“Azərbaycandakı Meydan Hərəkatından ruhlanan, nümunə götürən Çin tələbələri ayağa qalxdı...” 
Ekskluziv
551
18:48, Bu gün

“Azərbaycandakı Meydan Hərəkatından ruhlanan, nümunə götürən Çin tələbələri ayağa qalxdı...” 

“44 günlük müharibədə qazandığımız qələbə isə bizim Milli Dirçəlişimiz üçün ən böyük təkan, xalqımıza, gələcək nəsillərimizə ən böyük hədiyyə oldu...”
 
“Bizim Milli Dirçəlişimiz Sovet-Rusiya imperiyası dönəmində yaşadıqlarımızdan doğdu. O dövrün öz tələbləri vardı. Biz ərazisini itirmiş, bayrağı endirilmiş bir ölkənin sakinləri olaraq imperiyadan, müstəmləkə olmaqdan qurtuluşa, müstəqilliyə doğru riskli addım atdıq. Və bu yol çox çətin başa gələn bir yol oldu. Faciələrimiz, itkilərimiz, əzablarımız çox oldu. Amma burada bir məsələ var. Mən həmişə deyirdim ki, ərazimizi, sərvətlərimizi,  iqtisadiyyatımızı əlimizdən almış bir imperiyanın cavabını lazımi qaydada verməsək,  tarix, gələcək nəsillərimiz bizə qarşı çox ağır ittihamlar irəli sürəcək.  Nəvələrimiz, nəticələrimiz bizi acizlikdə suçlayacaq, "Niyə bu qədər səfil bir vəziyyətə düşdünüz?" deyə sual verəcək. Bütün bunları düşünərək, gözlənilən ittihamları nəzərə alaraq biz qəti mübarizəyə atılmalı olduq”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında 1988-ci il noyabrın 17-də başlanmış Meydan hərəkatının ilk mitinqlərinin əsas təşkilatçısı olan Ənvər Əliyev ifadə edib.
 
“O dövrün tələblərinə uyğun olaraq çıxış yolumuz mitinqlərə başlamalı idik. Və biz artıq müstəqil bir dövlətdə yaşamaq istəyir, totalitar SSRİ-dən fərqli yeni bir ictimai quruluş qurmağa çalışır daha mütərəqqi bir sistemə malik, daha müasir bir dövlətdə yaşamağa can atırdıq. 
 
Hesab edirəm ki, bizim  Meydan Hərəkatı dövründə keçirdiyimiz mitinqlər torpaqlarımıza göz dikənlərə də ən tutarlı cavab idi. O hərəkatın zəhmətini çəkmiş biri kimi deyə bilərəm ki, bizim bütün o ağır mübarizəmiz nəticəsində biz tarixin çətin bir imtahanından çıxdıq və gələcək nəsillərin qınağından qurtulduq. Sübut etdik ki, biz yeri gələndə bir xalq, bir millət olaraq öz sözümüzü deməyi, səsimizi ucaltmağı bacarırıq və düşmənlərimizə də lazımi səviyyədə çavab verə bilirik. Bu hərəkat dünya səhnəsində Azərbaycan xalqının iradəsini  təsdiqlədi”, -deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb.
 
Tanınmış hərəkatçı 37 il öncə Bakıda başlanmış Meydan hərəkatının totalitar sistemlərdən yaşayan digər dünya xalqları üçün də nümunə olduğunu qeyd edib:
 
“Elə düşünürəm ki, bizim o günlərdə bir xalq olaraq təşkilatlanmağımız, nəinki təcavüzkar düşmənə, həm də nəhəng, azğın bir imperiyaya qarşı vahid bir gücə çevrilməyimiz digər dünya xalqlarını da mübarizəyə ruhlandırdı və onlar üçün də nümunə oldu. Məsələn, 1989-cu ildə Çinin Tyananmen meydanında keçirilmiş böyük tələbə hərəkatını o xalqın Azərbaycanın Meydan hərəkatından ruhlanmasına bir nümunə göstərmək olar...
 
O zaman Şərqin ən böyük tədqiqatçılarından olan Primakov çox yerində bir fikir işlətmişdi. O demişdi ki, biz erməniləri hər zaman təşkilatlanmış bir millət kimi tanıyırdıq, amma Azərbaycan xalqı elə bir hərəkat başlatdı ki, biz çaş-baş qaldıq. Və gördük ki, bu xalq gerçəkdən öz haqqını yüksək səviyyədə tələb edən oldu...”.
 
“17 Noyabr bizim ən vacib milli bayramlarımızdan biri kimi qeyd olunmalıdır. Amma təəssüf ki, bəzi şəxslər bu Hərəkatı ilk başladanlar barədə müxtəlif qarayaxmalar, şayiələr yaymağa başlatdılar. Hətta bizləri DTK ilə, o vaxtkı hökumətlə bağlamağa çalışdılar. Halbuki, onlar özləri hökumətlə əlaqəli adamlar idir.  Bunlar çox təəssüf doğuran hallardır. Və xalqın belə bir müqəddəs hərəkatına ləkə yaxmağn özü ən yaramaz bir davranış hesab olunmalıdır. Gerçəklik ortadadır ki, Meydan Hərəkatından sonra  Amerikanın aparıcı jurnallarından biri olan “News Week” juranlının keçirdiyi sorğuya əsasən Azərbaycan xalqı “İlin xalqı” elan edildi  və biz beynəlxalq aləmdə daha  çox tanındıq”, - deyə həmsöhbətimiz nəzərə çatdırıb. 
 
“Nəhayət, 1991-ci ildə biz müstəqilliyimizi qazandıq. Bundan sonrakı 3-4 il ərzində torpaqlarımız işğal olundu, çox ağır faciələr yaşadıq. Lakin biz yenə də duruş gətirdik və nəhayət, 44 günlük müharibədə qazandığımız qələbə isə bizim Milli Dirçəlişimiz üçün ən böyük təkan, xalqımıza, gələcək nəsillərimizə ən böyük hədiyyə oldu. Bu, Azərbaycan xalqının iradəsi və əzmini bir daha ortalığa qoydu. Və əslində, biz XXI əsrdə də dünya miqyasında seçilmiş bir xalq kimi böyük bir tarix yazdıq. Bu qələbə yalnız ordumuzun, hərbimizin qələbəsi deyil, həm də müstəqillik mübarizəsinin təntənəsi idi. Və bu, heç də son deyil. Milli Dirçəliş günündən başlanan mübarizə yolumuz davam edir. Və bu xalqın milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsinə ləkə vurmağa çalışanların yeri isə tarixin zibilliyidir”, -deyə Ənvər Əliyev vurğulayıb.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər