İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətindədir. Səfər əsnasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov İsrail-Azərbaycan əməkdaşlığının hər iki xalqın marağına cavab verdiyini bildirib:
“Şübhəsiz, Azərbaycan-İsrail əməkdaşlığının daha da dərinləşməsi hər iki xalqın marağına uyğundur.
Azərbaycan Fələstin məsələsi istisna olmaqla bütün məsələlərdə İsraillə anlaşma içərisindədir. Ölkəmiz ilk gündən hesab edir ki, BMT qətnaməsinə uyğun olaraq Fələstin dövləti yaradılmalı, Yaxın Şərqdəki gərginlik ortadan qaldırılmalıdır. Bunun xaricində Azərbaycan-İsrail münsibətlərində heç bir ciddi ziddiyyət yoxdur.
Azərbaycanla İsrail arasında həm siyasi-iqtisadi, həm də mədəni baxımdan sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz ötən əsrin 90-cı illərindən etibarən İsraillə əlaqə qurub və bu əlaqələr zamanla daha da inkişaf edib.
Məlum olduğu kimi, İsrail hərbi baxımdan da dünyanın qabaqcıl texnologiyaya malik ölkələrindən biridir və onların müasir hərbi texnikası da ölkəmiz tərəfindən maraqla qarşılanır. Bu baxımdan hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi həm İsrail, həm də Azərbaycan xalqının maraqlarına xidmət edir”.
Seymur ƏLİYEV