandakı ictimai qaydaları pozan, milli ədavəti qızışdıran hərəkətlərin yolverilməz olduğuna dair rəsmi xəbərdarlıq etdilər... Mən faciəyə düçar olmadan xalqın meydandan çıxarıl-masında özümün də maraqlı olduğumu söylədim... 
          15 mart protokolundan,( s. 14-15).
     
 
... Dekabrın 3-də Bakı şəhər xüsusi rayonunun komendantı odlu silahın olub-olmamasını yoxlamaq məqsədilə şərait yaradılmasını məndən xahiş etdi. Mən meqafonla mitinq iştirakçılarından bu işdə hərbçilərə maneçilik törətməmələrini xahiş etdim. Meydanın o cümlədən çadırların yoxlanması zamanı silah aşkar edilmədi... 
     
...Dekabrın 4-də (bazar günü idi) gecə meydandakı adamları projektorla işıqlandırırdılar. Əsgərlər meydanı mitinqçilərdən təmizləməyə başlayırdılar, onları rezin dəyənəklə vururdular...
 
...Bu vaxt məni əsgərlərdən müdafiə etmək istəyən bir dəstə gənc əhatəyə aldı. Sevda adlı bir qız isə (mən onun adını sonra öyrəndim) mənim yanıma atıldı, mənimlə birlikdə ölməyə hazır olduğunu bildirdi. Qarmaqarışıqlıq vaxtı qız asfalta yıxıldı... Dəniz vağzalının binası yanında təcili yardım maşınları və avtobuslar dayanmışdılar. Qız yaralı olduğu üçün mən onu oraya apardım... Təcili yardım maşınında Sevda ilə birlikdə meydandan çıxdım... Maşın yaralı mitinq iştirakçılarını Semaşko adına (indiki M.Nağıyev adına –Ə.Ə) xəstəxanaya aparırdı. Yolda altı nəfər, o cümlədən mən də Sevda ilə maşından düşüb zavodun yataqxanasına yollandıq. Mən Hacıyeva Sevdanı yataqxanaya apardım. Sonra huşumu itirdim. Özümə gələndə Sevda başımın üstə idi və halımı soruşurdu. Sonra Sevda mənə bankə qoydu. Mən ona getməyi xahiş etdim. O isə birlikdə ölməyimizi dedi. O özü də xəstə idi. Biz bir yerdə  - o polda, mən isə kravatda yatmalı olduq. Birdən qapı döyüldü. Əsgərlər, əlisilahlılar içəri girib əlimi qandallayıb Şüvəlana apardılar. Sevdanı məndən ayırdılar”. ( Rus dilindən tərcüməçi – Sadıqova Şərqiyyə Tahir qızı.)
         7 dekabr 1988-ci il ifadəsindən (I cild, s. 81,).
 
Beləliklə, 19 gün davam edən, respublikamızın tarixində tayı-bərabəri olmayan, Milli birliyimiz və ərazi toxunulmazlığımız naminə neçə-neçə dəyənəkli milis cərgələrini yarıb Lenin adına meydana toplaşan on minlərlə camaatı sonda güclə dəyənəklə oradan çıxardılar. Lakin qeyd edildiyi kimi, özümüz gəldiyimiz kimi, özümüzün də dağılmağımız daha düzgün olardı. Məncə əli silahlı əsgərlərin gözü qarşısında ruhən və cismən əzilmədən meydanı tərk etmək daha ağıllı bir variant idi. Ancaq meydanın “hökumətin əli ilə” yığıldığını uyduranlar onun hökumətin əli ilə də dağılmasını təşkil edərək, camaata böyük məğrurluqla daxil olduğu meydanı  ondan az olmayan məyusluqla tərk etdirdilər. Sağlam düşüncə və böyük təşkilatçılıq qabiliyyətinin məhsulu olan bu hərəkat, ünvanına deyilən yerli-yersiz ittihamlara baxmayaraq, milli azadlıq uğrunda mübarizə tariximizin ən şərəfli səhifəsinə çevrirdi və onun başlandığı 17 noyabr 1988-ci il günü tarixdə Azərbaycanın Milli Dirçəliş günü kimi ədəbiləşdi…(Azәrbaycan Respublikası Milli Mәclisinin 1992-ci il qәrarı.) 
 
1989-cu ildə ABŞ-ın nüfuzlu “Nyus veek” jurnalının sorğusuna görә isә “İlin xalqı” elan olunduq. Bundan başqa,  bu mitinqlərlə biz әrazi bütövlüyümüz  uğrunda gedən  mübarizәnin dinc dövründә üstünlüyün tam bizim tәrәfimizdә olduğunu da sübut etdik...”
 
   (Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər