“Sovet dövründə ermənilərə Azərbaycan daxilində hər cür imtiyazlar verdik- əvəzində onlar yenə bizə xəyanət etdi...” 
Ekskluziv
296
16:53, Bu gün

“Sovet dövründə ermənilərə Azərbaycan daxilində hər cür imtiyazlar verdik- əvəzində onlar yenə bizə xəyanət etdi...” 

“Bu, “irqçilik” deyil,  — bu, keçmişdən, tarixdən çıxarılan dərslərdir. Ermənilərdən bizə qarşı neçə dəfə istifadə olunub, içərimizə salınıb neçə dəfə bizə qarşı təxribatlar törədilib. Odur ki, bu səbəblərdən bu gün də mən hər cür təmasın, ermənilərlə münasibətlərin normallaşmasının əleyhinəyəm...”
 
“Sizin Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti üzvləri sayılan şəxslərin qarşılıqlı gediş-gəlişinə mənfi münasibətiniz, o cümlədən Qazaxıstanda Samirə Əfəndi adlı bir müğənni hesab olunan birinin öz mahnısını Qarabağda Azərbaycana qarşı döyüşmüş erməni əsgərlərinə həsr etdiyini bilə-bilə ona xalqımız adından 12 bal verməsini, üstəlik, həmin erməni gədəsini bağrına basaraq öpməsini kəskin sözlərlə qınamağınızı cəmiyyətin xeyli hissəsi dəstəkləsə də, buna qarşı çıxanlar da var. Bununla belə, necə düşünürsüz, bəlkə bu cür gedişlər elə on illərlə həmin erməni toplumunun əksər hissəsini “Böyük Ermənistan”, “Qarabağ”, “Qərbi Ermənistan” xəstəliklərinə yoluxdurmuş Rusiya imperiyasının hər iki ölkədə, o cümlədən elə Qazaxıstanda da fəaliyyət göstərən “5-ci kalon” və agenturaları tərəfindən yönləndirilir. Yəni  iki ölkə arasında sülh prosesinin getdiyi, həmçinin qardaş Türkiyənin də həmin Ermənistanla sərhədləri açaraq, diplomatik münasibətləri bərpa edərək, Moskvanın caynağından alıb özünə yaxınlaşdırmağa çalışdığı bir vaxtda Azərbaycan cəmiyyətində yenidən erməni toplumuna qarşı Qarabağın işğal altında olduğu dövrdəki dərəcədə nifrətin körüklənməsinə təkan verməklə bölgədə sülhün, sabitliyin bərqərar olmasının qarşısını almaq və bu minvalla Rusiyanın Güney Qafqazda yenidən dayaqlarının gücləndirilməsinə xidmət etməyə çalışırlar. Bir sözlə, bizlər ermənilərlə bağlı bu cür məsələləri cəmiyyətin müzakirəsini çıxarıb kampaniyaya çevirməklə  özümüz də bilmədən, qeyri-iradi Kremlin və İrəvandakı revanşist və iqrçilərin dəyirmanına su tökmüş oluruq. Yəni Köçəryanların, Sərkisyanların, Karapetyanların əlinə “görürsünüzmü, Azərbaycanda erməni-fobiya daha da güclənir – bunlarla sülhə getmək olar?” bəhanəsini verib sülh istəyən Paşinyanın üzərinə daha kəskin şəkildə getməsinə səbəb oluruq. Bu yanaşmaya necə qiymət verirsiz?”
 
Bu sualla müraciət etdiyimiz Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında aşağıdakıları söyləyib:
 
“Hesab edirəm ki, məsələnin qoyuluşu bir qədər yanlışdır.  Ermənilərin arxasında həmişə müəyyən qüvvələrin dayanması və azərbaycanlılarla aralarında nifaq salması, onlardan azərbaycanlılara qarşı istifadə etmələri haqda düşüncələr doğru deyil. Ötən əsrin əvvəllərindən başlayaraq “atan kazaklardır” kimi ifadələrlə ədəbi cümlə kimi ictimai şüura yeritdilər ki, guya Azərbaycana qarşı törədilənlərdə  ermənilərin günahı yoxdur, “atan kazaklar”dır, yəni bizim aramızı daim qızışdıran ruslardır...  
 
Bizim torpaqlarımız işğal altında olanda da, mən, eləcə də Qarabağ Azadlıq Təşkilatı olaraq dəfələrlə deyirdik və əsaslandırırdıq ki, bizimlə üz‑üzə dayanan, bizimlə döyüşən erməni, Ermənistan və onun silahlı qüvvələridir. Onların arxasında kim dayanır, onlardan kim alət kimi istifadə edir — bu, başqa məsələdir. O vaxtlar belə arqumentlər irəli sürürdülər ki, “torpaqlarımızın işğalına səbəb Rusiyadır, ermənilərlə bir toplum kimi nə işiniz var? Əslində Rusiyadır bizimlə döyüşən...” Mən onda da deyirdim, indi də təkrar edirəm ki, Rusiya “mənim işim yoxdur” desə də, biz bilirdik ki, Ermənistanı alət kimi istifadə edir. Ona görə də deyirdim ki, Moskvanın əlində alət olan Ermənistanı sındırmaq lazımdır. Rusiyanın alətini sındırmaq lazımdır ki, ondan bizə qarşı istifadə edə bilməsin. Elə də oldu — 44 günlük müharibədə həmin alət sındırıldı. Sındırılandan sonra Rusiya onu bərpa edib yenidən bizə qarşı istifadə edə bilmədi...
 
İndi də mən sizin dediyiniz kimi yox, başqa cür düşünürəm. XIX əsrin əvvəllərindən ermənilər Azərbaycana, Qarabağa, İrəvan xanlığına məhz onlardan müxtəlif məqsədlər üçün yararlanmaq üçün köçürülürdü. Rusiya onlardan istifadə edirdi, ona görə də onları bura köçürmüşdü. Ermənilər, obrazlı desək, Troya atı kimi bölgəyə gətirilmişdilər — onlardan o cür istifadə etməyə çalışırlar...
 
Sonralar XIX əsrin sonu – XX əsrin əvvəllərində ermənilər Türkiyəyə -Osmanlıya qarşı istifadə olundular. Sovet dövründə isə Azərbaycana qarşı, Azərbaycanın daxilində istifadə edildilər. Onlar üçün bizim torpaqlarda  çox gözəl, əlverişli və münbit şərait yaratdılar. Azərbaycanın daxilində ermənilər çox böyük imtiyazlara malik idilər. Elə nazirlik var idi ki, orada yalnız erməni nazir ola bilərdi. Elə rayon vardı ki, orada yalnız erməni birinci katib ola bilərdi. Bütün idarələrdə ikinci vəzifələr, katibələr əsasən ermənilər idi. Ermənilər həlledici yerlərdə oturmuşdular. Tibb sahəsində, təhsil sahəsində üstünlük onlarda idi... Mən gənc ikən Ağdamda orta məktəbi bitirib Bakıya gələndə 1 nömrəli evtikmə kombinatında fəhlə kimi işə düzəlmişdim. O vaxt həmin müəssisənin direktoru Vartanov — erməni idi, baş mühəndis Ağacanov — o da erməni idi. İstənilən müəssisədə iki əsas vəzifə: direktor və baş mühəndis — çox vaxt ermənilərin əlində olurdu. Bakının ortasında özlərinə kompakt yurd salaraq adını “ermənikənd” qoymuşdular.  Əyalət ərazisində onlar üçün Şaumyankənd rayonu  yaratmışdıq.  Keçmiş Dağlıq Qarabağ isə o dövrdə demək olar ki, Azərbaycanın real nəzarətindən çıxmışdı, Azərbaycanın qanunları orada keçmir, işləmirdi...
 
Nəticə nə oldu? Biz onlara bu cür şəraiti yaratdıq, yüksək imtiyazlar verdik, amma axırda yenə də bizə xəyanət etdilər. Deməli, onlar  belə bir məkrli siyasəti ona görə aparırlar ki, bizim ərazimizdə - içəridən bizə qarşı özlərinə bir dayaq nöqtəsi yaratsınlar. Ona görə də bu Troya atlarını Azərbaycandan maksumum uzaqlaşdırmaq lazımdır, onlarla gediş-gəlişi dayandırmaq gərəkdir. Onların yenidən daxilimizdə ocaq başına buraxmaq qətiyyən olmaz...
 
Nəhayət, Qarabağdan könüllü şəkildə çıxdılar, getdilər. Heç kəs belə bir gedişi gözləmirdi. İndi isə yenidən qayıtmaq istəyirlər. Deyirlər ki, “hələ məsələ bitməyib- biz Qarabağa qayıtmalıyıq, biz Bakıya qayıtmalıyıq”. Niyə qayıtmalıdırlar? Niyə onlar burada yenidən yuva qurmalıdırlar? Niyə bir daha bizim içimizdə bizə qarşı casus yuvaları, təxribat və terror qrupları yaratmalıdırlar? Buna ehtiyacımız varmı? Bu, bizə lazımdırmı? İndiki gediş‑gəlişin mahiyyəti budur — bunlar bizə dost olmaq üçün gəlmir. O halda nəyimizə lazımdır ermənilərlə dostluq?..  Bizim onlardan nəyimiz asılıdır? Azərbaycanın erməniyə ehtiyacı yoxdur.  Ən çox gündəmdə olan məsələ — Zəngəzur dəhlizidir. Mənim də mövqeyim ondan ibarətdir ki, Zəngəzur dəhlizini Azərbaycan Ordusu azad etməlidir, Zəngəzurun qərb hissəsi azad olunmalıdır və buna tam haqqımız var, beynəlxalq hüquq da bizim tərəfimizdədir... Bundan sonra ümumiyyətlə, ermənilərə heç bir ehtiyacımız olmayacaq. Üstəlik, indiki şəraitdə Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın yox, bir sıra dünya dövlətlərinin  də maraq dairəsindədir. Dünya dövlətlərinin iştirakı ilə  həmin dəhliz işləyəcək və bunun üçün ermənilərlə xüsusi münasibət qurmağa ehtiyac yoxdur. Onların qarşısında qol götürüb oynamaya, onları bağrımıza basmağa heç bir ehtiyac yoxdur...
 
Bir sözlə, ermənilər bizim içərimizə təxribat üçün yeridilirlər. Bizim daxilimizdə bəziləri bunu anlayır, bəziləri isə anlamır. Bu, “irqçilik” deyil,  — bu, keçmişdən, tarixdən çıxarılan dərslərdir. Ermənilərdən bizə qarşı neçə dəfə istifadə olunub, içərimizə salınıb neçə dəfə bizə qarşı təxribatlar törədilib. Odur ki, bu səbəblərdən bu gün də mən hər cür təmasın, ermənilərlə münasibətlərin normallaşmasının əleyhinəyəm. Kim bizim haqqımızda nə düşünəcək — bunun fərqi yoxdur. Siz deyirsiniz ki, İrəvandakı revanşistlər deyəcək ki, görürsüz,  Azərbaycan sülh istəmir. Halbuki Azərbaycan real, həqiqi sülh istəyir. Amma 30 il ərzində “dinç yolla”, kənar qüvvələrin vasitəçiliyi ilə sülh əldə olunmadı. Sülhü Azərbaycanın ordusu təmin etdi. Ordumuz olmasaydı, bu gün sülh də olmazdı. Bir ifadə var: Romada deyirlər ki, bütün sülhə gedən yollar müharibədən keçir. Azərbaycan da həmin formulu yerinə yetirdi — müharibə ilə torpaqlarını işğaldan azad etdi və sülhü bərqərar etdi... Bu gün həmin sülh üçün əsas təhlükələrdən biri ermənilərin yenidən Azərbaycanın ərazisinə qayıtması, onlarla gediş‑gəlişin bərpa olunması, onlarla xoş münasibət qurulmasıdır. Bu, region üçün çox böyük təhlükədir. Mən bunu emosiyalarla yox, məntiqlə deyirəm. Çünki ermənilər burada yerləşdiriləndən sonra Qərbdən də, Şimaldan da müxtəlif mərkəzlər Azərbaycanda və regionda sabitliyi pozmaq üçün həmin erməni faktorundan istifadə ediblər. Biz bu gün erməni faktorunu təsirsiz hala gətirmişik. Ona görə də regionda sülh pozula bilmir. Daima sülhü pozan elə onlardır. Regionda sabitliyi pozan da onlardır...
 
1918–1920‑ci illərdə Gürcüstan və Azərbaycan bir yerdə Rusiyanın işğalına qarşı ittifaq bağladı, ancaq ermənilər həmin ittifaqa qoşulmadılar. Ondan sonrakı bütün dövrlərdə də yalnız və yalnız başqalarının tapşırığını yerinə yetirərək bölgədə sabitliyi, sülhü və birliyi pozublar. 20‑ci yüzilliyin əvvəllərində böyük bir ideya var idi — “Qafqaz Evi”. Həmin ideyanı da pozan ermənilər oldu... İndi təzədən biz nə “Qafqaz Evi” yaratmaq istəyirik, nə başqa bir şey. Gürcüstanla münasibətlərimiz normaldır, digər qonşu dövlətlərlə də münasibətlərimiz var və bu şəkildə davam etməlidir. Ermənilər isə Azərbaycan üçün nə xoşniyyətli dövlət, nə də xoşniyyətli millətdir. Ona görə də məntiqlə deyirəm: əgər regionda sülh və sabitlik istəyiriksə, bu faktor aradan qaldırılmalıdır. Məsələ birmənalı olaraq bu şəkildə qoyulmalıdır...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər