“Əbülfəz bəyə mitinq iştirakçılarından pul yığmağın qanunsuz olduğunu irad tutanda o, çiyinlərini çəkərək Neməti göstərdi...”
Ekskluziv
82
17:57, Bu gün

“Əbülfəz bəyə mitinq iştirakçılarından pul yığmağın qanunsuz olduğunu irad tutanda o, çiyinlərini çəkərək Neməti göstərdi...”

“Nemətin meydanda  tribunadan söylədiklərinin çoxunu isə arxa tərəfdə bir neçə nəfərdən ibarət, xısın-xısın söhbətləşən adamlar formalaşdırırdı...”
 
...Milli Dirçəliş Gününün əsasını qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq... 
(Əvvəli burada:)
 
Bugünkü yazımızda düz 37 il öncə - noyabrın 22-də Ənvər bəyin şahidi olduğu olaylardan bəhs edilir:
 
“Ayın 22-də(22.11.1988-S.L.) Hökumət evinin həyətində oldum. Artıq mitinqin tələbləri konkretlikdən mücərrədliyə, sonsuzluğa doğru bir “yol” keçmişdi. O, milli birliyimizə həsr olunsa da, əksinə, onu sarsıtmaq yolunda xeyli “iş” görmüşdü. Artıq “mikrofon qəhrəmanları” əmələ gəlmişdi. Onlar mikrofonla “bəzi adamları evdə oturub videokasetlərə baxmaqda” günahlandırır, digər alim və ziyalıların – Ziya Bünyadov, Bəxtiyar Vahabzadə və s.- ünvanına xoşa-gəlməz sözlər söyləyirdilər. İlk baxışda adi görünən bu hərəkət əslində mikrofonu, tribunanı ağıllı adamlarımızın üzünə bağlamaq, ziyalıları hörmətdən salmaq məqsədi güdürdü. Artıq “mitinqin sükanı” hər  hansı “yad, kənar, korrupsiya ilə əlaqəsi olan qüvvələrdən” alınmışdı. O, yalnız bir nəfərin “xalqın adamı”,  “ölən, ancaq dönməyən” və “heç kimin təsirində” olmayan Nemətin ixtiyarında idi. Onun söylədiklərinin çoxunu isə arxa tərəfdə bir neçə nəfərdən ibarət, xısın-xısın söhbətləşən adamlar formalaşdırırdı. Ona görə də bütün məsuliyyəti öz üzərində hiss edən bir şəxs kimi mən Əbülfəz Əliyevə ayrı-ayrı ziyalılarımızın ünvanına deyilən qərəzli sözləri və mitinq iştirakçılarından pul yığmağın qanunsuz olduğunu irad tutanda, o, çiyinlərini çəkərək “Hər şey ondan asılıdır” - deyə, Neməti  göstərdi. Nemət isə tez-tez pulu yalnız onun inandığı, etibar etdiyi adama - Rəsula verməyi tələb edirdi. Onu da deyim ki, meydanda pullar noyabrın 19-dan, yəni Nemətin mitinqi apardığı ilk gündən yığılmağa başlandı...
 
(Bundan sonra Ənvər Əliyev istintaq materiallarından əldə etdiyi mitinqdəki çıxışların stenoqramından və  dindirmə protokollarından uyğun məqamları təqdim edir)                                               
 
Stenoqram:
“N.Pənahov:
Bax, yenə deyirəm əgər rayonlardan pul-zad  gətirən varsa, şəxsən mənim özümə desin. ...Burada Rəsul adlı oğlan var, şəxsən mənim tanıdığım adamdır, qoymuşuq  bura, pullar veril-sin ancaq ona!...(XXIV cild. s.195).
                                       Sənəd:
                                    Şahidin dindirilmə protokolu
Bakı şəhəri 30 yanvar 1989-cu il
Müstəntiq Qritçenko
 
Aslanov Ramazan Oruc oğlu ( 1953-cü ildə Lerik rayonu Vov kəndində anadan olub, Sov.İKP üzvü, “Elektroştamp” zavodunda cilalayıcı işləyir. N.Pənahov və R.Ələkbərovla normal münasibətdə olduğunu qeyd edir. Yaşayış yeri: Bakı şəhəri, Nəvai küçəsi 53a.)
Nemət Pənahov təxminən ayın 20-21-də mitinq iştirakçılarına müraciət edərək, qaçqınlar və mitinq iştirakçılarının ehtiyacı üçün pul vermək istəyənlərə pulları Ələkbərov Rəsula verməyi xahiş etdi. (Ə.Rəsulun anket göstəricisi verilir - Ә.Ә.) Bu vaxt o, Rəsula çox müsbət xarakteristika da verdi. Ayın 25-nə qədər mən Rəsulun necə və harada pul yığdığından xəbərim yoxdur. Ayın 25-də günün birinci yarısı mən Rəsulla görüşdüm. O, mənə N.Pənahovun göstərişi ilə pul yığdığını, bu işdə çətinlik olduğunu və köməkçiyə ehtiyacı olduğunu dedi... O, mənə 12 vərəqli məktəbli dəftəri verib, gələn pulların hesabını yazmağı xahiş etdi...
 
(Davamı var)

Qeyd:

Materialda adı çəkilən hərbi şəxsin şərhini dinləməyə hazırıq...

Hazırladı və təqdim etdi:
Sultan Laçın 

 

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər