Avropa Parlamenti Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinin vahid müdafiə sisteminə inteqrasiyası ilə bağlı qətnaməni təsdiqləyib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, müxbir Tatyana Vısotskaya bu barədə Strasburqdan "Espresso" telekanalının canlı yayımında məlumat çatdırıb.
"Bu gün, 25 noyabrda Avropa Parlamenti iki qətnaməni təsdiqlədi. Onlardan biri ixtisarla "EDIP" adlanan Avropa Müdafiə Sənayesi Proqramı (European Defence Industry Programme) ilə bağlı idi", - deyə o bildirib.
Müxbir vurğulayıb ki, qərarda əsas amil Ukraynanın AB müdafiə sənayesi sisteminə daxil edilməsinin təsdiqlənməsi olub.
"Qeyd etmək lazımdır ki, 2027-ci ilə qədər maliyyələşdirmə üçün 1,5 milyard avro ayrılıb ki, bunun beşdə biri Ukraynanın Avropa müdafiə istehsalı sisteminə inteqrasiyasına yönəldiləcək", - deyə Vısotskaya izah edib.
Onun sözlərinə görə, Ukrayna müdafiə sektoru təxminən 300 milyon avro qrant alacaq. Bu vəsait müəssisələr və iş adamları tərəfindən avropalı tərəfdaşlarla birgə müəssisələr yaratmaq və ya mövcud potensialı genişləndirmək üçün istifadə edilə bilər.
"Beləliklə, Ukrayna 2027-ci ilə qədər AB-nin vahid müdafiə sisteminə inteqrasiya olunacaq", - deyə o vurğulayıb.
Jurnalist həmçinin izah edib ki, "EDIP" proqramı AB-nin flaqman təşəbbüsü olan daha geniş "Hazırlıq -2030" təşəbbüsünün bir hissəsidir.
"Proqramda bildirilir ki, AB 2030-cu ilə qədər hər hansı bir xarici hücumu, əsasən Rusiyadan gələn hücumu dəf etməyə hazır olmaq istəyir. Buna görə də, bugünkü qətnamə Ukraynanın AB müdafiə kompleksinin bir hissəsi olacağını təsdiqlədi və qeydə aldı", - deyə Vısotskaya diqqətə çatdırıb.
Bundan əvvəl bildirilmişdi ki, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas 26 noyabrda AB Xarici İşlər Şurasının Ukrayna üzrə qeyri-rəsmi iclasına sədrlik edəcək.
S.Laçın