Azərbaycan xalqının meydanda Rusiya imperiyasına qarşı hərəkatı Artur Rasizadənin bu qərarıyla dağıdıldı...
Ekskluziv
603
21:41, Bu gün

Azərbaycan xalqının meydanda Rusiya imperiyasına qarşı hərəkatı Artur Rasizadənin bu qərarıyla dağıdıldı...

“Azərbaycan SSR Daxili İşlər Nazirliyi (nazir A.İ.Məmmədov), Dövlət Təhlükəsizliyi Komitəsi (sədr İ.İ.Qorelevski), Bakı şəhər xüsusi rayonunun ştab rәisi (general-leytenant M.A.Kolesnikov) ilə birlikdə 5 dekabrda V.İ.Lenin adına meydanı cəmiyyətə yad ünsürlərdən təmizləmə tədbirləri həyata keçirsinlər...” 
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
(Əvvəli burada:)
 
Dekabrın 4-də meydanda adamların sayı lap az idi. Əksinə, milis qüvvələri xeyli artmışdı. Həmin gün Bakı şəhər komendantı partiya və hökumət adından mitinqin dağıdılmasını tələb edir, əks təqdirdə güc tətbiq ediləcəyini tez-tez bildirirdilər. Əsgərlər meydanı üzük qaşı kimi əhatəyə alıb, camaatı ora buraxmırdılar. Tək-tək hallarda güclü axınla oraya daxil olanları nəzərə almasaq, meydan tam mühasirədə idi. Axşama yaxın meydanda 5- 6 min adam – əsasən Nemətin adamları qalırdı. Mən soyuq və aclıqdan evə gəlməli oldum. Evə çatanda öyrəndim ki, gecə orada qalmaq istəyən yataqxana qonşularımız artıq gediblər. Adəti üzrə yataqxana sakinləri növbələşərək gecə-gündüz meydanda birbirini əvəz edirdilər...
 
Səhər tezdən çox böyük səs-küyə oyandım. Alatoranlıqda pəncərədən bir dəstə tələbənin “Tətil”, “Azadlıq” qışqıra-qışqıra keçdiyini gördüm. Tələsik geyinib çölə çıxanda qapımın ağzına yapışdırılmış əllə yazılan bir vərəq kağızı güclə oxuya bildim. Burada yazılmışdı ki, bu gecə rus əsgərləri səhərə yaxın meydanı zor gücünə dağıtdılar. Meydan çoxlu günahsız insanların qanına bulaşmış, tanklar altında əzilmiş neçə-neçə kişi və qadın meyitləri ilə dolmuşdur. Sonra orada camaatı küçələrə çıxartmaq tələb olunurdu. Aşağıda isə Nemət Pənahlının adı yazılmışdı (Pənahov yox, məhz Pənahlı – Ә.Ә.). Mən dərhal onu qoparıb cibimdə gizlətdim. Aşağı düşəndə eyni xətlə yazılmış həmin kağızdan birini də yataqxanamızın girəcəyindəki qapının üstündə gördüm. Onu da eyni qaydada qoparıb geri qayıtdım. (Təəssüf ki, axtarış vaxtı o kağız mənim sənədlərim içərisindən itmişdi.) 
 
Qorxu və təlaş içində tir-tir əsirdim. Özümü güclə yatağa sala bildim. Üstümü yorğanla bərk-bərk örtsəm də üşüdürdüm. Həyatımda heç vaxt belə ağır dəqiqələrim olmamışdı. İstər-istəməz İsa Qəmbərovla noyabrın 24-də səhərüzü  tonqal başındakı söhbətimizi xatırladım. Başımda yüz cür fikir dolaşırdı. Bir qədər keçəndən sonra özümü ələ ala bildim. Ayağa qalxıb koridora çıxdım. Oradakı söhbətlərdən anladım ki, yazılanların çoxu yalandır. Meydandan evə gəlib çıxmış qonşularım da yalnız döyüldüklərini söyləyirdilər. Onların dediklərinə görə, əsgərlər camaatı qovub avtobuslara doldurur, aparıb şəhərin müxtəlif yerlərində buraxırlarmış. Huşunu itirənləri isə təcili yardım maşınlarına qoyub aparırlarmış. Nemət də belə maşınların biri ilə meydandan çıxıb…
                                                               Sənəd:V.İ.Lenin adına meydanda keçiriləcək tədbirlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 04 dekabr 1988-ci il 428 saylı  qərarı:
 
Bakı şəhərində xüsusi vəziyyət və komendant saatı olmasına baxmayaraq V.İ.Lenin adına meydanda toplanmış xeyli əhalinin, o cümlədən, cəmiyyətə zidd ünsürlərin ucbatından bura antisanitariya vəziyyətinə düşmüş, bir çox ictimai mülkiyyətə zərər dəymiş, yaşıllığa xeyli xətər yetirilmişdir. Ona görə də Azərbaycan  SSR Nazirlər Soveti  qərara alır:
 
Azərbaycan SSR Daxili İşlər Nazirliyi (nazir A.İ.Məmmədov), Dövlət Təhlükəsizliyi Komitəsi (sədr İ.İ.Qorelevski), Bakı şəhər xüsusi rayonunun ştab rәisi (general-leytenant M.A.Kolesnikov) ilə birlikdə 5 dekabrda V.İ.Lenin adına meydanı cəmiyyətə yad ünsürlərdən təmizləmə tədbirləri həyata keçirsinlər.  
 
Azərbaycan SSR Nazirlər Sovetinin birinci müavini:  
                                                                          A.Rəsizadə                                                                                   
İşlər müdiri:                       M.Nəzərov.
 
Bu qәrara müvafiq olaraq gecə saat 5.12-də V.İ.Lenin adına meydan təmizlənmişdir. Rәsmi mәlumata görә N.Pənahova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun “boyevik”ləri meydanı könüllü tərk etməmişlər. Əməliyyat zamanı F.Dzerjinski  adına Daxili Qoşunların şəxsi heyəti və digər qüvvələrdən istifadə etməklə meydan zorla təmizlənmişdir. Əməliyyat 20 dəqiqə davam etmişdir. Minə qədər adam tutulub müxtəlif yerlərə paylanmışdır. Zəif müqavimət göstərildiyi üçün məcburi sıxışdırma əməliyyatı keçirilmişdir. İtki yoxdur. 5 nəfər bədən xəsarəti alıb. Şəxsi heyətdən zədə alan olmayıb. Əməliyyata 7450 şəxsi heyət, 116 zirehli texnika və iki ədəd Xəzər dənizi flotunun gəmisi cəlb edilmişdir. Bütün gecə ərzində komendant saatını pozduğu üçün 299 şəxs və 37 avtomaşın saxlanılıb, 9 nəfər həbs edilib, bir ədəd soyuq silah götürülmüşdür. Əsas qüvvə  kütləvi dava-dalaşın qarşısını almaq məqsədilə şəhərin erməni əhalisi olan sahələrinə yeridilir. Eyni vaxtda Azərbaycan SSR-in sənaye obyektləri, kommunikasiyalar və nəqliyyatın qorunmasına səfərbər edilir. 
        
Bakı şəhəri, xüsusi rayonun ştab rəisi general-leytenant  M.Kolesnikov (XXVIII cild, s. 138). 
    
 [Cinayət işinin elә һәmin cildində dekabrın 4-5-də meydan dağılarkən xüsusi saxlama yerlərinə göndərilənlərin siyahısı verilib. 54 səhifəlik bu cədvəldə hər səhifədə 67 nəfər adamın adı, familiyası, atasının adı, doğulduğu yer, ailə vəziyyəti, iş yeri və digər məlumatlar qeyd olunmuşdur. Tutulanların əksəriyyəti Naxçıvan MSSR və Ermənistanda anadan olmuşlardır].
 
Bundan başqa, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Qaraqaşlının istintaq qrupuna verdiyi rəsmi məlumatda bildirilir ki, (16 mart 1989-cu ildən 7/2057/17№-li məktuba əsasən) 1988-ci il 17 noyabr – 5 dekabr tarixdə V.İ.Lenin adına meydanda keçirilən mitinqlər zamanı V.İ.Lenin adına meydan və ona bitişik ərazilərə 2 milyon 180 min manat ziyan dəymişdir. Həmçinin Dövlət Statistika İdarəsinin məlumatına görə 21 noyabr 1989-cu ildən 30 noyabra qədərki  müddətdə Bakı şəhərinin müəssisələrində 89 milyon 601 min manatlıq məhsul istehsal edilməmişdir (DSİ-nin istintaq qrupuna  13 mart 1989-cu ildə göndərdiyi 10/19 saylı cavab məktubunda belə deyilir. (XXVIII cild, s. 170).
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə hazırıq.
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər