“Rüşvətin kökünü kəssək, xalq ayağa qalxar...”- Ramiz Mehdiyev
Ekskluziv
486
11:11, Bu gün

“Rüşvətin kökünü kəssək, xalq ayağa qalxar...”- Ramiz Mehdiyev

“Doğrudan da adam öz ətrafına baxır, rüşvətə, rüşvətxorluğa səmimi olaraq nifrət edən barmaqla sayılası adam tapmaq olar. Halbuki, rüşvətə, rüşvətxorluğa ən qatı düşmənlərimizdən də çox nifrət etməliyik...”
 
..Bu məmləkətin külli müşkül, problem, xəta, günah, cinayət, bəla və faciələrinin baiskarı olaraq hazırda villa dustağı kimi ağır cəza çəkən Ramiz Mehdiyev ötən əsrin 70-ci illərindən bəri bu zavallı xalqı bir çox xroniki, keçici, infeksion xəstəlik və mərəzlərə də mübtəla edib və etdirib. Məsələn, xəbərçilik, çuğulluq (sabiq böyük qardaşımızın, indiki mehriban, qayğıkeş, şirindil strateji müttəfiqimizin dili ilə desək, “stukaçlıq”), yaltaqlıq, məddahlıq, namərdlik, mərdiməzarlıq, regionbazlıq, yerlibazlıq, tayfabazlıq, tərifbazlıq, ...bazlıq, ...bazlıq, ...bazlıq, saxtakarlıq, dələduzluq, rüşvətxorluq, korrupsionerlik və s. və i.a.  Özü də bu xəstəlikləri törədən virusların hamısının anti-viruslarını hazırladıb, əmbə yüklədib bir 40 vaqonluq qatara və göndərib Kremlə ki, nə vaxt bu xalq son nəfərinədək Moskvanın dediyi ilə oturub-durar, yalnız ondan sonra həmin anti-virusları Bakıya qaytardıb qayğıkeş doktorumuz TƏBİB-in vasitəsilə hər bir vətəndaşa yeritmək olar... 
 
Hələ mən uşaq idim, qulağım çalırdı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi işləyən Ramiz Mehdiyev deyib ki, Naxçıvan yalnız siyasətçi yetişdirir, Qarabağ isə yalnız manıs, xanəndə... Bax, onun yetişdirdyi regionbazlıq, yerlibazlıq xəstəliyinin əsas virusunun kodu məhz bu 7 sözdə gizlənibmiş...
 
Əmbə böyüdükcə öyrəndim və canımda-qanımda hiss etdim ki, həmin mərəzlərdən ən təhlükəlisi rüşvətxorluq və korrupsionerlikdir... Buna görə də hələ ali məktəbin ikinci kursunda oxuyarkən qərara gəldim ki, instutut tələbələri arasında “Rüşvətxorluğa qarşı mübarizə komitəsi” yaradım... Bir neçə özüm kimi ağlı başından qaçmış tələbəni toplayıb həmin qurumun nizamnaməsini, proqramını-filanını hazırlayıb institutun foyesindəki elanlar lövhəsinə yapışdırdıq. Ertəsi gün gəldik ki, elan qopardılıb. Bir də yapışdırdıq... O biri gün gəldik ki, yenə qopardılıb- bir də yapışdırdıq... Bu minvalla bir gün pusquda durub güddük ki, dərslər bütün dərslər bitəndən sonra həmin elanı qopardan heç ali məktəb rəhbərliyi deyil, bir qrup rüşvətxor müəllim və onların rüşvət aldığı onlarla tələbədir... Hamısı yığışıb lövhənin qabağına və həmin elanı yazıb ora yapışdırınları söyə-söyə onu qoparırlar... Müəllimlər deyirdi ki, “bu mərdiməzarlar bizim gül kimi, halal çörəyimizə bais olmaq istəyir”, tələbələr isə deyinirdi ki, “ayə, bu yaramazlar imkan verməyəcək bu institutu əla qiymətlərlə bitirib qırmızı diplomumuzu alaq... Əlqərəz,  məlum oldu ki, institutun əksər müəllimləri rüşvət alan, əksər tələbələri də rüşvətverəndir... Belə olan halda rüşvətxorluğa qarşı mübarizə heç bir effekt verməzdi... Bu mərəzin qarşısını yalnız uşaq bağçalarından başlayaraq güclü maarifləndirmə işi ilə almaq olardı... Fəqət, haman Ramiz Mehdiyev hər bir vətəndaşın beyninə “beşikdən məzaradək rüşvət verin və alın!” virusunu çoxdan yerləşdirmişdi... 
 
Təsəvvür edin ki, oxuduğum 30 nəfərlik qrupda birdən elə olurdu ki, sessiya imtahanlarında məndən başqa uzaqbaşı, iki tələbə müəllimə rüşvət vermirdi... Müəllimlər arasında da rüşvət almayanlar barmaqla sayılırdı... 
 
Xülasə, tale elə gətirdi ki, bir xeyli müddət jurnalistliklə paralel müəllim də işlədikdən sonra cəmi bir il məktəb direktoru işlədim. Heç bir müəllimdən, yaxud valideyndən rüşvət, hədiyyə-filan almır, eyni zamanda təhsil şöbəsində nə müdirə, nə baş müsahibə bir qəpik də vermirdim. Amma görürdüm ki, həm məktəbdə, həm də şöbədə əksəriyyət mənə bir cür baxır. Xüsusən, şöbədə o biri direktorlarla gülüb-danışan bəziləri məni görəndə elə bil, qutuda ilan görürdülər... Yəqin, aralarında deyirmişlər ki, ayə, bu, deyəsən, azərbaycanlı deyil, Marsdan gəlib... Axırda da  bütün bu neqativ baxışlara görə vəzifədən istefa verəndə qulağım çalırdı ki, nəinki tabeliyimdə olmuş işçilər və təhsil şöbəsinin əməkdaşları, eyni zamanda yaxın qohumlarım da deyirlər ki, ə, deyəsən, bunun başı çatmır,  başqaları kimi oturub gül kimi vəzifədə yeyib-dağıtmır, fərasəti yoxdur... Bəziləri elə üzümə də deyirdi...  
 
Bu yaşayıb-gördüklərimin özü artıq bütövlükdə xalqın rüşvətə münasibəti barədə müəyyən bir nəticəyə gəlməyə imkan verir. Sanki rüşvət virusu insanlarımızın əksəriyyətinin qanına yox e, birbaşa geninə, qan yaddaşına yeridilib. Və bu mərəz yalnız təhsildə deyil, bütün sahələrdə özünü göstərir... Bəzilərinə deyəndə ki, rüşvət verib-almaqdan uzaq durmaq lazımdır. Deyir ki, sən nə danışırsan, rüşvətsiz dolanmaq olar. Adicə küçədə səni biri hansısa xətana görə saxlayıb 300 manat rəsmi cərimə etdirmək istəyir, sən onu bir küncə çəkib deyirsən ki, kasıb adamam, 30 manatı nağd verim qoy cibinə- bir də əziyyət çəkib kağız yazma, heç elə bil, məni görməmisən... Bunun nəyi pisdir, qardaş?.. Amma rüşvət götürən olmasa, addımbaşı məcbursan, nə bilim, 100 manat, 300 manat cərimə ödəyəsən. Artıq toplum buna öyrəşib... Doğrudan da adam öz ətrafına baxır, rüşvətə, rüşvətxorluğa səmimi olaraq nifrət edən barmaqla sayılası adam tapmaq olar. Halbuki, rüşvətə, rüşvətxorluğa ən qatı düşmənlərimizdən də çox nifrət etməliyik... Çoxu, ən yoxsul adamlar belə, söhbət düşəndə danışır rüşvətxorluq, korrupsiya əleyhinə, ancaq lazım gələndə, bir işini aşırmaq, özünü, yaxud övladını bir “yağlı” işə düzəltmək üçün canla-başla rüşvət də verir, işə düzələndən sonra özü də alır...
 
Bütün bunlara görə, XX əsr rüşvətxorluq virusunun əsas yaradıcıları və yayıcılarından biri olan Ramiz Mehdiyev 5-10 il bundan qabaq bir neçə babat vəzifəlinin “Ramiz müəllim, bəlkə daha bəsdir aldığımız, biz almayaq, ölkədə bu rüşvətin kökü kəsilsin” təklifinə belə cavab verib: “Ayə, ay başıboşlar, siz nə danışırsız, biz bu 40-50 ildə bu xalqı rüşvətə elə alışdırmışıq, öyrəşdirmişik ki, respublikada rüşvətin kökü kəsilsə, xalqın əksəriyyəti ayağa qalxıb yaxamızdan yapışar ki, siz nə iş görürsüz, bizim asan dolanışıq vasitəmizi kəsirsiz? Oturun yerinizdə, dediklərimi edin...”
 
Halbuki, Ramiz Mehdiyevin özü mənim ali məktəbdə yerinə yetirə bilmədiyim arzunu yerinə yetirmişdi; respublika üzrə Korrupsiyaya qarşı Mübarizə Komissiyası yaratmış və özü də düz 16 il onun başında oturmuşdu. İçimizdə ən fərasətli o imiş...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər