"Kommunist", "faşist", "diktator"… və bir-birinin əlini sıxan iki xoşbəxt adam..."
Bəzən siyasət bir ölkəni idarə etməkdən çox absurd teatr tamaşasına bənzəyir. ABŞ-da baş verən son səhnə isə bunun canlı sübutudur.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, Donald Tramp və Nyu-Yorkun yeni meri Zöhran Mamdani - dünən bir-birinə "dəlisov kommunist" və "faşist" deyən bu adamlar bu gün Oval kabinetdə bir-birinə elə gülümsəyirdilər ki, insan istər-istəməz düşünür: "Bəlkə bunlar əvvəlcədən məşq ediblər?".
Tramp media qarşısında sanki heç nə olmayıbmış kimi sakit və mehriban tonda deyib ki, Mamdani ilə düşündüyündən daha çox məsələdə razıdır. Hətta əlavə edib: "Biz ona kömək edəcəyik". Bu arada yadda saxlayaq ki, bir ay əvvəl elə bu Tramp Mamdaninin seçilməsi halında Nyu-Yorkun federal maliyyəsini kəsəcəyi barədə hədələyib.
Mamdani də geri qalmayıb - Trampı "faşist", "diktator" və hətta "burjuy zülmünün rəmzi" adlandırlb. İndi isə jurnalistlər ondan "Hələ də belə hesab edirsiniz?" soruşanda Mamdani nə isə izah etməyə çalışarkən Tramp ona məzəli şəkildə toxunaraq deyib: "Sadəcə "bəli" de. Daha sadədir". Mamdani gülümsəyib və deyib: "Bəli". Tramp isə, sanki illərin filosofu kimi, sakit səslə cavab verib: "Mənə bundan da pis adlar qoyublar".
Siyasətin sehrli transformasiyası
Hər iki siyasətçi danışarkən eyni cümləni vurğulaylb: "Biz Nyu-Yorkun uğurlu olmağını istəyirik". Bu cümlə siyasətdə çox istifadə olunan, mənası 50 faiz real, 50 faiz kosmetik olan klassik formuldur. Amma auditoriya üçün kifayət edir. Mamdani görüşə görə minnətdar olduğunu bildirib və deyib ki, müzakirələr fikir ayrılıqları üzərində yox, ortaq maraqlar üzərində qurulub. Tramp isə ona "əla mer olacaq" deyərək siyasi romantikanı tam yaşadıb.
Bəs görüşün əsl mənası nədir?
Hələ ki, konkret nəticə yoxdur: nə sənəd, nə qərar, nə də ortaq proqram. Sadəcə bir "istiqamət" var və bu istiqamət ikisinin də öz seçicilərinə demək istədiyi mesajdır: "Biz düşmən deyilik. Biz civil, yetkin, dövlət adamıyıq". Amma hamı bilir ki, dünənki tvitər silinməyib. Arxiv yaşayır.
Mamdani isə Nyu-Yorkun ən gənc merlərindən biri, ilk müsəlman və Afrika mənşəli rəhbəri kimi tarixin yaddaşına yazılıb.Bu görüş onun üçün siyasi mərhələ deyil, böyük ehtimalla imic investisiyasıdır.
Oval kabinetdə baş verənlər ABŞ siyasətinin illərdir dəyişməyən qaydasını bir daha göstərib: qışqırmaq seçki üçün, gülümsəmək isə hakimiyyət üçündür. Və ən istehzalı məqam odur ki, bu teatrın son sətri hələ yazılmayıb, çünki Amerika siyasəti heç vaxt final səhnəsinə çatmır.