Ekskluziv
146
13:05, Bu gün

"Rusiya yenidən Ukraynanın yaşayış məntəqələrini hədəfə alıb: Zaporojye və Odessa ağır hücum altında" - Ukrayna KİV-ləri

 
"Bu hücumlar təkcə hərbi strategiya deyil, həm də psixoloji təzyiq vasitəsidir..."
 
Son sutkada Rusiya ordusu Zaporojye vilayətinə 387 hücum həyata keçirib. Bu hücumlar nəticəsində ən azı beş nəfər həyatını itirib, səkkiz nəfər isə yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Zaporojyedə ölüm və dağıntı
 
Vilayət rəhbəri İvan Fyodorov bildirib ki, zərbələr yaşayış binalarını, mağaza və şəhər bazarını yararsız hala salıb. İlkin məlumatlara görə, hücumlar həm aviazərbələr, həm də kamikadze dronlarla həyata keçirilib. Ümumilikdə müxtəlif tipli 205 dron şəhər və kəndləri hədəfə alıb. Dronlarla yanaşı 171 artilleriya atəşi də qeydə alınıb. Fyodorov deyib ki, artıq 90 ev və obyektin zədələnməsi barədə məlumat daxil olub.
 
Odessa gecə hücumu: yaralılar və yanğınlar
 
Gecə saatlarında Rusiya Odessaya da pilotsuz uçan aparatlarla hücum edib. Ukraynanın hava hücumundan müdafiə sistemi aktiv çalışsa da, bir neçə dron hədəfə çatıb və ciddi dağıntılara səbəb olub. Nəticədə fərdi evlər, avtoservis, inzibati tikililər və avtomobillər zədələnib və yandırılıb.
 
Rəsmi məlumatlara görə beş nəfər yaralanıb və onların arasında bir uşaq da var. Yaralıların bəzilərində yanıq və partlayış travmaları aşkarlanıb. Yanğınların söndürülməsinə 32 xilasedici və 8 texnika cəlb olunub, gömrük xidməti könüllüləri də yardım göstərib. Ukrayna Fövqəladə Hallar Xidmətinin psixoloqları 16 nəfərə, o cümlədən iki uşağa dəstək verib.
 
Gecənin ümumi mənzərəsi: 115 dron hücumu
 
Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" məlumatına əsasən, 21 noyabr gecəsi Rusiya ölkə ərazisinə 115 döyüş dronu buraxıb və onların təxminən 70-i "Shahed" tipli olub. Hücuma müxtəlif müdafiə vasitələri - HHM sistemləri, radioelektron mübarizə qurğuları, mobil dron ovçuları və pilotsuz sistemlər qarşı dayanıb.
 
Nəticədə 95 dron vurulub və ya zərərsizləşdirilib. Lakin 19 dron hədəfə düşüb, dörd halda isə vurulan dronların qalıqları dağıntıya səbəb olub. Ən çox zərər Çerniqov, Dnepropetrovsk, Xarkov və Odessa bölgələrində qeydə alınıb. Eyni gecə Zaporojye də idarəolunan aviasiya bombası ilə vurulub və bu hücumda da beş nəfər həyatını itirib. Bir neçə çoxmərtəbəli bina, supermarket, bazar və nəqliyyat vasitələri dağıdılıb.
 
Ümumi vəziyyət: tələfat və dağıntılar artır
 
Son günlər Rusiya ordusunun hücumları həm coğrafi miqyas, həm də intensivlik baxımından genişlənib. Ternopolda X-101 raketinin çoxmərtəbəli binanı vurması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, onların arasında uşaqlar da var. Yaralıların sayı 94 nəfəri keçib, 16 nəfər isə hələ də itkin sayılır. Xarkovda da vəziyyət ağırdır - son hücumdan sonra 36 nəfərin yaralandığı, bir çox yaşayış binaları, supermarket müəyyən olunan ziyan vətəndaşların gündəlik həyatını iflic edib.
 
Hazırkı hücumlar göstərir ki, Moskva qış mövsümünə qədər Ukraynanın enerji sistemi, yaşayış sektoru və bazar iqtisadiyyatını çökdürmək üçün sistemli və genişmiqyaslı təzyiq kampaniyasını davam etdirir. Hava hücumundan müdafiə sistemi böyük itkilərin qarşısını müəyyən qədər alsa da, hücumların sayının artması tələfatın tam qarşısını almağa imkan vermir. Bu hücumlar təkcə hərbi strategiya deyil, həm də psixoloji təzyiq vasitəsi olaraq qiymətləndirilir, xüsusilə mülki ərazilərin ardıcıl hədəfə alınması bunun açıq göstəricisidir.
Link kopyalandı!
Son xəbərlər