"45 min il əvvəl baş verən qorxunc kannibalizm..."
Elmi araşdırma göstərir ki, 45 min il əvvəl Avropada yaşayan neandertallar zəif qadınları və uşaqları məqsədli şəkildə ovlayır və yeyirdilər.
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.
Neandertalların qorxunc sirri
Nəşr yazır ki, "IFLScience" və "Scientific Reports" nəşrlərinin məlumatına görə, Belçikanın Goyye adlı mağarasında aparılan araşdırmalar qədim insanların həyatına dair sensasion nəticələr ortaya çıxarıb. Tapılan skelet qalıqlarının analizi göstərir ki, həmin dövrdə yaşamış neandertallar öz qohumlarını deyil, düşmən tayfalarından olan qadınları və uşaqları qəsdən seçir, onları öldürür və yeyirdilər.
Alimlərin araşdırdığı qalıqlar ən azı altı nəfərə - dörd qadına və qız yeniyetməyə, eləcə də bir uşağa və körpəyə məxsusdur. Qalıqların üzərindəki kəsik izləri, sümük sınıqları və ət ayırma izləri onların məhz qida üçün parçalandığını sübut edir. Təkcə körpənin sümüklərində bu izlər müşahidə olunmur.
Tədqiqat göstərib ki, həmin şəxslər həmin mağara sakinlərinə aid olmayıb. Onların hamısı qısa boylu, fiziki olaraq zəif və həyat tərzinə görə az hərəkətli olub. Bu isə araşdırmaçılara belə nəticəyə gəlməyə imkan verir ki, onlar öz iradələri ilə yol getməyib, çox güman ki, başqa ərazilərdən oğurlanıb.
Mütəxəssislər bu hadisəni adi düşmənin qarşı tərəfi yemək aktı, yəni ekzokannibalizm kimi deyil, məqsədli seleksiya ilə həyata keçirilmiş ritual və ya strateji qida davranışı kimi qiymətləndirir. Başqa sözlə, həmin qadın və uşaqlar təsadüfən deyil, qəsdən seçilmiş hədəflər olub.
Tarixi və sosial kontekst
Alimlərin fikrincə, bu dövr "Homo sapiens"-in Qərbi Avropaya daxil olduğu vaxtla üst-üstə düşür. Yeni rəqabət, qida çatışmazlığı, ərazi məhdudiyyətləri və toqquşmalar qədim icmalar arasında zorakılığı artırmış ola bilər.
Araşdırmanın dəqiq nəticələri bəlli olmasa da, alimlər belə qənaətə gəlir ki, bu kəşf neandertalların yalnız ibtidai ovçu deyil, həm də mürəkkəb və bəzən qəddar sosial davranışlara malik olduğunu göstərir. Bu, bir daha insan tarixinin biz düşündüyümüzdən qat-qat qaranlıq və çoxqatlı olduğunu sübut edir.