Hikmət Hacıyevin“EU Today” portalına müsahibəsi və Azərbaycanın Rusiya siyasəti...
Ekskluziv
422
15:25, Bu gün

Hikmət Hacıyevin“EU Today” portalına müsahibəsi və Azərbaycanın Rusiya siyasəti...

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today” portalına müsahibə verib. Müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə toxunan Hikmət Hacıyev rəsmi Bakının şimal qonşusu ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu qeyd edib. Bununla yanaşı, Hikmət Hacıyuev bilidirib ki, bu,  Rusiya səmasında vurulan Azərbaycan təyyarəsi ilə bağlı dövlətimizin tələblərinin yerinə yetirilməsindən sonra reallaşacaq:

 “Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi şəkildə üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi. Bu məsələlər həll olunduqdan sonra biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”.

Hikmət Hacıyevin məlum müsahibəsində səsləndirdiyi fikirlər bir kəs daha Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm məqamlara diqət çəkir. Bu məqamlardan biri Azərbaycanın mehriban qonşuluq və  dostluq siyasətinə sadiq qaldığı, anlaşılmazlıq və ziddiyyətləri dialoq yolu ilə ortadan qaldırmaq ənənəsini qoruyub saxladığıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Rusiya səmasında vurulan Azərbaycan təyyarəsindən sonra hər hansı emosiyaya qapılmadan beynəlxalq hüquq çərçivəsində öz tələblərini irəli sürmüş, bu tələblərdə haqlı olduğunu həm qanun, həm də dəmir arqumentlərlə isbatlamışdır.

İkincisi, hörmətli Hikmət Hacıyevin müsahibəsi göstərdi ki, Azərbaycan böyük və ya kiçik, güclü və ya zəif olmasından asılı olmayaraq, hər bir dövlətlə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır və bu münasibətlərdə birtərəfli qaydada kimsəyə güzəştə getmək niyyəti yoxdur.

Üçüncü mühüm nüans isə rəsmi Bakının Rusiya səmasında vurulan Azərbaycan təyyarəsi ilə bağlı tələblərin icrasını təmin etmək üçün sona qədər mübarizə aparmaqda israrlı olması ilə bağlıdır. Müsahibədən də göründüyü kimi, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırmaq üçün vurulan təyyarə ilə bağlı tələblərin icrasını əsas və yeganə şərt kimi irəli sürür, bu məsələdə geri addım atmayacağını diqqətə çatdırır.

Bir sözlə, Hikmət Hacıyevin“EU Today” portalına müsahibəsi Azərbaycanın Rusiya ilə dostluq və qonşuluq siyasətindən imtina etmədiyini, lakin münasibətlərin normallaşmasını haqlı tələblərinin icrasına qədər təxirə saldığını göstərir. Və bu yanaşma Prezident İlham Əliyevin Azərbaycan dövlətinin maraqlarına, Azərbaycan insanının qürur və ləyaqətinə nə qədər böyük qiymət və önəm verdiyini əsk etdirir. Bu yanaşma dövlət başçısının “heç kim bizimlə təhdid və ya təzyiq dili ilə danışa bilməz” açıqlamasının praktiki müstəvidə ən böyük təsdiqidir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər