Ermənilərə “Ya siz, ya biz!” deyənlər eyni fikri bizə daha çox zərbələr vurmuş Rusiyaya qarşı da deyə bilərmi?..
Ekskluziv
46
09:09, Bu gün

Ermənilərə “Ya siz, ya biz!” deyənlər eyni fikri bizə daha çox zərbələr vurmuş Rusiyaya qarşı da deyə bilərmi?..

“Ən azı, XVIII əsrin əvvəllərindən bəri torpaqlarımızı işğal etməyə başlamış bu imperiya, bizi daha iri miqyaslı qətliamlara, repressiyalara, sürgünlərə, deportasiyalara, genetik itkilərə, manqurtlaşmalara və s. məruz qoymayıbmı?..”
 
-3 CÜMLƏ İLƏ BİR "QUŞ"...-
 
Məmləkətdə və regionda baş qatan, diqqəti mühüm hədəflərdən yayındıran növbəti məsələlərin – hansısa lüzumsuz “Yevrovijin” müsabiqəsi iştirakçısı olan bir müğənni hesab edilən qadının  Astanada keçirilmiş digər bir əhəmiyyətsiz mahnı müsabiqəsində Qarabağda Azərbaycana qarşı döyüşmüş və mahnısını orada gəbərmiş silahdaşlarına həsr etdiyi deyilən bir erməni müğənnini bağrına basmasından və bu fonda Azərbaycan və Ermənistan QHT nümayəndələrinin qarşılıqlı gediş-gəlişlərin müzakirəsi zamanı belə fikirlərə də rast gəlinir: “Regionda ya ermənilər qalmalıdır, ya da biz!”
 
Əvvəla, bu müasir dünyada mümkün olmayan perspektivsiz, məntiqsiz və bu mövzuda öncəki yazımızda vurğuladığımız kimi, regionda yenidən hərbi əməliyyatları alovlandırmaqla, bunu bəhanə edib Azərbaycan-Ermənistan sərhədinə “sülhməramlı” ordu yerləşdirməyə çalışan işğalçı Rusiyanın, onun İrəvanda Paşinyanın yıxıb hakimiyyətə gətirmək istədiyi revanşistlərin, həmçinin sərvətlərimizi talamaq üçün maksimum diqqətdən kənarda qalmağa cəhd edən “KQB”-“FSB”-korrupsiya şəbəkəsinin dəyirmanına su tökən irqçi bir fikirdir...
 
İkincisi, məntiqlə eyni deviz (“Ya siz, ya biz!”) XIX əsrin sonları XX əsrin əvvəllərindən erməniləri alət kimi həm Türkiyədəki qardaşlarımıza, həm Azərbaycana qarşı alət kimi istifadə edərək onların vasitəsilə bizlərə qarşı işğallar, dəhşətli soyqırımlar törətmiş, üstəlik, özü birbaşa, ən azı, XVIII əsrin əvvəllərindən bəri torpaqlarımızı işğal etmiş, bizi daha iri miqyaslı qətliamlara, repressiyalara, sürgünlərə, deportasiyalara, genetik itkilərə, manqurtlaşmalara və s. məruz qoymuş Rusiya imperiyasına qarşı deyilməlidir – bunu deyə bilərikmi, bu, mümkündürmü?..
 
P.S. Bir daha deyirəm, məqsədimiz keçmişdə baş verənləri tamam unudaraq ermənilərlə sovet dövründəki kimi qoy-boyun olmağa, tut arağı içməyə, kirvələşməyə, qız alıb-verməyə çağırış deyil. Sadəcə, indiki dövrdə əgər dövlətlərimiz, özümüz sülhdən, yeni insan qırğınlarının, işğalların qarşısını almaqdan danışırıqsa, ermənilərə nifrət yağdırmaq göstərdiyimiz  və digər səbəblərdən doğru deyil. Hədəfimiz ilk növbədə özümüzün bugünkü və gələcək həyatının normal bəşəri dəyərlərə, ölçülərə, standartlara uyğun qurulması uğrunda mübarizə olmalıdır...  
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər