“Bakıda SSRİ bayrağı qaldırmaq dövlətə xəyanət kimi dəyərləndirilməlidir...”
Ekskluziv
110
20:46, Bu gün

“Bakıda SSRİ bayrağı qaldırmaq dövlətə xəyanət kimi dəyərləndirilməlidir...”

“Onların arxasında Rusiya dayanır. Sosializmin bərpası adı altında SSRİ bayrağını gündəmə gətirirlər. Mən belə başa düşürəm ki, onlar bu işi müstəqil şəkildə, öz əqidələrinə görə aparmırlar...”
 
1988—1990-cı illərdə Azərbaycan xalqı SSRİ-Rusiya imperiyasından qurtulmaq üçün milli azadlıq mübarizəsi aparanda sovet-rus hərbçiləri, yaxud o vaxtkı milislər bizləri Azərbaycan müstəqilliyinin rəmzi olan üçrəngli bayrağını gizli şəkildə meydanlara çıxarmağımıza görə həbs edirdi. İndi isə sanki əks proses gedir- müstəqil Azərbaycanın hüquq-mühafizə orqanları SSRİ-ni bərpa etmək istəyi ilə o imperiyanın və Azərbaycanın o dövrdəki müstəmləkə bayrağını nümayişkaranə şəkildə küçələrdə, parklarda gəzdirən qrupları həbs edirlər.  İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı rayonun Ağsaqqallar Şurasının sədri Saleh Səmədov keçmiş SSRİ bayrağını qaldırdı. Bu günlərdə isə Bakıda sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğini aparan və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən qrupun təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli həbs edilib. Görəsən, nə baş verir. Həmin şəxslər yalnız özləri müstəqil şəkildə, əqidələrinə görə bu təxribatları edirlər, yoxsa, Moskvadan bütün postsovet məkanındakı Sovet aşiqlərini idarə edən hansısa bir mərkəz işləyir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ADP sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu bunları söyləyib:
 
“Əvvəla onu deyim ki, bir müddət öncə Moskvadakı bir sıra şovinist siyasətçi və deputatlar belə çıxışlar etdilər ki, Azərbaycan artıq Rusiyanı saya salmır, müstəqil siyasət aparır, ona görə də biz o ölkədəki yatmış hücrələrimizi oyatmalıyıq. Məhz bundan sonra bir-birinin ardınca Azərbaycanda dövlətin, millətin əleyhinə bu cür təxribatlar, təbliğatlar aparılmağa başlandı. Onların arxasında Rusiya dayanır. Sosializmin bərpası adı altında SSRİ bayrağını gündəmə gətirirlər. Mən belə başa düşürəm ki, onlar bu işi müstəqil şəkildə, öz əqidələrinə görə aparmırlar. Əgər onlar sadəcə Azərbaycanda sosializm, kommunizm uğrunda mübarizə aparsaydılar, yaxud kommunist partiyası qurmaq istəsəydilər, bu hardasa normal, qanuni qəbul olunardı. Çünki Azərbaycan Konstitusiyasına görə ölkədə fikir, əqidə azadlığı mövcuddur.  Ancaq bunlar SSRİ imperiyasının müstəmləkəsi olmuş Azərbaycan SSR-in atributlarını təbliğ edirlər ki, bu da  Konstitusiyamızın birinci bölməsindəki dövlətçilik haqqındakı müddəalara zidd olduğundan dövlət müstəqilliyi əleyhinə iş aparmaq deməkdir və bu dövlət çevrilişinə cəhd, vətənə xəyanət kimi dəyərləndirilməlidir...”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər