Ekskluziv
347
12:12, Bu gün

"Ermənilərə qarşı nifrətin yenidən körüklənməsi Rusiyaya, korrupsiyaya və revanşistlərə sərf edir..."

“Samirə Əfəndinin Azərbaycana qarşı döyüşmüş erməni müğənnini bağrına basmasını kəskin qınayaq, amma bunun düşmənlərin dəyirmanına su tökəcək kampaniyaya çevrilməsinə imkan verməyək...” 
 
“Onu sərt şəkildə qınadıq – bitdi, daha bu haqda danışmaq yersizdir...”
 
“Ermənilərə qarşı nifrət yağdırma kampaniyaları konkret olaraq Azərbaycan xalqının hazırda ona qarşı düşmənçilik edən əsas iki hədəfdən yayındırır: xaricdə Rusiya imperiyası, daxildə isə həmin imperiya ilə tarixən bağlı olan və xalqımızı daim kölə, qul nisbətində görən, onun yeraltı-yerüstü sərvətlərini talayan “KQB”-“FSB”- korrupsiya şəbəkəsi...”
 
-FİKİR SAVAŞI...-
 
Tarixən, quldarlıq quruluşundan bəri planetimizdə var-dövlət və hakimiyyət resurslarına yiyələnmiş müxtəlif qüvvələr daim insan kütlələrinin digər güc və enerjiləri kimi, nifrət və məhəbbət potensiallarından da yararlanmağa çalışıblar. Bunun üçün müxtəlif yalan, hiylə və manipulyasiya vasitələrinə əl atıblar. Buna çoxlu misallar çəkmək olar...  
 
Xalq olaraq bizim bugünkü və gələcək taleyimiz də nifrət potensialımızın haraya yönəlməsindən çox asılıdır... Bizi müstəmləkələrinə çevirmiş imperiyalar daim hər işdə olduğu kimi, bu məqamda da aldatmağa çalışıb və təəssüf ki, çox vaxt buna nail olublar. Ölkəmizi işğal edərək müstəqilliyimizə son qoymuş, on minlərlə insanımızı qətlə yetirmiş bolşevik Rusiyasının “proletar” inqilabı Azərbaycanın yoxsul kütlələrini bəylərə, zadəganlara, qolçomaqlara, İslam dini xadimlərinə nifrətə sövq edirdi. Halbuki, işğalçı, qatil olaraq əsas nifrət hədəfi özləri olmalı idi. İlk müstəqil, demokratik dövlətimizi qurmuş Rəsulzadələrə, Xoyskilərə nifrət, işğalçı imperiyanın rəhbərləri Leninə, Stalinə isə əksinə, məhəbbət aşılanırdı. Bundan əlavə, xarici nifrət hədəfləri də seçilirdi. Başda Avropa, ABŞ olmaqla kapitalist dünyasına qatı nifrət... Bunun ardınca II Cahan savaşı başlanandan sonra Hitlerə, faşist Almaniyasına hədsiz nifrət... Doğrudur, Hitler də, onun qurub rəhbərlik etdiyi rejim də gerçəkdən nifrətə layiq idi, amma heç Stalinin, ondan öncə Leninin rejimi də bütövlükdə Sovet xalqlarına, o cümlədən Azərbaycana münasibətində, törətdiyi əməllərdə alman faşizmindən geri qalmırdı... Bununla belə, həm də insan kütlələrinin şuurundakı bu cür manipulyasiyalar, qanunsuzluq və zorakılıq hesabına SSRİ-Rusiya imperiyası özünü 70 il qoruyub saxlaya bildi... Bu illər ərzində çoxumuz öz siyasi və doğma babalarımızı unudub Stalini, Lenini, hətta Brejnevi “baba” kimi sevdik...  Amma atalarımızın “su çanağı  suda sınar” prinsipi ilə SSRİ dövlətini elə o yanlış nifrət-məhəbbət yönləndirməsi öz içindən dağıtdı. Sonda yüz milyonların nifrəti onun özünə qarşı yönəldi...
 
Çar Rusiyası və Sovet imperiyaları erməniləri xarici ölkələrdən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürərək onlardan bizə qarşı bir alət kimi istifadə etməyə başlayandan sonra da Kreml əslində işğalçı və zülmkar kimi nifrət potensialımızı özündən yayındırıb daha çox bir-birimizə qarşı yönəltdi. Və bizləri qladiator kimi savaşdırmağa başladı. Düzdür, ermənilərin bir toplum olaraq etnopsixoloji xarakteri də onları bizə qarşı qətliamlar, terrorlar, soyqırımlar, işğallar törətməyə vadar edirdi. Ancaq bundan taktiki və strateji baxımlardan qazanan əsasən erməni toplumu özü yox, Rusiya imperiyası olurdu... 1988-2023-cü illərdə həmin qarşılıqlı nifrət son həddə kimi yüksəlirdi... 
 
Nəhayət, bu gün Moskvanın torpaqlarımızda qurduğu qondarma erməni muxtar qurumu itirildikdən, həmin torpaqlar işğaldan azad edildikdən və daha bir katalizator, manipulyasiya aləti əlindən çıxdıqdan sonra da Rusiya iki xalq arasında nifrət potensialından yenidən yararlanmağa çalışaraq regionda mövqelərini möhkəmləndirməyə cəhd göstərir...  Məsələ ondadır ki,  Rusiyanın həm Azərbaycan, həm də Ermənistandakı, ümumiyyətlə, postsovet məkanındakı agentura və “5-ci kalon”ları var gücləri ilə, bütün vasitələrlə iki toplum arasında qarşılıqlı nifrətin körüklənməsinə çalışırlar. Bu işdə onlar son aylarda iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələri sayılan sakinlərinin qarşılıqlı gediş-gəlişindən də yararlanmağa cəhd göstərirlər. Belə ki, hər iki tərəfdə həm insanların hələ son 30-35 illik qarşıdurma, savaş, işğal, qətliam faktlarından sonra soyumamış nifrət hisslərindən, eyni zamanda özlərinin məqsədli çıxışlar edən agentlərindən yararlanaraq belə gediş-gəlişlərin lüzumsuz olmasını aşılayır və  bunun hər iki xalqın bir-birinin gözündə alçalmasına şərait yaradan bir proses olması fikrini təlqin edirlər...    
 
Bu günlərdə incəsənət sahəsində baş vermiş bir insident də Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı nifrət cərəyanın gücləndirilməsinə təkan verib. Deyə bilmərik, bu təbii olaraq baş verib, yoxsa deyilən imperiya gücləri tərəfindən öncədən yönləndirilib. Bütün hallarda “maşın işə düşüb”... Söhbət Qazaxıstan paytaxtı Astanada "Silk Way Star" beynəlxalq musiqi layihəsinin finalında Azərbaycanı münsiflər kürsüsündə təmsil edən hansısa müğənni Samirə Əfəndinin Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verməsindən və üstəlik, onu qucaqlayıb, bağrına basıb öpməsindən gedir. Bu hadisəni yalnız XIX əsrin sonu- XX əsrin əvvəllərindən bəri ermənilərin Rusiya, yaxud Fransa, nə bilim ABŞ, Britaniya aləti kimi olsa da, qardaş Türkiyəyə və öz xalqımıza qarşı törətdiyi işğallar, cinayətlər, qətliamlar, terrorlar, soyqırımlardan və s. xəbərsiz olan, yaxud bunların mahiyyətini dərk etməyən, öz nəsli-nəcabəti üzərində yaşamayanlar rəğbətlə qarşılaya bilər...  
 
Bəlkə də erməniyə sənətçi kimi xal vermək olardı. Amma onu bağrına basmaq bəzilərinin dediyi kimi, “humanist”lik və ya “cəsarət” yox, bayağılıq və manqurtluq nümunəsi oldu. Özü də deyilənə görə, həmin erməni müğənni Qarabağ separatçı-terrorçulardan azad edilənədək Azərbaycana qarşı əsgər kimi vuruşub və həmin mahnısını torpaqlarımızda gəbərmiş, yaxud yaralanmış erməni hərbçilərinə həsr edib... 
 
Və o da doğrudur ki, Samirə Əfəndi özü və ya katibi bundan sonra hansı izahatları versə də, özünə bəraət qazandıra bilməz.... Artıq faydası yoxdur. Kremlin və revanşistlərin istədiyi mexanizm işə düşdü... Samirə Əfəndinin bu davranışına qarşı kobud sözlərlə müşayiət olunan sərt reaksiyalar mətbuat və sosial şəbəkələr vasitəsilə bütün dünyaya, həmçinin Ermənistana da yayıldı. Hamı gördü ki, Azərbaycanın içərisində erməni işğallarından, soyqırımlarından başlamış nifrət potensialı hələ tükənməyib. Və bu məqamda Moskvadakı imperiya ideoloqları və İrəvandakı irqçi, revanşist və “Böyük Ermənistan” xəstələri, həmçinin bütün bunlardan bilə-bilə yararlanıb hakimiyyətə qayıtmağa çalışan qüvvələr üçün iki toplum arasındakı qarşılıqlı nifrəti körükləmək, alovlandırmaq və nəinki sülh sazişinin qarşısını almaq, həmçinin gələcək qarşıdurmalar üçün od halında saxlamaqdan ötrü fürsət yarandı... Bu isə nə deməkdir? - Yenidən müharibə, yenidən hər iki tərəfdən insanların, xüsusən gənclərin ölümləri, yenidən məcburi köçkünlük, kimlərinsə Laçında, Kəlbəcərdə, Zəngilanda və s. yenicə isinişdiyi yurdundan-yuvasından təkrar didərgin düşmək təhlükəsi....
 
Heç kəs demir ki, öncə dediyimiz kimi, 100 ildən çox müddətdə ermənilərin alət və ya qeyri-alət olaraq bizlərə qarşı törətdikləri dəhşətli işğal və soyqırımları, 31 Martı, Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli və s. unudaq və Samirə kimi onlarla qol-boyun olaq... Əsla...  Sadəcə, əgər ölkələrimizdə sülh-sabitlik olmasını, Rusiya imperiyasının caynağından tam şəkildə qurtulmağı istəyiriksə, ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda bir-birləri ilə bağlı informasiyalara, şayiələrə maksimum ehtiyatla yanaşmalı, Kremlin və onun hər iki ölkədəki əlaltılarının yenidən iki toplum arasında qarşılıqlı nifrəti maksimum həddə körükləyərək öz imperialist niyyətləri üçün yararlanmasına, hansısa bir olayın, bu halda Samirə Əfəndi ilə bağlı hadisənin geniş kampaniyaya çevrilməsinə imkan verməməliyik... Onu sərt şəkildə qınadıq – bitdi, daha bu haqda danışmaq yersizdir, həm də Kremlin və revanşistlərin dəyirmanına su tökməkdir... İrəvanda yenidən müharibə dalğasında hakimiyyətə qayıtmaq istəyən qüvvələr deyəcəklər ki, görürsüz, "Azərbaycanda erməni-fobiya baş alıb gedir- onlarla sülhə getmək olmaz..."
 
Digər tərəfdən, ermənilərə qarşı nifrət yağdırma kampaniyaları konkret olaraq Azərbaycan xalqının hazırda ona qarşı düşmənçilik edən əsas iki hədəfdən yayındırır: xaricdə Rusiya imperiyası, daxildə isə həmin imperiya ilə tarixən bağlı olan və xalqımızı daim kölə, qul nisbətində görən, onun yeraltı-yerüstü sərvətlərini talayan  “KQB”-“FSB”- korrupsiya şəbəkəsi... Əslində biz nifrət potensialımızı həmin iki hədəfə qarşı yönləndirməli və mübarizəmizi onlara qarşı aparmalıyıq. Çünki bugünkü və gələcək əsil müstəqilliyimiz, azadlığımız, rifah və xoşbəxtliyimiz, artıq ermənilərə qarşı deyil, məhz bu iki hədəfə qarşı mübarizədən asılıdır... Ermənilərə qarşı nifrətimizin körüklənməsi isə Rusiyaya, korrupsiyaya və hakimiyyətə can atan erməni revanşistlərinə sərfəlidir...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər