Ekskluziv
485
18:39, Bu gün

"Diplomatiya hərəkətə keçib, nəticə gözləyirəm" - Zelenski

"Cenevrədə Ukrayna, ABŞ və Avropa nümayəndələri Trampın "sülh planı"nı müzakirə edir..."

ABŞ prezidentinin komandası tərəfindən hazırlanan 28 bəndlik "sülh planı" hələ yekunlaşdırılmayıb və taleyi yalnız Donald Tramp və Vladimir Zelenskinin şəxsi görüşündən sonra müəyyənləşəcək. 

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Vaşinqtonun təzyiqi, Avropanın ehtiyatı və Kiyevin gözləntisi

Məlumatda deyilir ki, hazırda Cenevrədə Ukrayna, ABŞ və Avropa nümayəndələrinin danışıqları gedir və məqsəd sənədi razılaşdırmaq, lakin imzalamaq deyil.

Planın ilkin variantı Ukraynadan ərazi güzəştləri, NATO ambisiyalarından imtina və müdafiə qabiliyyətinin məhdudlaşdırılmasını tələb etdiyi üçün Kiyevdə və Avropada narahatlıq doğurub. ABŞ Dövlət katibi Marko Rubio və Trampın xüsusi emissarı Stiv Uitkoff danışıqlarda şəxsən iştirak edir. Məhz Uitkoffun rusiyalı oliqarx Kirill Dmitriyevlə keçirdiyi gizli Mayami görüşü sənədin köklərinin Moskvaya bağlı olduğu iddialarını gücləndirib.

"Diplomatiya hərəkətə keçib, nəticə gözləyirəm"

Ukrayna prezidenti danışıqların gedişini təsdiqləyib və bildirib ki, ABŞ təklifləri Ukraynanın mövqeyinə uyğunlaşdırılır. Zelenskiyə görə, hazırkı məqsəd yalnız sənədin strukturunu deyil, həm də "müharibənin yenidən alovlanmasını imkansız edəcək mexanizmləri" razılaşdırmaqdır. Ukrayna nümayəndə heyətinin başçısı Andrey Yermak artıq Fransa, Almaniya və Britaniya rəsmiləri ilə görüşüb və bu gün ABŞ nümayəndələri ilə danışıqlar davam etdirilir.

Sirli iki maddə və planı kim yazıb

Bolgar jurnalisti Kristo Qrozevin bildirdiyinə görə, planın erkən versiyasında 30 maddə olub və iki maddə sonradan "yoxa çıxıb". Onlardan biri ABŞ biznesinin Rusiyanın iqtisadi bərpasında iştirakını, digəri isə ABŞ-Rusiya anti-Çin alyansını nəzərdə tutub. Bu iddia sənədin real müəllifləri barədə sualları daha da artırıb.

Polşanın baş naziri Donald Tusk açıq şəkildə deyib: "Biz bu sənədlə işləməyə hazırıq, amma əvvəlcə bilməliyik ki, onu kim və harada yazıb?" Hazırda həm Avropa liderləri, həm də bir sıra amerikalı senatorlar planın Rusiyanın xeyrinə "asimmetrik" olduğunu deyərək dəyişikliklər tələb edir.

Plan hələ masa üzərindədir. Vaşinqton tələsir, Avropa ehtiyatlıdır, Kiyev isə öz mövqeyini qorumağa çalışır. Son qərar diplomatik masada yox, iki prezidentin qapalı görüşündə veriləcək və görünən odur ki, bu görüş yaxınlaşır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər