ABŞ Ukraynanın dron müharibəsindəki təcrübəsini, həyata keçirdiyi yenilikləri, tətbiq etdiyi taktikaları “sona qədər” öyrənməkdə qərarlıdır. Moderator.az xəbər verir ki, ABŞ ordu katibi Den Driskol məhz Ukraynanın dron təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər etmək niyyətində olduğunu bildirib.
Driskolun məlum açıqlaması ABŞ-ın dron müharibələri və bu müharibələrin gələcəyinə nə qədər böyük önəm verdiyini göstərir.
Məlumat üçün qeyd edək ki, dron texnologiyaları hərb sistemində ən sürətlə yenilənən texnologiya hesab olunur. Təxminən hər 2-3 aydan bir dron texnologiyasına ciddi yeniliklər əlavə edilir ki, hər bir yenilik onun ölümcül gücünü daha da artırır.
Hazırda dron texnologiyasının real döyüş meydanında tətbiqi təcrbəsinə görə Ukrayna dünyada birinci yerdə qərarlaşır. Dron və anti-dron sistemlərinin istehsalına külli miqdarda vəsait sərf edən ABŞ məhz bu səbəbdən Ukraynanın dron təcrübəsini öyrənməyi zəruri hesab edir.
Seymur ƏLİYEV