Ekskluziv
46
14:38, Bu gün

"Avropa Zelenski ilə həmrəydir və Trampın "sülh planına" sərt etiraz edir" - "Politico"

 
"Bu planı tərtib edənin yaxşı psixiatra ehtiyacı var..."
 
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinə dair yeni "sülh planı" Avropada ciddi narahatlıq yaradıb və aparıcı paytaxtlarda sərt şəkildə rədd edilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Kompromisdən çox, prinsip uğrunda mövqe
 
Planın detallarını dinləyən Avropa liderləri bunu nə praqmatik çıxış yolu, nə də balanslı təklif kimi qiymətləndirib, əksinə, sənəd Moskvanın maraqlarına daha çox uyğun hesab olunur. Bu mövqe Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer tərəfindən Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirilən telefon danışığında açıq şəkildə bildirilib.
 
"Ukraynanın gələcəyini yalnız Ukrayna müəyyən edə bilər"
 
BBC yazır ki, Böyük Britaniyanın baş naziri Kir Starmer danışıqlar zamanı mövqeyini qısa, amma prinsipial cümlə ilə ifadə edib: "Biz uzunmüddətli və ədalətli sülh istəyirik. Amma əsas prinsip dəyişməzdir: Ukrayna öz suverenliyini və gələcəyini özü müəyyən etməlidir".
 
Berlinin rəsmi açıqlamasında da eyni ton hiss olunur: hər hansı danışıqlar yalnız Ukraynanın özünü müdafiə etmə imkanları və mövcud cəbhə xətti əsasında aparıla bilər. Mers sonradan Tramp ilə ayrıca telefon danışığı da keçirib və bildirib ki, təklif "müzakirələr üçün ekspert səviyyəsinə ötürülüb", lakin bu ifadə diplomatik dillə planın hazırda qəbul edilmədiyini göstərir.
 
Brüssel emosiyalarını gizlətmir
 
"Politico" qeyd edir ki, Trampın planı xüsusilə Avropada Rusiyanın dondurulmuş aktivlərinin yenidən dövriyyəyə buraxılması və onların bölüşdürülməsi maddəsinı görə Avropa rəsmilərinin kəskin etirazına səbəb olub. Bir Avropa rəsmisinin sözləri vəziyyətin ciddiliyini gizlətmir: "Trampın Avropada saxlanan aktivlər üzərində hüququ yoxdur".
 
Başqa bir diplomat isə planı emosiyasız təsvir edə bilməyib və belə deyib: "Bu ideyanı yazan şəxsə yaxşı psixiatr lazımdır". Avropa İttifaqı rəsmilərinin narahatlığı təkcə siyasi deyil, onların fikrincə, Trampın təklifi Avropanın hazırladığı "reparasiya krediti" modelini təhlükə altına sala və Moskvanın mövqeyini vaxtından əvvəl gücləndirə bilər.
 
Rusiyanın Avropada dondurulmuş aktivlərinin taleyi
 
Trampın təklifinə görə, Avropadakı Rusiya aktivləri "dondurulmuş statusdan" çıxarılır; ABŞ Ukraynanın bərpasına 100 milyard dollar ayırır və gəlirlərin yarısını alır; daha 100 milyard avroluq yük Avropanın üzərinə düşür; qalan vəsait ABŞ-Rusiya birgə investisiya fonduna yönəldilir. Bu maddə Avropada "şok" kimi qəbul olunub, çünki o, faktiki olaraq Moskva ilə iqtisadi əməkdaşlığa vaxtından əvvəl yaşıl işıq yandırmaq kimi səslənir.
 
"Biz yorulmuşuq, amma təslim olmayacağıq..."
 
Planın yaratdığı müzakirələr fonunda Zelenski xalqa müraciət edib. Onun mesajı qısa, amma emosionaldır: "Ukrayna tarixin ən ağır məqamlarından birini yaşayır. Bəli, biz yorulmuşuq. Amma təslim olmayacağıq". Prezident vurğulayıb ki, sülh arzu ediləndir, amma "təslimiyyətə və ya şərtlərə deyil, ədalətə əsaslanmalıdır".
 
Mövqelər daha da sərtləşir
 
Hazırkı mərhələdə Trampın planı nə Avropa Birliyi, nə də Kiyev üçün qəbul edilə biləcək format deyil. Aİ sənədi Ukraynanın siyasi suverenliyinin pozulması, dondurulmuş vəsaitlərin qeyri-qanuni bölgüsü, Moskvanın maraqlarına uyğun vaxtsız kompromis kimi qiymətləndirir. Aİ-nin dekabrda keçiriləcək sammiti bu mövzuda növbəti siyasi mərhələ olacaq, lakin mövcud reallıq göstərir ki, Avropa mövqeyindən geri çəkilməyə hazır deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər