Zəfərə aparan yol: hərbi aspektlər
Ekskluziv
103
11:45, Bu gün

Zəfərə aparan yol: hərbi aspektlər

Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Hər bir sahədə olduğu kimi Silahlı Qüvvələrin də daimi inkişafında keçilmiş yola nəzər salınması, bu yolun eniş və yoxuşlarının öyrənilməsi, təhlili, yeni istiqamətlərin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

Hüquq və İnsan Hüquqları İnstitutu İdarə Heyəti sədrinin müavini hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin Zəfərin beşinci ildönümündə  oxuculara təqdim olunan “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin keçdiyi yolun təhlili, yeni istiqamətlərin müəyyən edilməsi baxımından xüsusi dəyər kəsb edir.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə dövründə xalqa müraciətləri, çıxışları və müsahibələrinin təhlilinə həsr olunmaqla, ordu quruculuğu, sərkərdəlik məharəti və Azərbaycan əsgər və zabitlərinin Vətən müharibəsində  qəhrəmanlıqları ilə bağlı məsələri də kifayət qədər əhatə edir. Müəllifin kitabda əksini tapan hərbi məsələlərə münasibəti özünəməxsusluğu, tarixi faktlara, zamanın sınağından keçən qaydalara söykənməsi ilə seçilir.

Müəllif Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dəyişikliklərə nail olması, İlham Əliyevin onun qurduğu təməl üzərində Azərbaycan Silahl Qüvvələrini dünyanın aparıcı orduları ilə müqayisə edilə biləcək səviyyəyə çatdırmasını konkret misallarla oxucuların diqqətinə çatdırır və bu sahədə ilkin şərt kimi məqsəd birliyinə istinad edir: “Xalqın, ordunun və dövlətin vəhdəti, qarşılıqlı güvən qədim zamanlardan uğurun əsası kimi qiymətləndirilmişdir. Heydər Əliyev dövlətin ordusunu nə xalqdan, nə də dövlətdən ayrı təsəvvür edir, gücü, qüvvəti, uğuru onların birliyində görür və bu birliyi yaratmağa və qorumağa çalışırdı: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. …həm dövlət, həm xalq, həm də ordu bir istiqamətdə gedir. Bir istiqamətdə də gedəcəkdir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.

 İlham Əliyev bu öyüdləri unutmadı və unutmadığına görə də xalqın dəstəyini qazandı. Çətin gündə Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanında dayandı. Xalqa rəhbərlik edən liderin özündən daha çox xalqa arxalanması müvəffəqiyyətin rəhnidir”.

Həqiqətən də, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Ordunun real və sistemli quruculuğu 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa bir müddətdə ordu sıralarını vahid komandanlıq altında  birləşdirdi, nizami ordu formalaşdırdı və ordu quruculuğuna əsaslı şəkildə start verdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi: “Ordunun qüdrətini, onun döyüş qaniliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Vətənpərvərlik hissinin yüksək olması isə  əsgər və zabitin mənəvi-psixoloji durumunun əsasını təşkil edir.

İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu peşəkarlığını artırdı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksətldi, eləcə də Silahlı qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrildi: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik”.

V.İbayev İlham Əliyevin ordu quruculuğuna verdiyi diqqəti nəzərə alaraq belə qənaətə gəlir: “İlham Əliyev bilirdi ki, xalqının şərəfi, maraqları, gələcəyi tələb etdiyinə görə Azərbaycan Ordusunun təhlükə, müharibənin məhrumiyyətləri ilə üz-üzə dayanmağa qətiyyəti çatar. Çünki uzun illər vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş ordu xalqı qarşısında Vətənin azadlığını təmin etmək kimi müqəddəs borcunu dərk edir, onun gələcək tarixini müəyyən edən ciddi sınaqlardan çəkinmirdi. Ordu məhz Vətənin işğal altında olan torpaqlarını azad etmək, xalqının həsrətinə son qoymaq, ədaləti və beynəlxalq hüququn tələblərini təmin etmək üçün bu döyüşlərə başlamışdır, onun əsgər və zabiti bu yolda canını, qanını, sağlamlığını qurban verməyə hazır idi. Bu, torpaqların işğaldan azad edilməsi üçün uzun illərdən bəri davam edən, lakin düşmənin özünün təcavüzkarlıq niyyətlərindən əl çəkmədiyi mübarizənin məntiqi nəticəsi idi. Bu mübarizə haqq ilə, ədalət ilə ədalətsizliyin, mərdlik ilə xəyanətkarlığın, cəsarət ilə ikiüzlülüyün, əyilməzlik ilə yaltaqlığın, özünəinam ilə sədəqə ummağın, hüquq ilə cinayətin, Vətəni müdafiə ilə özgə torpaqlarına sahib çıxmağın, inkişaf edən ölkə ilə yardım diləyənin, torpağın sahibləri ilə ora soxulmaq istəyənlərin mübarizəsi idi. Bu mübarizədə qan tökülsə də, şəhid verilsə də, sağlamlıq əldən getsə də, qələbə əldə olunmalı idi”.

Müəllif Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyəti ilə əlaqədar yazır:“Azərbaycan Ordusu peşəkarlığı, hazırlığı, əzmkarlığı, mənəvi ruh yüksəkliyinə görə fərqlənirdi. Müasir müharibənin taleyi qədim zamanlardakı kimi onda iştirak edən adamların sayı ilə deyil, xalq kütlələrinin, əsgər və zabitlərin müharibənin məqsəd və vəzifələrinə, özlərinin siyasi və hərbi rəhbərliyinə münasibətinə görə, döyüş hazırlığı, müasir texnika və silahlara malik olma və onlardan istifadə bacarığı ilə müəyyən edilir. Ordunun əsgərləri üçün silahdan əlavə, onların cəhdlərini gücləndirən, fəallıqlarını yüksəldən və onları nəzərdə tutulan məqsədə aparan mənəvi stimullar da zəruridir.

İlham Əliyev özünün tabeliyində olanların igidlik və mərdliyini yüksək qiymətləndirir və özü onlara inamından güc və qüvvət alırdı. Azərbaycan əsgəri xüsusən kritik vəziyyətlərdə özünü daha parlaq nümayiş etdirirdi. O, çıxılmaz vəziyyətlərdə də ruhdan düşmür, onları dəf etmək üçün özündə qüvvə tapırdı. Məhz çətin sınaqlarda, başqalarının əllərini sallayıb ölümə məhkumluğunu düşündüyü,  fəaliyyət göstərməni buxovladıqları anlarda Azərbaycan əsgərində sanki ikinci nəfəs açılır, o, son nəfəsinə kimi döyüşür, hətta həlak olarkən belə özünün qorxmazlığı ilə düşməni məğlubiyyətə uğradırdı, bu əyilməzliyi görən düşmən gələcək döyüşlər üçün özünəinamı itirirdi.

 İlham Əliyev üçün cəbhə xəritə üzərində xətt deyil, hər birinin özünəməxsusluğu, arzuları və taleyi olan canlı insanlar, Azərbaycan övladları kimi canlanırdı. Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin damarlarında qan cövlana başlayır, qoluna qüvvət gəlir, ayaqlarının təpəri artırdı. Tarixi, öz Vətənlərini, ana torpağı böyük məhəbbətlə sevən, işğal altında olan dağıdılmış şəhər və kəndlərin vəziyyətinə görə düşmənə dərin nifrət bəsləyən Azərbaycan əsgər və zabiti yazırdı. Onlar sadəcə özlərinin Vətən qarşısında, xalq qarşısında borclarını yerinə yetirir, lakin bu borcu cəsarətlə, mərdliklə, qorxmadan, düşmənə ağır zərbələr endirərək, onu qova-qova yerinə yetirirdilər. Hər kəs nifrət doğuran düşmənlə mübarizədə öz yerini tapırdı.

Bizim hamımız həyatı böyük arzu ilə sevirik, lakin gərgin döyüşdə hər bir Azərbaycan əsgəri ölüm təhlükəsi ilə dəfələrlə üz-üzə gəlib bu təhlükəyə vərdiş edirdi. Və ölmək lazım olanda onlar sərt ölümün üzünə dik baxırdılar. Həlak olanların dostları və döyüş yoldaşları onlara görə kədərlənir, onların yerini tutaraq döyüşü davam etdirir, öz işlərini görür, borclarını yerinə yetirirdilər. Müharibə şəraiti sərt və ağır, Azərbaycan əsgəri də sərt və məğrur idi. Çünki onun amalı, məqsədi işğal deyil, Vətən torpağının azadlığı idi. Onun böyük mərdliyini, yüksək mənəvi ruhunu ağır döyüş şəraiti qıra bilməzdi. Hər bir döyüşün Vətən torpağının bir parçasının azad olunması ilə nəticələnməsi isə azadlıq mübarizlərinə yeni ruh, güc və təpər verirdi. Onlar dağılmış kənd və şəhərləri görüb qəlblərində nifrət coşduğu kimi, hər kəndi, hər şəhəri azad edəndə zəhmətlərinin bəhrəsini görüb, azad torpaq üzərində gəzib cana, gücə gəlirdi.

Müharibədə qərarlar bir qayda olaraq ani qəbul edilmir. Qərar qəbul olunmamışdan əvvəl böyük düşüncə işi aparılır. Burada təkcə bir kəndin, şəhərin, yüksəkliyin alınması, cəbhə xəttinin yarılması məsələsi həll olunmur. Əsas məsələlərdən biri də qarşıya qoyulmuş vəzifədən asılı olaraq döyüşə minlərlə, on minlərlə adamın göndərilməsindən gedir. Müharibənin qəddar işində qələbənin yolu adamların həyatı və sağlamlığı hesabına salınır. Komandir hər bir döyüşdə düşmənin daha çox canlı qüvvəsini məhv etməyə nail olmaqla yanaşı, özünün tabeliyində olanlardan ən az itki verməsini təmin etməlidir. Müharibənin qaçılmaz qanunu budur. Qalib odur ki, sonda daha çox canlı qüvvəyə malik olmaqla, onlara istinad edərək öz şərtlərini diktə edir. Azərbaycan Ordusu Vətənini işğaldan azad etmək uğrunda mübarizə aparır, döyüşçülər nə üçün, hansı məqsədlə vuruşduqlarını dərk edirdilər. Bu hiss və yaşamlar, aparılan mübarizənin ədalətliliyinin dərk olunması döyüşdə qələbənin əsas amilini təşkil edirdi”.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Azərbaycan əsgərinin haqq uğrunda, öz torpağında vuruşduğuna, xilaskar əsgər olduğuna görə mənəvi üstünlüyə malik olmasını vurğulayaraq deyirdi: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında-Azərbaycan torpağında ölür... Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”

V.İbayev özgə torpaqlarında vuruşan əsgərlərin taleyi ilə bağlı L.N.Tolstoya müraciətlə yazır: “Döyüş bölgələrindəki vəziyyət 1812-ci il noyabrın 5-də Krasnoye döyüşü adlanan döyüşdən sonra Napoleon qoşunları ilə Kutuzovun qoşunları arasındakı vəziyyəti xatırladırdı. L.N.Tolstoy Kutuzovun əsgər və zabitlərə müraciətlə dediyini və onun sözlərinin doğurduğu hissləri aşağıdakı kimi təsvir edirdi: “– İş belədir, qardaşlarım. Bilirəm ki, sizə çox çətindir, amma nə etməli! Səbr edin, çox qalmayıb, qonaqları yola salıb, sonra istirahət edərik. Göstərdiyiniz xidmət üçün padşah sizi yaddan çıxarmaz. Sizin vəziyyətiniz ağır olsa da, hər halda siz evdəsiniz; bəs bunlar – görürsünüzmü nə hala düşüblər, – deyə Kutuzov əsirləri göstərdi. – Dilənçidən də pis gündədirlər. Nə qədər ki, onlar güclü idilər, bizim onlara yazığımız gəlmirdi, amma indi yazığımız gələ də bilər. Onlar da insandırlar. Belədirmi, uşaqlar? O, öz ətrafına baxdı, ona zillənmiş və heyrət ifadə edən gözlərdə öz sözlərinə bir rəğbət gördü... O susdu və sanki heyrət içində başını aşağı saldı.– Onu da deməliyəm, axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur... – deyə birdən başını qaldırdı. Qamçısını yellədi və bütün kampaniya dövründə birinci dəfə olaraq sevinclə qəhqəhə çəkib gülən, “ura” deyib guruldayan əsgər sıralarının arasından dördnala çapıb getdi”.

 İlham Əliyevin və onun Ali Baş Komandanı olduğu ordunun gərgin əməyi nəticəsində də erməni əsgərləri “dilənçidən də pis gündə idilər” və artıq “onlara da yazığımız gələ də bilərdi. Onlar da insan idilər”. Bir məsələ də var idi, “axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur...” deyilə də bilərdi”.

Müəllif Zəfərə aparan yolda əsgər və sərkərdələr arasında maraqların ümumiliyinə də diqqəti çəkərək yazır: “Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qabildir. İlham Əliyev çətin relyef şəraitində Azərbaycan Ordusunun irəliyə doğru hərəkətini Azərbaycan əsgəri, zabiti və generalının yüksək peşə hazırlığı və maraqların- ərazi bütövlüyünün təmin olunması istəyinin ümumiliyi ilə əlaqələndirirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah, sona qədər irəliyə gedəcəyik”. İlham Əliyev bu inamında haqlı idi. Çünki o, silahlı qüvvələr ilə iqtidar, iqtidar ilə xalq, xalq ilə ordu arasında maraqların ümumiliyini təmin edə bilmişdi. Frenk Edkok bizim eradan əvvəl II əsrin axırlarında Marinin orduda həyata keçirdiyi islahatlardan sonra Roma ordusunda peşəkarlıqdan söhbət açarkən həmçinin qeyd edirdi ki, “Həmin vaxt əsgərlərin sadiqliyini möhkəmləndirən əlavə amil onlarla sərkərdələr arasında maraqların ümumiliyi idi”.

Erməni qoşunları isə Azərbaycan Ordusunun, onun əsgərinin cəsurluğundan özünü itirmiş, “ölümcül yaralanmış”, xilas axtarırdı. Ona mənəvi qüvvə verəcək heç nə yox idi. Ümidi yalnız başqalarına – uzun illər boyu yaltaqlanıb, sədəqə umduğu havadarlara zəng etməkdə idi. Lakin mənəvi ruh olmayanda orduya ümid bağlamağa dəyməzdi. Erməni ordusu özünün bacarıqsız rəhbərlərinin başçılığı altında sonuna doğru geriyə qaçırdı”.

Zəfərə aparan yolun əsas amillərindən biri də Qrdunun  təlimlər vasitəsi ilə döyüşə hazırlanması, düşmənlə mübarizədə yeni üsul və vasitədən səmərəli istifadə olunmasıdır. Müəllif  həmin cəhətlərə diqqəti cəlb edərək qeyd edir ki: “Azərbaycan Ordusu uzun illər ərzində hazırlanmış, hərbi təlimlər keçmiş, hətta Ermənistanın hərbi təxribatlarına cavab verərək, erməni silahlı qüvvələri üzərində qələbələr qazanmış, Türk Silahlı Qüvvələri ilə döyüş şəraitinə uyğunlaşdırılmış intensiv təlimlərdə iştirak etmiş, döyüş vərdişlərini yüksəltmiş, “müharibəyə manevr kimi baxmaq” vərdişləri əldə etmişdi. Suvorov müharibədə şəhər və qalaları ələ keçirməkdən daha çox düşmənin canlı qüvvəsini məhv etmək məqsədi güdürdü. F.Engels Suvorovun hərb sənətinin qabaqcıl xüsusiyyətlərini xarakterizə edərək XIX əsrin ortalarında yazırdı ki, Suvorov strategiyası müasir strategiya sisteminə uyğundur.

 İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ukraynanın “İnter” telekanalının müxbirinin verdiyi sualı cavablandırarkən deyirdi: “...Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi... Məhz bunların hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb”.

Azərbaycan Ordusunu Zəfər aparan yolun əsas cəhətlərindən biri də Ali Baş Komandan tərəfindən əsgər və zabitlərin, onların ehtiyac və istəklərinin daim diqqətdə saxlanılması idi. Müəllif həmin xüsusatla da bağlı Suvorov, Cingizxan təlimlərinə müracətlə yazır: “Oleq Mixaylov Suvorovun hərb sənətinin nəticələri haqqında yazır: “Əsgər sərkərdənin fəaliyyəti onunla nəticələndi ki, qoşunlarda xəstəlik və epidemiyadan ölənlərin sayı, fərarilərin sayı, özbaşınalıqlar azaldı. Mülki əhaliyə ziyan yetirilməsi halları aradan qalxdı. Əsgərlərin qida təmini yaxşılaşdı. Həmin sözləri eynilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna aid etmək olar. Müharibə zamanı heç bir fərarilik, xəstəlik və epidemiya faktı qeydə alınmamış, özbaşınalıqlara demək olar ki, yol verilməmiş, Azərbaycan Ordusu tərəfindən mülki əhaliyə ən minimum ziyan dəymiş, ölənlərin sayı 40 nəfər olmuşdur, əsgərlərin qida təmini isə yüksək səviyyəsi ilə fərqlənmişdir. Ordunun bu cür yekdillik və igidlik nümayiş etdirməsinin səbəblərindən biri də əsgər və zabitlərin öz vəzifələrini dərk edərək şüurlu surətdə və qəlbən yerinə yetirmələri idi. Vaxtilə Çingiz xan deyirdi: “Çoxlu adamları özünə tabe edirsənsə, əvvəl onların qəlbinə sahib ol: qəlblərinə sahib olduğun adamlar səni heç vaxt tərk etməyəcəklər”. Bəli, Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi bir məqsədə – qələbəyə istiqamətlənmiş, bir nöqtəyə fokuslaşmışdı. Və İlham Əliyevin rəhbərliyi altında qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaradırdı...

Ermənistan Azərbaycanın qarşısında aciz idi. Ermənistan Azərbaycanın Vətən uğrunda şəhid olan övladları qarşısında diz çökürdü. Şəhidlərin qanı yerdə qalmamışdı. Şəhidlər öz qanı ilə Azərbaycan torpaqlarını Vətənə çevirmişdilər. Vətən torpaqlarını azad etməklə Azərbaycan Ordusu onlar qarşısında borcunu yerinə yetirirdi. Azərbaycan Ordusunun cəbhədə göstərdiyi igidlik bir vaxtlar monqol ordusu haqqında söylənilənləri xatırladırdı. XIII əsr Çin salnaməçisi yazırdı: “Bizim ölkəyə gəlmiş tatar qoşununda güc və intizam o qədər qeyri-adi idi ki, adama elə gəliridi, onlar bütün dünyanı fəth edə bilər”. Napoleon isə demişdi: “...Monqol yürüşünün pərakəndə Asiya ordusunun mənasız müdaxiləsi olmasını düşünmək əbəsdir. Bu, hərbi təşkilatçılığın, onun rəqiblərinin qoşunlarından əhəmiyyətli dərəcədə yüksək olan ordunun dərindən düşünülmüş hücumu idi”.

Müəllif Vətən müharibəsində Zəfər yolunun bir cəhətini də Azərbaycan Ordusunun  apardığı döyüşlərdə beynəlxalq humanitar hüquq normalarına əməl etməsində, mülki əhaliyə zərər yetirməməsində, əsassız dağıntılara yol verilməməsində  görürdü: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi günlərində beynəlxalq humanitar hüququn pozulmasına yol vermədi, beynəlxalq hüquq normalarına riayət etdi. Azərbaycan Ordusu sübut etdi ki, özü mənəvi cəhətdən üstün olan xalq, onun ordusu müharibənin çətin, keşməkeşli günlərində humanizm prinsiplərinə əməl etməyə qadirdir. Azərbaycan Ordusu sübut etdi ki, beynəlxalq humanitar hüquq normaları yaşaya, həyata keçirilə bilər. Müharibəni beynəlxalq müharibə cinayətləri törətmədən də aparmaq mümkündür. Azərbaycan Ordusunun apardığı müharibə həm də beynəlxalq humanitar hüququn qələbəsi idi. Bunun üçün də siyasi iradə, yüksək mənəviyyat, bəşərilik və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmaq gərəkdir. A.Meyroviç yazır: “Beynəlxalq humanitar hüququn məqsədlərindən biri müharibəyə xas olan qeyri-bəşəriliyi əvvəlcədən görüb, dinc dövrdə bəşərilik ehtiyatını toplamaqdan ibarətdir” .

Müəllifin hərbi terminologiyaya müraciəti, hərb sənətinin  özəllikləri ilə bağlı fikirləri onun tədqiqatına məsuliyyətli yanaşmasının, oxuculara təqdim olunan əsərin  böyük zətmətin nəticəsi olmasının göstəricisidir: “Hərbi terminologiyada “hərbi əməliyyatlar teatrı” deyilən bir ifadə var. Bu, “teatr” sözü ilə assosiasiya olunmur. Bu teatrda heç kim və heç nə oynamır, burada hamı döyüşür, yaralanır və həqiqətən də ölür. Hərbi əməliyyatlar teatrını elmi dildə qısaca orduların yerləşdiyi və qarşı-qarşıya durub döyüş əməliyyatları apardıqları ərazi kimi müəyyən etmək olar. Bu teatrın öyrənilməsi hərb elminin bütöv bir sahəsidir. Həm də ilk vaxtlar bu elm ərazinin coğrafi xüsusiyyətləri və onların hərbi əməliyyatlara təsiri ilə məşğul olurdu. Sonradan buraya siyasi, iqtisadi amillər də əlavə olundu. Aviasiyanın yaranması ilə hava məkanının da hərbi əməliyyatlara təsiri öyrənilməyə başlandı. Hazırda raketlər, dronlar artıq kosmik fəzanın öyrənilməsini tələb edir. Hərb elminin bu sahəsinə “hərbi əməliyyatlar teatrı” adının nə vaxt və kim tərəfindən verildiyi mənə məlum deyil. Lakin bu, həqiqətən də elmdir. Qarşı-qarşıya duran tərəflərin döyüşü zamanı hər bir hərbi əməliyyat özünəməxsus xüsusiyyətlərə malik olmaqla döyüş nəticəsində vəziyyət tərəflərin hazırlıq dərəcəsi, döyüş qabiliyyəti, mənəvi ruhunun təsiri altında spesifik xarakter alır: tərəflərin gücü, onların təminatı, mənəvi ruhu, yerin relyefi, hava şəraiti və onlarca digər amil döyüşə və onun nəticələrinə öz təsirini göstərir. Bütün bunlar sərkərdəni hər dəfə hərbi əməliyyatlara fərqli baxışlarla baxmağa məcbur edir. O, vəziyyəti öyrənməli, imkanlarını ölçüb-biçməli, dəyərləndirməli, yeni şəraitdə qoşunun imkanlarını müqayisə etməli, müvafiq olaraq yeni, orijinal, əvvəlkilərə oxşamayan qərar qəbul etməlidir. Əlbəttə ki, döyüşün nəticələri əsasən orduların ilkin hazırlığı, təchizatı, ordudakı nizam-intizam, döyüşçülərin mənəvi ruh yüksəkliyi, apardıqları mübarizənin məqsədlərindən daha çox asılı olur. Müasir tədqiqatçılar Çingizxanın “müvəffəqiyyətlərinin dərin səbəblərini ilk növbədə onun yaratdığı orduda, monqol hərbi rəislərində tərbiyə etdiyi hərb sənətinin sirlərində görürdülər”

Hərbi əməliyyatlar teatrında baş verənlərin Azərbaycan Ordusunun qələbələri ilə başa çatması təsadüf deyildi. Azərbaycan uzun illər səmərəli şəkildə qüdrətli ordu yaradılması ilə məşğul olmuş, hərb elminin bilicilərini yetişdirmiş, orduda nizam intizam, milli vətənpərvərlik hissləri gücləndirilmişdi. Ən əsası isə Azərbaycan Ordusu haqq işi uğrunda “böyük günahlar törətmiş” işğalçılara qarşı vuruşurdu. Yaradan və insanlıq qarşısında günahkar olanlar cəzalarını almalı idilər”.

Hazırkı mərhələdə proritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan Ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur.

V.İbayevin oxucuların müzakirəsinə verdiyi “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını həm də Azərbaycan Ordusunun müstəqil dövlətçiliyimizin möhkəm dayağı kimi hər zaman üzərinə qoyulmuş vəzifələri icra etmək üçün hazır olmasına  mənəvi dəstək kimi dəyərləndirmək olar.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər