Azərbaycanla münasibətlərin inkişafı Ermənistanın KTMT-dən ayrılmasını sürətləndirə bilər
Ekskluziv
344
17:57, Bu gün

Azərbaycanla münasibətlərin inkişafı Ermənistanın KTMT-dən ayrılmasını sürətləndirə bilər

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Rusiya və Kremlin moderatorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında gərginlik davam edir. Artıq bir neçə ildir ki, KTMT-nin təlim və toplantılarına qatılmayan rəsmi İrəvan, zaman-zaman bu qurumu tərk edə biləcəyi ilə bağlı açıqlamalar səsləndirməkdədir.

Bugünlərdə məlum olub ki, Ermənistan KTMT-in 27 noyabr 2025-ci il tarixində Bişkekdə keçiriləcək sammitində də iştirak etməyəcək. İrəvanın bu qərarı Ermənistanın KTMT ilə bağlı siyasətinə sadiq qaldığını, faktiki olaraq bu qurumun fəaliyyətində iştirak etmədiyini göstərir.

Rusiya ilə ziddiyyətlər fonunda açıq-aşkar Qərbpərəst siyasət yürüdən və bunu nümayişkəranı şəkildə ortaya qoyan Ermənistanın yaxın gələcəkdə KTMT-dəki formal mövcudluğunu da sonlandırması real görünür. Azərbaycanla Ermənistan arasındakı sülh razılaşmasının cari ilin 8 avqust tarixində Vaşinqtonda paraflanması bunun üçün yeni imkanlar açır. Çünki artıq regionda sülh bərqərar olduğu üçün Ermənistanın hərbi-siyasi blok olan KTMT-yə, onun mümkün dəstəyinə heç bir ehtiyacı qalmır. Bu mənada İrəvanın heç vaxt praktiki şəkildə faydalanmayacağı təşkilata vəsait ödəməyi, onun çoxsaylı tədbirlərində iştirak etməyi lüzumsuz yük kimi qiymətləndirməsi mümkündür.

Bu mənada Azərbaycan və Türkiyə ilə münasibtlərin inkişafı Ermənistanın KTMT-dən ayrılması prosesini sürətləndirə bilər. Çünki hər iki ölkə ilə əlaqələrin bərpası Ermənistana dünya ilə yeni və əlverişli kommunikasiyalar üzərindən əlaqə qurmağa, Azərbaycan və Türkiyənin iqtisadi-ticari imkanlarından yararlanmağa, Rusiyanın iqtisadi asılılığından sürətlə xilas olmağa kömək edə bilər.

Azərbaycan və Türkiyə ilə münasibətlərin bərqərar olması Ermənistana hər iki ölkənin müəllifi olduğu beynəlxalq layihələrdən yararlanmağa, öz sosial-iqtisadi vəziyyətini yaxşlaşdırmağa imkan yaradacaq ki, bu da rəsmi İrəvanın maraqları ilə üst-üstə düşür.

Ermənistanın ənənəvi müttəfiqi Rusiya ilə ziddiyyətləri davam etdirdiyi bir zamanda,Hindistan, Fransa və s. kim ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsi də İrəvanı KTMT-dən uzaqlaşdıra biləcək əsas arqumentlərdən biridir.

Bu baxımdan yaxın gələcəkdə Ermənistanın KTMT ilə vidalaşması ehtimalı hər zamankından daha real görünür. Əgər məlum ehtimal həqiqətən də gerçəkləşərsə, bu, Ermənistanın Qərb dairələri tərəfindən daha çox dəstəklənməsi və himayə ediməsi ilə müşahidə ediləcək.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər