İrəvanda repressiya rüzgarı və Qərbin ənənəvi “korluğu”...
Ekskluziv
226
18:31, Bu gün

İrəvanda repressiya rüzgarı və Qərbin ənənəvi “korluğu”...

Bugünlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan maraqlı açıqlama ilə çıxış edib.

Baş nazir bildirib ki, ölkəsindəki yoxsulluğun səbəbi iş yerlərinin çatışmazlığı deyil. Səbəb vətəndaşlar arasında lazımi bacarıqların olmamasıdır. Bu səbəbdən də Paşinyan yoxsulluğun öhdəsindən gəlmək üçün vətəndaşlar üçün təlimlər keçirməyə ehtiyac olduğunu bildirib.

Paşinyanın bu açıqlaması Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Erməni cəmiyyətinin bir qismi hesab edir ki, Paşinyanın ölkədəki yoxsulluğa görə xalqı ittiham etməsi qeyri-etik və yolverilməzdir. Bu, xalqın öz lideri tərəfindən təhqir edilməsi, alçaldılması deməkdir. Müxalif dairələr hesab edir ki, ölkədəki yoxsulluğun yeganə səbəbi Paşinyan rejiminin yarıtmaz fəaliyyəti, səriştəsizliyidir. Buna görə də müxalif kəsimin fikrincə, baş nazirin xalqı deyil, özünü və öz komandasını ittiham etməsi daha məntiqli olar.

Ümumiyyətlə, Ermənistan baş verən proseslərin təhlili hakimiyyətlə xalq arasında çoxdan bəri mövcud olan uçurumun son illər daha da dərinləşdiyini göstərir. Bu tendensiya özünü hakimiyyətin müxalifətə yönəlik təzyiq və basqıları artırmasında, repressiya mexanizmini işə salmasında, medianın kütləvi şəkildə susdurulmasında, dini kəsimin aşkar şəkildə sıxışdırılmasında göstərməkdədir.  

Ermənistanda müxalifətə tutulan divan

Paşinyan rejiminin son bir ildə həyata keçirdiyi siyasətin təhlili göstərir ki, baş nazir hakimiyyətini qorumaq, növbəti seçkilərə mümkün qədər rəqibsiz getmək üçün müxalifətin qəti şəkildə susdurulmasını vacib hesab edir. Ermənistan hakimiyyəti bunun üçün əsasən iki təzyiq metodundan istifadə edir. Bunlardan biri müxalifətin hakimiyyətyönlü media vasitəsilə tamamilə gözdən salınması, onların xalqın nəzərində etibarsızlaşdırılmasıdır. Rəsmi İrəvan elə bir ictimai-siyasi mühit formalaşdırmağa çalıır ki, bu mühitdə təmsil olunan hər bir vətəndaş müxalifəti satqın, simasız, xəyanətkar kimi tanısın və heç bir halda ona etibar etməyi ağlından belə keçirməsin.

Ermənistanda müxalifətə qarşı təzyiq siysətinin ikinci bir elementi isə inzibati rıçqlardan, eləcə də hüquq-mühafizə orqanlarından istifadə etməklə müxalifət liderlərini həbslərə məruz qoymaq, onların iradəsini zor gücünə sındırmaqdır. Başqa sözlə desək, rəsmi İrəvan müxalifəti sadəcə ictimai rəydə simasızlaşdırmır, eyni zamanda, onu fiziki baxımdan da yox etməyə, şikəst qoymağa çalışır. Nümunə üçün qeyd edək ki, Ermənistan parlamentinin keçmiş deputatı, siyasi xadim Ruben Akopyan Ermənistanda cari ilin 19 iyul tarixində  “hakimiyyətin devrilməsinə ictimai çağırışlar” ittihamı ilə həbs edilib.

2025-ci ilin noyabr ayında Ermənistanda müxalifət fəalları və podkast aparıcıları Narek Samsonyan və Vazgen Sağatelyanın Ermənistanın təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılması, müxalifətin keçirdiyi aksiyalara qoşulan gənclərin, eləcə də universitet tələbələrinin sərt şəkildə cəzalandırılması rəsmi İrəvanın müxalifəti həmişəlik susdurmaqda qərarlı olduğunu göğstərir.

İrəvanın zorakılığı fonunda Qərbin və Avropa İttifaqının  müəmmalı susqunluğu

Ermənistnda baş verən proseslər fonunda diqqət çəkən məqamlardan biri də Qərb dövlətlərinin, Avropa İttifaqının susqunluğudur. Dünyanın ən müxtəlif ölkələrində  xırda bir pozuntuya belə çevik reaksiya verən Avropa İttifaqının Ermənistandakı silsilə həbs və repressiyalara bir kəlmə ilə də olsa reaksiya verməməsi, Qərbin ikili standartara sadiqliyindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, müasir Qərbi düşündürən əsas məsələ insan haqları deyil, fərdi marağıdır və o

yerdə ki, bu maraq təmin olunub, orada insan haqlarının vəziyyəti Qərb üçün heç bir önəm kəsb etmir. Məhz buna görə də Qərb və onun təsis etdiyi beynəlxalq təşkilatlar kütləvi hüquq pozuntularını görməzdən gəlir, demokratik dəyərlərin deyil, öz ambisiyalarının keşiyində dayanır. Və belə olduğu üçün də Paşinyan rejimi demokratiya adı altında bütün rəqiblərini dünyanın gözü önündə amansızcasına susdurmaqda davam edir...

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər