Xalq artistləri Valeh Kərimovla Afaq Bəşirqızının küsülü olduğu deyilir. Bu söz-söhbətlər sosial şəbəkələrdə yayılıb və hər kəs bu ayrılmaz tərəf müqabilinin küsülü olduğunu bildirib.
Moderator.az-a açıqlama verən Valeh Kərimov bütün bu xəbərləri yalanlayıb:
“Mənim telefonum sadədir. Nə interneti var, nə də başqa bir funksiyası. Ancaq zəng gedib, zəng gəlir. Mən yayılan bu şayiələri nə oxumamışam, nə də mənə maraqlı deyil. Görsəm belə oxumaram. Xahiş edirəm bu boş-boş söhbətləri yığışdırsınlar. Çox xahiş edirəm. Afaq xanım mənim ən əziz tərəf müqabilim, sənət yoldaşım və iş yoldaşımdır. Biz uzun illərin dostuyuq. Hər kəs bizi “Bəxt üzüyü” filmindən tanıyır, amma bir çoxunun bəlkə də xəbəri yoxdur ki, biz Sumqayıt Dövlət Dram Teatrının sənətçiləri olmuşuq. O teatrın səhnəsində biz yorulmadan işləmişik, məşqlər etmişik. Teatrın ən ağır, çətin günlərində onu yaşatmışıq. O teatrın səhnəsində başımıza qar da yağıb, yağış da. Amma biz səhnəni atmamışıq. Belə günlərin dostları niyə bir-birindən küsülü olsun ki?” deyə aktyor yayılan xəbərlərə aydınlıq gətirib.
Xalq artisti bildirib ki, yayılan şayiələr Afaq xanımın yubiley doğum günündə iştirak etməməsi ilə bağlıdır:
“Afaq xanımla doğum günündən öncə danışmışdıq. Onu təbrik etmişdim. Sadəcə mən onun doğum günü ərəfəsində Bakıda deyildim. O da bunu bildiyi üçün məni dəvət etmədi. Bakıda olsaydım əlbəttə ki, iştirak edəcəkdim. Mən sizin vasitənizlə Afaq xanımı bir daha ürəkdən təbrik edirəm” deyə sənətkar bildirib.

