İşdə aparılan ixtisar zamanı kimlərə üstünlük verilir və bu üstünlük hansı şərtlərlə tətbiq olunur?
Ekskluziv
363
15:42, Bu gün

İşdə aparılan ixtisar zamanı kimlərə üstünlük verilir və bu üstünlük hansı şərtlərlə tətbiq olunur?

İşçilərin sayının azaldılması və ya ştatların ixtisar olunması demək olar ki, hər bir müəssisədə rast gəlinən prosesdir. Çox vaxt struktur dəyişikliyi və ya optimallaşdırma tədbiri kimi həyata keçirilən bu proses, təbii olaraq, müəyyən narazılıqlar və suallar da doğurur.

Məhz bu məqamlardan biri — ixtisar zamanı işçi seçiminin hansı meyarlara əsasən aparılması məsələsidir.

İş yerlərində işçi ixtisarları zamanı tətbiq olunan seçim meyarları və əmək qanunvericiliyinin tələbləri təşkilatlarda insan resurslarının idarə olunmasının ən həssas istiqamətlərindən biridir. Struktur dəyişikliyi, optimallaşdırma və ya iqtisadi zərurətdən irəli gələn ixtisar prosesləri zamanı hansı işçilərin saxlanılması ilə bağlı qərarların obyektiv əsaslara söykənməsi həm hüquqi, həm də etik baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bəs, işçilərin ixtisarı zamanı hansı kateqoriyadakı şəxslərə işdə saxlanmaq üstünlüyü tanınır və bu üstünlük tətbiq edilərkən hansı meyarlar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən İnsan resursları üzrə konsultant İlkin Mirzəzadə bildirir ki, eyni əmək funksiyasını yerinə yetirən, peşəkarlıq səviyyəsi, təhsil göstəriciləri və digər işgüzar keyfiyyətləri eyni olan əməkdaşlar arasında müəyyən sosial kateqoriyalara mənsub şəxslərə işdə saxlanılmaq hüququna üstünlük verilir. Bu tənzimləmə Əmək Məcəlləsinin 78-ci maddəsində öz əksini tapıb.

Ekspertin sözlərinə görə, bu kateqoriyaya aşağıdakı şəxslər daxildir:

Şəhid ailəsinin üzvləri;

Müharibə iştirakçıları;

Əsgər və zabitlərin həyat yoldaşları;

Öhdəsində iki və daha çox 16 yaşına qədər uşağı olanlar;

İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlillik qazanmış şəxslər;

Məcburi köçkün statusu olan işçilər.

İlkin Mirzəzadə vurğulayır ki, burada əsas məqam həmin işçilərin digər namizədlərlə peşəkarlıq və ixtisas göstəricilərinin tam uyğun olmasıdır:

“Qanunvericilik işəgötürənə bu kateqoriyaya aid şəxsləri mütləq şəkildə işdə saxlamaq öhdəliyi qoymur. Əgər ixtisar labüddürsə və struktur dəyişikliyi zəruri xarakter daşıyırsa, bu əməkdaşlara da ixtisar tətbiq edilə bilər. Sadəcə seçim prosesi obyektiv meyarlara əsaslanmalı və üstünlük hüquqları nəzərə alınmalıdır".

Pərvin Şakirqızı

Link kopyalandı!
Son xəbərlər