COP 29-un əzəmətini təkrarlaya biləcək yalnız bir dövlət var
Ekskluziv
191
14:18, Bu gün

COP 29-un əzəmətini təkrarlaya biləcək yalnız bir dövlət var

Bu da Azərbaycanın özüdür!

Xəbər verdiyimiz kimi, noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), noyabrın 6-7-də isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub. Lakin bir neçə gün davam edən və iqlimlə bağlı çoxsaylı problemlərin müzakirə edildiyi sessiya nə forma, nə də mahiyyət etibarilə özünü doğrultmayıb.

Təşkilatçılıq problemi və beynəlxalq marağın azlığı...

COP 30-la bağlı bir sıra ciddi problemlər müşahidə olundu ki, bunlardan biri təşkilatçılıq problemi idi. Tədbirin təşkilatçlıq baxımından yaxşı təşkil edilməməsi hər addımda özünü hiss etdirir, həm tədbir iştirakçıları, həm də təşkilatçıların özü üçün ciddi problemlər yaradırdı. Son dərəcə yüksək səviyyədə təşkil edilən COP 29-dan sonra COP 30-dakı bunca problem haqlı olaraq sessiyada iştirak edən dövlətlərin təmsilçiləri tərəfindən narazılıqla qarşılanırdı.

COP 30-la bağlı diqqət çəkən məqamlardan biri isə tədbirə beynəlxalq marağın ciddi şəkildə azlığı idi. Belə ki, COP 30-da yalnız 9 dövlət birinci şəxsin timsalında təmsil olunurdu ki, bu da sessiyaya olan beynəlxalq marağın nə qədər aşağı səviyyədə olduğunu göstərdi. Müqayisə üçün qeyd edək ki, COP 29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçmişdir ki, onların arasında 80 prezident, vitse-prezident, baş nazir və digər rəsmilər olub. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərləri, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda keçirilən dünyanın ən böyük iqlim tədbirində iştirak edib, tədbirin təşkilatçılığı ilə bağlı yüksək fikirlər səsləndiriblər.

COP 30: Nəticəsiz başa çatan sammit

COP 30-la bağlı mənfi məqamlardan biri də bu sammitin demək olar ki, nəticəsiz başa çatması, iqlim problemlərinin praktiki həlli ilə bağlı demək olar ki, heç bir prinsipial razılaşmanın əldə edilməməsidir. Bu, Brazilayada reallaşan sammitin beynəlxalq əhəmiyyətini heç edən, sessiyanın təşkili ilə bağlı atılan bütün addımların əhəmiyyətini sıfırlayan ən mühüm faktordur.

Təkcə bir faktı qeyd edək ki, COP 29 sammitinin nəticəsi olaraq Bakı Maliyyə Məqsədi barəsində razılaşma əldə edildi. Razılaşma inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan mühüm sənəd kimi tarixə düşdü. Azərbaycanın səyi və prinsipiallığı nəticəsində ABŞ, Fransa və digər böyük dövlətlərin maliyyə öhdəlikləindən qaçmaq cəhdlərinin qarşısı qətiyyətlə alındı. Azərbaycan Avropanın iri dövlətlərinin bu təşəbbüsü dəstəkləməsini, iqlim problemlərinin həllində yaxından iştirakını təmin etdi.

Hansı ki, COP 30-da bu və bu kimi uğurlara nail olunmadı. Əksinə, Azərbaycanın təcrübə müdaxiləsi baxımından bütün səylərinə baxmayraq, COP 30 sammiti müzakirələrdən uzağa getmədi.

COP 30-da az-çox uğurlu məqamlar Azərbaycanın adı ilə bağlı olub

COP 30-la bağlı baş verən proseslərin təhlili göstərir ki, ümumilikdə heç bir ciddi uğurla yadda qalmayan bu sammitdə az-çox müvəffəqiyyətli məqamlar məhz Azərbaycanın adı ilə bağlı oldu.

COP 30 çərçivəsində COP sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı ilə bağlı sənədlərin razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu mandat əsasında Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair tövsiyələrini Braziliya Sədrliyinə təqdim edib.

Bundan başqa, COP 29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.

Məlumat üçün qeyd edək ki, COP 31 tədbirinin Türkiyədə keçirilməsi nəzərdə tutulub ki, Azərbaycan təşkilatçılıq təcrübəsindən çıxış edərək qardaş ölkəyə də dəstək göstərməyə hazır olduğunu bildirib.

Brazliyada keçirilən COP sammiti isə göstərdi ki, Azərbaycanda keçirilən COP 29 tədbirinin əzəmətini təkrarlaya biləcək yalnız bir dövlət var. Bu da elə Azərbacanın özüdür!

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər