Nyu-Yorkdakı "Langone Health" Tibb Mərkəzi və "Grossman" Tibb Məktəbi xərçənglə mübarizə sahəsində çox ümidverici nəticələr açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "officelife.media" nəşri yazıb.
Nəşrin yazır ki, "Science Daily" portalının məlumatına görə, alimlər müəyyən ediblər ki, xəstələnmiş hüceyrədə tək bir proteini bloklamaq onun özünü məhv etməsinə səbəb ola bilər.
İnsan orqanizmi "zərərli" hüceyrələrdən xilas olmağın doğuşdan gələn qabiliyyətinə malikdir. Bu proses ferroptoz adlanır və hüceyrənin dəmir yığılmasının yaratdığı "stres"dən ölməsi ilə xarakterizə olunur.
Xərçəng hüceyrələri bu mexanizm üçün ideal namizəddir, lakin zamanla onlar ferroptozu bloklamağı öyrənərək zədələnmiş şəraitdə də çoxalmağa davam edir. Alimlər müəyyən edib ki, bunun baş verməsinə səbəb FSP1 adlı ferroptozu maneə törədən protein olur.
Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, bu proteini blokladıqda ağciyər şişlərinin ölçüsü kəskin şəkildə kiçilib, çünki xərçəng hüceyrələrinin çoxu özünü məhv etməyə başlayıb.
Belə bloklama nəticəsində şişlərin həcmi orta hesabla 80 faiz azalıb. Alimlərin fikrincə, bu, xüsusilə dünyada xərçəngdən ölümün əsas səbəbi sayılan ağciyər xərçəngi üçün yeni müalicə metodlarının hazırlanmasına yol açır.
Hazırda tədqiqat qrupu insanlarda belə şişlərin müalicəsi üçün protokol hazırlayır. Paralel olaraq, digər şiş növlərində, məsələn, pankreas (mədəaltı vəz) xərçəngi zamanı ferroptozu aktivləşdirməyin yolları üzərində araşdırmalar davam etdirilir.