Emin Əmrullayev bunu “görməyə” də, dinməyə də bilərdi, amma etmədi...
Ekskluziv
164
20:25, Bu gün

Emin Əmrullayev bunu “görməyə” də, dinməyə də bilərdi, amma etmədi...

Məlum olduğu kimi, Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazıb, “tag” edildiyi mesajları cavablandırıb. Nazirin bu addımı əksəriyyət tərəfindən təqdirlə qarşılanıb və Azərbaycan reallığında nadir hadisə olduğu üçün müzakirələrə səbəb olub.

Hər şeydən öncə qeyd edək ki, Emin Əmrullayev ölkəmizdə  ən çox tənqid edilən nazirlərdən biridir və bunun əsas səbəbi onun rəhbərlik etdiyi sahədəki problemlərdən qaynaqlanır. Çünki təhsil sektorunda həqiqətən də ciddi problemlərin və çoxsaylı nöqsanların olduğu məlum həqiqətlərdən biridir. Emin Əmrullayevin nazir kimi baş verənlərə görə məsuliyyət daşıdığı da birmənalıdır. Lakin bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, nazirin sosial mediada ona ünvanlanan sual və müraciətləri bilavasitə cavablandırması son dərəcədə təqdiredici bir hadisədir və mütləq mənada alqışlanmalıdır. Əslində Elm və təhsil nazirinin bu davranışı onun xarakteri, ictimai rəyə münasibəti, insani xüsusiyyətləri haqqında kifayət qədər çox şey deyir.

Bu, hər şeydən öncə onu göstərir ki, Emin Əmrullayev əksər məmurlardan fərqli olaraq, ictimai rəyə biganə deyil, bu rəyi nəzərə alır.

İkincisi, məlum hadisə onu deməyə əsas verir ki, sadə vətəndaşların suallarını cavablandırmağı özünə sığışdırmayan, bunu qəbahət sayan bir çox həmkarının əksinə olaraq, Emin Əmrullayevdə belə bir kompleks yoxdur. Əksinə, o, sıradan bir insan kimi sadə vətəndaşlarla sosial media üzərindən səmimi ünsiyyət qurur, öz fikir və düşüncəsini azad şəkildə dilə gətirir, polemikam aparır.

Üçüncüsü, Emin Əmrullayev sosial mediadakı bu davranışı ilə isbatladı ki, o, nazir olmağına baxmayaraq, sadə vətəndaşlar üçün əlçatandır və istənilən insan sosial şəbəkələr vasitəsilə  onunla asanlıqla əlaqə yarada bilər.

Dördüncüsü, Elm və təhsil naziri bununla göstərdi ki, o, tənqiddən qorxmur və hər cür sağlam tənqidə açıqdır.

Bəli, Emin Əmrullayev onu hədəf alan sual və mülahizəni “görməyə” də, bu mülahizələrlə bağlı dinməyə də bilərdi. Lakin o, bunu etmədi. Bunu öz ləyaqətinə, vicdanına sığışdırmadı. Və elə bir tək buna görə onu alqışlamağa dəyər.

Ümid edək ki, digər nazirlər də Emin Əmrullayevin sadəlik və təvazökarlığından dərs çıxaracaq, heç olmasa ara-sıra da olsa vətəndaşların səsini eşitmək zəhmətinə qatlaşacaqlar...

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər