Sabiq nazirin Ramiz Mehdiyevlə bağlı iddiaları ciddi şəkildə araşdırılmalıdır, çünki...
Ekskluziv
1012
18:52, Bu gün

Sabiq nazirin Ramiz Mehdiyevlə bağlı iddiaları ciddi şəkildə araşdırılmalıdır, çünki...

Məlum olduğu kimi, sabiq təhsil naziri Firudin Cəlilov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin müstəqillik dönəmində ermənilərlə əlaqə saxladığını, bu əlaqəni Rusiya vasitəsilə təmin etdiyini bildirib.

Firudin Cəlilov tərəfindən ictimaiyyiləşdirilən bu informasiyanın nə qədər səhih olduğu bəlli olmasa da, bu iddianın əsaslı şəkildə araşdırılmasına ciddi ehtiyac var. Bunu zərurə edən bir neçə səbəb var ki, bunlardan biri iddianı irəli sürən şəxsin kifayət qədər ciddi və informasiyalı şəxs olmasıdır. Əgər Firudin Cəlilov kimi dəyərli bir ziyalının dilindən belə bir ifadə səslənirsə, çox böyük ehtimalla onun bunun üçün ciddi əsasları mövcuddur.

İkincisi, Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri ona qarşı irəli sürülən rəsmi ittihamda öz əksini tapıb. Sabiq Administrasiya rəhbərinin bir neçə ittihamla yanaşı, həm də dövlətə xəyanətdə ittiham edilməsi əlaqədar güc orqanlarının əlində bununla bağlı konkret sübutların olduğunu göstərir. Belə olan halda Rusiya ilə anti-milli maraqlar çərçivəsində əməkdaşlıq edən Ramiz Mehdiyevin Ermənistanla da hansısa əlaqələr qurması ehtimlı mümkündür və rəsmi araşdırma olmadan bu ehtimal birmənalı şəkildə istisna edilə bilməz.

Üçüncüsü, məlum iddia öz əksini taparsa, bu, sadəcə Ramiz Mehdiyevin deyil, onun bütün komandası ilə bağlı sözügedən iddia üzrə araşdırmaya səbəb ola, bu işdə əli olan digər şəxslərin də aşkara çıxarılmasını təmin edə bilər. Çünki əgər həqiqətən də Ramiz Mehdiyev Ermənistanla mütəmadi əlaqə saxlaybsa, çox böyük ehtimalla bu işdə hansısa formada onun komandasındakı müəyyən şəxslərin də əli və ya iştirakı olub. Ən azından ola bilməz ki, sabiq Administrasiya rəhbərinin yaxın ətrafındakı şəxslərdən kiminsə bu barədə məlumatı olmasın. Hansı ki, onlar zamanında bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarını, yaxud dövlət başçısını məlumatlandıra, milli maraqlar zəminində hansısa addımlar ata bilərdi.

Bir sözlə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı səsləndirilən bu iddianın ətraflı şəkildə araşdırılması vacibdir. Çünki bu, sıradan bir hadisə deyil, milli təhlükəsizlik məsələsidir.

Ümid edək ki, yaxın gələcəkdə Ramiz Mehdiyevlə bağlı bir çox iddialarla yanaşı, bu iddiaya da rəsmi şəkildə aydınlıq gətiriləcək, ictimaiyyətə bununla bağlı lazımi açıqlama veriləcək.

 

Link kopyalandı!
Son xəbərlər