Ekskluziv
363
15:31, Bu gün

"Polşada dəmir yolu diversiyalarının məqsədi qorxu, xaos və Ukraynaya dəstəyin zəiflədilməsidir" - "Deutsche Welle"

 
"Polşa müharibə ilə sülhün arasında qalıb, biz ehtiyatlı, lakin qorxusuz, sakit, amma güclü olmalıyıq..."
 
Polşa diversiyaların icraçılarını açıqlayır
 
Almaniyanın "Deutsche Welle" nəşrinin yazdığına görə, Polşada son günlər ardıcıl şəkildə iki dəmir yolu xəttində baş verən partlayış və sabotaj cəhdləri ölkədə ciddi təhlükəsizlik böhranı yaradıb. Baş nazir Donald Tusk parlamentdə çıxış edərək bildirib ki, diversiyalar iki ukraynalı tərəfindən həyata keçirilib, lakin onlar Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Hər iki şübhəli Belarusdan Polşaya daxil olub və sabotajdan sonra ölkədən çıxmağı bacarıb.
 
Moderator.az xəbər verir ki, 16 və 17 noyabrda baş verən hadisələr zamanı dəmir yolu xətlərinin bir hissəsi zədələnsə də, xəsarət alan olmayıb. Tapılan partlayıcı maddələr və yolların yaxınlığında yerləşdirilmiş mobil telefonlar Polşa təhlükəsizlik orqanlarına diversiyaların təkcə icra yox, həm də video-sənədləşdirilmə məqsədi daşıdığını göstərib. Tusk bu hadisəni "Polşanın Rusiya-Ukrayna müharibəsi başlayan gündən bu yana yaşadığı ən ciddi təhlükə" adlandırıb və Rusiyanın məqsədinin "panika, antiukrayna sentimenti və siyasi xaos yaratmaq" olduğunu deyib.
 
"Bu, hibrid müharibənin bir hissəsidir"
 
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Radio ZET-ə müsahibəsində deyib ki, bütün faktlar Rusiyanı göstərir və baş verənlər NATO, Avropa İttifaqı və Polşaya qarşı aparılan geniş hibrid hücum kampaniyasının tərkib hissəsidir. "Biz ehtiyatlı, lakin qorxusuz, sakit, amma güclü olmalıyıq. Məqsəd bizi bölmək, Ukrayna ilə aramızda nifrət toxumu səpmək və müttəfiqlik sistemini dağıtmaqdır".
 
Nazirin sözlərinə görə, Polşa artıq "müharibə ilə sülh arasında" bir vəziyyət yaşayır - kiberhücumlar, dezinformasiya, sabotajlar və məcburi miqrasiya axını bu strategiyanın elementləridir. O, bildirib ki, lazım gəldikdə ordu dəmir yollarının mühafizəsinə qoşulacaq. Hökumət fövqəladə təhlükəsizlik görüşü keçirib və diversiyanı "terrorçuluq elementləri olan əməliyyat" kimi qiymətləndirib.
 
Moskvanın reaksiyası - inkar, istehza və tanış ritorika
 
Kremlin sözçüsü Dmitri Peskov gözlənilən kimi Polşanın ittihamlarını "rusofobiya" adlandırıb və Varşavanı Avropada "isteriyanı qızışdırmaqda" günahlandırıb. "Rusiyanı günahlandırmaq qəribə deyil - indi hər şeyi bizim boynumuza qoyurlar".
Bununla yanaşı Peskov diqqəti başqa istiqamətə yönəltməyə çalışaraq Ukrayna vətəndaşlarının diversiyada iştirakının "təsadüfi olmadığını" iddia edib və "Şimal Axını" partlayışını xatırladıb, bu isə Kremlin uzun müddətdir sürdüyü informasion xəttin daha bir təkrarıdır.
 
Polşa rəsmiləri diversiyanı Rusiyanın NATO və Ukrayna arasında ixtilaf yaratmaq cəhdi kimi qiymətləndirir. Varşavanın mövqeyi qətiyyətlidir: "Biz bu hücumu təşkil edənləri, onların sifarişçilərini və bütün əlaqə xəttini tapacağıq". Bu hadisələr fonunda Polşa dəmir yollarında təhlükə səviyyəsini qaldırıb, təhlükəsizlik strukturları isə ölkənin kritik infrastrukturunu real hədəf kimi qiymətləndirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər