"Afrika ilk dəfə qlobal gündəmin mərkəzinə çıxır, ABŞ isə görünməmiş şəkildə təcrid olunur..."
Cənubi Afrikanın Yohannesburq şəhərində 22-23 noyabrda keçirilən G20 sammiti bu dəfə adi iqtisadi forum yox, qlobal nüfuz mübarizəsinin meydanına çevrildi.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Məlumatına görə, "Həmrəylik, bərabərlik və davamlı inkişaf" şüarı ilə keçirilən tədbirdə dünya iqtisadiyyatının böyük hissəsini təmsil edən liderlər iştirak edib. Sammit üç əsas mövzunu əhatə edib: qlobal maliyyə sabitliyi və proteksionizmlə mübarizə, iqlim və enerji keçidi, süni intellekt və kritik xammal resursları üzrə yeni qaydalar. İlk dəfə həm Afrika İttifaqı, həm də Avropa İttifaqı tam hüquqlu tərəf kimi iştirak edib ki, bu da qlobal Cənubun artan roluna işarə kimi qiymətləndirilir.
Yekun sənəd və ABŞ-ın etirazı
Sammitin ən böyük nəticəsi ABŞ-ın etirazına baxmayaraq yekun kommunikenin qəbul olunmasıdır. Sənəddə bütün münaqişələrin dayandırılması, Paris iqlim sazişinə sadiqlik, inkişaf etməkdə olan ölkələrə trilyonlarla dollar həcmində iqlim investisiyasının ayrılması və Afrika prioritetlərinin önə çıxarılması vurğulanır. Sənəddə ilk dəfə Fələstin mövzusu digər beynəlxalq böhranlarla eyni statusda qeyd olunub. BMT-nin qlobal idarəetmədə mərkəzi roluna dair vurğu da sənədin əsas mesajlarından biridir.
Trampın boykotu və diplomatik fon
ABŞ prezidenti Donald Tramp sammitə qatılmaqdan imtina edib və Vaşinqton sənədə qarşı çıxaraq alternativ olaraq sadəcə sədr bəyanatının hazırlanmasını təklif edib. Lakin Cənubi Afrika prezidenti Siril Ramafosa səsverməni tədbirin əvvəlində keçirərək sənədin qəbulunu təmin edib. Canlı yayımla qəbul edilən qərar analitiklər tərəfindən Ramafosanın diplomatik qələbəsi kimi qiymətləndirilir. Cənubi Afrika rəsmiləri hesab edir ki, sammit qlobal Cənubun rolunu gücləndirib və ABŞ-ın mövqeyini daha da təcrid vəziyyətində qoyub.
Yeni mərhələ başlayır
Johannesburq sammiti göstərdi ki, dünya artıq təkqütblü modeldən uzaqlaşır. Qlobal Cənub daha aktiv rol oynayır, çoxqütblü beynəlxalq nizam isə real siyasi formaya çevrilir. ABŞ isə əvvəlki kimi qlobal konsensusun avtomatik mərkəzi kimi çıxış etmir.
Vaşinqton G20 sədrliyini 2025-ci ilin dekabrında təhvil alacaq və Trampın sözlərinə görə, 2026-cı sammit Florida ştatında keçiriləcək. Bu isə gələcək illərdə G20 daxilində geosiyasi rəqabətin daha da kəskinləşəcəyinə işarədir. Son sual dəyişməz qalır: Dünya XXI əsrin idarəetmə modelini yenidən yazmağa hazırdırmı, yoxsa köhnə qaydalara qayıtmağa çalışacaq?