“İordaniyada keçirilən beynəlxalq kibertəhlükəsizlik müsabiqəsində Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin “Land of fire” komandasının 2-ci yer tutması, ölkəmiz adına qürurverici, şərəfli haldır. 37 komandanın iştirak etdiyi müsabiqədə belə bir yüksək nəticənin əldə olunması, Azərbaycan insanının intellektinin, peşəkarlığının, digər ölkələrlə müqayisədə rəqabətə davamlığının göstəricisidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, İordaniyada keçirilən məlum müsabiqə Azərbaycanın kiberhücumlarla bağlı təhlükələri önləmək üçün lazımi gücə və potensiala malikdir:

“Kibertəhlükəsizlik, milli təhlükəsizliyin tərkib hissəsi olaraq, müasir dünyanın ən aktual problemlərindəndir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, ölkələrin iqtisadiyyatları, maliyyə-bank sistemləri, xidmət sahələri, İnsanların şəxsi mülkiyyətləri, həyatları və s. kibertəhlükəsiz sistemlərinin etibarlığından asılıdır. Müsabiqədə iştirakçılara təqdim olunmuş, kiberhücumlar, kibermüdafiələr, kriptoqrafiya üzrə, mürəkkəb tapşırıqlar, onların müvəffəqiyyətlə həlli göstərdi ki, Azərbaycan kifayət qədər inkişaf edib və bu sahədə potensialı böyükdür”.
Seymur ƏLİYEV