Ekskluziv
946
10:15, Bu gün

"O, Göyçə MSSR yaradılması haqda Ermənistan qarşısında məsələ qaldırılmasını təklif etdi…"

“...Şam etmək üçün Hökumət Evinin yeməkxanasına yığışmışdıq. Kolbasa-çörək süfrəmizin ətrafında Xəlil Rza, Aydın Məmmədov, Kamal Abdullayev və başqa bir neçə ziyalı da vardı…”
 
"Kimlərinsə məkrli planları ilə mikrofonda hay-küy salanlardan fərqli olaraq bir tərəfə çəkilib ürəkdən sızlayan neçə-neçə qeyrətli, sözün əsl mənasında vətən, millət təəssübü çəkən oğullarımızın sonrakı taleləri məni daim düşündürür..."
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
(Əvvəli burada:)
 
Ənvər Əliyev kitabın 175-176-cı səhifəsində belə yazır: 
 
“…Bu gün ayın 22-dir(22.11.1988-S.L.). Günortadan sonra bir küncə çəkilib, ilk gündən çəkdiyim əziyyətlərin şahidi olmuş bir neçə nəfərlə söhbətləşirəm. Onlar da mənim vəziyyətimlə maraqlanırdılar. Mən isə “tribunada kimin olması əsas deyil, təki tüstüsü düz çıxsın” deyib, onlara da, eyni zamanda özümə də təskinlik verdim. Ancaq aradakı pıçıltıların əsl mahiyyətini duymuş, bu günlərdə tanış olduğum milis oğlan özünü saxlaya bilməyib “Sənin qadan alım, axı biz neyləyək, belə vaxtda, belə işlər haqqında danışmaq olarmı?” deyərək furaşkasını üzünə tutub uşaq kimi hönkür-hönkür ağlayaraq hamı kimi məni də kövrəltdi...
 
Kimlərinsə məkrli planları ilə mikrofonda hay-küy salanlardan fərqli olaraq bir tərəfə çəkilib ürəkdən sızlayan neçə-neçə qeyrətli, sözün əsl mənasında vətən, millət təəssübü çəkən oğullarımızın sonrakı taleləri məni daim düşündürür. Keçdiyimiz növbənöv haqsızlıqlarla dolu olan zaman olaylarında özüm kimi onların da mənəvi və ya fiziki məhv olmalarını düşünəndə son dərəcə acı bir təəssüf hissi keçirirəm. Allah bilir, o ali hissləri yenidən millət övladlarına aşılamaq üçün bizə bundan sonra neçə-neçə illər lazım olacaq? Bəlkə də hər 20-30 ildən bir başımıza gətirilən bu “vurhavur”lar bu cür insanlarımızı məhv etmək üçündür. Bu hisslərlə mən Hökumət Evinin həyətində Xocalıdan gəlmiş bir neçə nəfərlə, o cümlədən, Xocalı qəsəbə sovetinin sədri Elman Məmmədovla tanış oluram. O, vəziyyətin dözülməzliyindən şikayətlənirdi... 
...Şam etmək üçün Hökumət Evinin yeməkxanasına yığışmışdıq. Kolbasa-çörək süfrəmizin ətrafında Xəlil Rza, Aydın Məmmədov, Kamal Abdullayev və başqa bir neçə ziyalı da vardı. Xəlil Rza mənə “Vətən” toplusundan bir neçəsini tapmağı xahiş etdi. Özbək dostlarına göndərəcəyini dedi. Bu vaxt Bəxtiyar Vahabzadə tələsik içəri girdi. Bizim stola yaxınlaşaraq Respublika Ali Sovetinin sabah keçiriləcək sessiyasında müzakirə üçün təklif verməyimizi xahiş etdi. Xəlil müəllim üzünü mənə tərəf tutub, “Sən yaxşısan, yaz ver” - dedi. Onun çantasından çıxardığı qələm-kağızla aşağıdakı tələbləri yazdım:
 
“1.Ermənistandakı azərbaycanlıların tapdanmış hüquqlarını nəzərə alaraq, Göyçə Muxtar Sovet Sosialist Respublikası yaranması haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti qarşısında məsələ qaldırılsın.
 
2. Mitinqin qanuni olduğu təsdiq edilsin...”
 
Moderator.az-ın Bəxtiyar Vahabzadənin həmin təklifinin Ali Sovetə təqdim edilib-edilməməsi haqda məlumatı olub-olmaması haqda sualına Ənvər Əliyev bunu dəqiq xatırlamadığını söylədi.
O,  “amma səhv etmirəmsə, Xəlil Rza ertəsi gün həmin təklifləri meydanda tribunadan oxumuşdu”- deyə bildirdi…
 
(Davamı var)
 
Hazırladı və təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər