“Zənnimcə, Ramiz Mehdiyevin Rəsul Quliyev səmimi olaraq dəstəkləməsi mümkün deyil. Həm də o mənada ki, Rəsul Quliyev artıq 30 ilə yaxındır Amerikadadır, Ramiz Mehdiyev isə Rusiyanın adamı sayılır...”
“Rəsul Quliyevin spiker olduğu və sonrakı müddətdə sabiq PA rəhbəri Ramiz Mehdiyevlə münasibətləri haqda məlumatınız varmı? Səhv etmirəmsə, siz 1998-2000-ci illərdə mərhum İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olanda “Hürriyyət” qəzetinin əməkdaşı kimi ADP-yə yaxın olmusuz. Yəni Rəsul Quliyevlə yaxından ünsiyyətdə olmaq imkanınız olub... Sizcə, onunla Ramiz Mehdiyevin arasında hansısa gizli siyasi bağlılıq olmayıb ki?”
Bu sualla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Mən jurnalistikada və siyasi meydanda olduğum dövrlər ərzində Ramiz Mehdiyevlə Rəsul Quliyev arasında hər hansı bir yaxın münasibət sezməmişəm. İndi isə bunu ondan da hiss edirəm ki, vaxtilə mənim Ramiz Mehdiyev haqda yazdığım tənqidi məqalələr məhz Rəsul Quliyevin açdığı “Azpolitika” saytında dərc olunurdu. Ramiz Mehdiyev haqda 2010-cu ildə yazdığım satirik şeir də ilk dəfə həmin saytda dərc olundu. Və bununla bağlı Rəsul Quliyev tərəfindən heç bir etiraz eşitmədim, hiss etmədim... 2017-ci ildə mən Ovqat.com saytının rəhbəri kimi o vaxt həbsdə olan Beynəlxalq Bankın sabiq sədri Cahangir Haciyevdən götürdüyüm və saytda dərc etdiyim müsahibəyə görə məni Baş Prokurorluğa çağırıb xəbərdarlıq etdilər. Həmin müsahibədə C.Hacıyev bankda baş verən yeyinti hallarına görə “5-ci kalon” nümayəndələrini də suçlayırdı... Ondan sonra mən Ramiz Mehdiyevə açıq məktub yazaraq onu bir daha kəskin tənqid etdim və bildirdim ki, bir jurnalist olaraq mənə qarşı bütün bu təzyiqlərin arxasında o dayanır. Həmin məktubu saytda oxuyan Rəsul Quliyev mənə zəng edərək müsbət rəyini bildirdi və tövsiyə etdi ki, o məktubu olduğu kimi Prezident İlham Əliyev və 1-ci xanım Mehriban xanım Əliyevaya göndərim. Dedim ki, saytda yazı dərc olunandan sonra buna nə ehtiyac var. Cavab verdi ki, həmin müraciət sənin təhlükəsizlik qarantın olacaq. Çünki Ramiz Mehdiyev səni həbs etdirə bilər... Buna baxmayaraq hesab etdim ki, uzaqbaşı mənim özümə fərdi olaraq nəsə zərbə vura bilərlər, vəzifədə qohum-əqrəbam yoxdur ki, azad edələr. Bu baxımdan düşündüm ki, qaradan artıq rəng yoxdur. Ancaq sonradan bildim ki, kimlərsə mənim təhlükəsizliyim üçün Ramiz Mehdiyev haqda yazını harasa yollayıb...
1998-2000-ci illərdə isə “Hürriyyət” qəzetində adi bir müxbir kimi çalışırdım. Və o dövrdə də Rəsul Quliyevin mənim yazılarıma xüsusi simpatiyası var idi. Demək olar ki, hər gün yazılarımla bağlı zəng edirdi, danışırdıq, öz fikirlərini bildirirdi. O vaxt hələ qəzetin internet versiyası olmadığından yazılarımı ona xüsusi şəkildə faksla göndərirdilər. Bir də hərdən ondan müsahibə alırdım. Bir sözlə, o vaxtlar Rəsul Quliyevlə mənim əlaqəm sadəcə bir jurnalist-siyasətçi münasibəti çərçivəsində olub. Yalnız bir dəfə məndən öz siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərdi, ancaq mən bundan imtina etdim. Onun hansısa gizli siyasi işlərini də bilmirdim...
Rəsul Quliyevlə daha yüksək səviyyədə münasibətlərimiz isə 2010-2011-ci illərdə yaranıb. O zaman mənimlə artıq bir siyasətçi kimi bir sıra məsələlərdə məsləhətləşirdi. Özəlliklə partiya quruculuğu ilə bağlı ən çox məsləhətləşdiyi adam mən idim. Hətta bir dəfə mənə özünün müavini kimi Açıq Cəmiyyət Partiyasına rəhbərlik etməyi təklif etdi, ancaq mən razılaşmadım...
Zənnimcə, Ramiz Mehdiyevin Rəsul Quliyev səmimi olaraq dəstəkləməsi mümkün deyil. Həm də o mənada ki, Rəsul Quliyev artıq 30 ilə yaxındır Amerikadadır, Ramiz Mehdiyev isə Rusiyanın adamı sayılır. Yəni siyasi baxımdan bir araya sığmayan, ayrı-ayrı qütblərə məxsus adamlar olub. Bu yaxınlığa heç Rusiya da Mehdiyevə icazə verməzdi. Onu da yaxşı bilirəm ki, Rəsul Quliyevin hakimiyyətdə olduğu dövrdə də Ramiz Mehdiyevə elə bir simpatiyası olmayıb...
Digər tərəfdən, 2002-2003-cü illərdə Ramiz Mehdiyevlə Rəsul Quliyev birləşə bilsəydi, dövlət çevrilişi edə bilərdilər. Çünki Rəsul Quliyevin YAP-da da ciddi dəstəkşiləri var idi. Sonradan onlardan bir çoxu ayrılaraq ADP-yə daxil oldular. Ancaq inanmıram ki, o dövrdə Ramiz Mehdiyev Rəsul Quliyevi səmimi şəkildə dəstəkləyə bilərdi. Çünki yenə deyərəm, biri Amerikada idi, digəri isə Rusiyanın adamıydı...”
Təqdim etdi:
Sultan Laçın