Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
243
14:34, Bu gün

“Suverenlik və ərazi bütövlüyünün bərpasıyla Milli Dirçəliş prosesi hələ bitmir...”

“Son onilliklərdəki hadisə, proseslərin, xüsusən də dövləti cinayət əməllərinin təhlili onu göstərir ki, xalqımızın, millətimizin əsil mənada dirçəlişinin qarşısını alan əsasən 5 amildir...”
 
“Millətin əsil mənada dirçəlişi üçün milli(!) dövlət öncə millətin normal həyat şəraitinin, xoşbəxtliyinin təmin edilməsindən ötrü onun ən ümdə arzularını yerinə yetirməlidir...”  
 
17 Noyabr - Milli Dirçəliş Günüdür... Düz 37 il öncə Meydanda idik... Bu gün hərə öz evindədir... Kimi yarıuçuq komasında, kimi yataqxana odasında, kimi villasında, kimi, malikanəsində, kimi villa dustaqlığında, kimi kameralarda, kimi də kameralar önündə...
 
Dirçəlmək sözünün mənaları:
 
1. Əvvəlki vəziyyətinə nisbətən yaxşılaşmaq, yavaş-yavaş qüvvəti özünə qayıtmaq, bərkimək, sağlamlaşmaq, özünü əvvəlkinə nisbətən daha yaxşı hiss etmək. Xəstə dirçəlir.
 – Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Mir Cəlal.
 
2 (məcazi mənada). Canlanmaq, cana gəlmək, yavaşyavaş qüvvətlənmək.
 
 Ağaclar dirçələndə; O məktəbli uşaqlar; Çıxmışdı dağ döşünə. M.Rahim.
 
 …Torpaq yenicə dirçəlməyə başladı. Ə.Məmmədxanlı.
 
3. məc. Böyümək, inkişaf etmək...
 
Milli Dirçəliş isə bütövlükdə bir millətin dirçəlişi deməkdir. Millətin dirçəlişi üçün öncə onun özünəməxsus suveren ərazisi, müstəqil dövləti, milli valyutası və s. olmalıdır... 
 
37 il ərzində başımıza çox işlər gəldi... Biz qamətimizi dirçəldərək meydanlara çıxıb, düşmən təcavüzünə qarşı, torpaqlarımızın yad ölkənin əlinə keçirilməsi cəhdinə qarşı, Sovet-Rusiya imperiyasından qurtulmaq naminə və s. şüarlar səsləndirdik... 
 
Düzdü, 3 il sonra 1991-ci ildə hüquqi cəhətdən Rusiyanın əsarətindən çıxıb müstəqil dövlət qurduq.  Amma sonrakı 2-3 il ərzində həmin imperiyanın dəstəklədiyi qonşu dövlət və onun ərazimizdə yetişdirdiyi separatçı-terrorçu rejim torpaqlarımızın 20 faizini işğal etdi. Milyona qədər insanımız qaçqın və məcburi köçkün oldu. Başımıza min bir faciə gəldi... On minlərlə şəhidimiz, minlərlə əsirimiz-girovumuz oldu... Nəhayət,  işğal başlayandan 30 il sonra – 2020-2023-cü illərdə minlərlə şəhid və qazimizin canı-qanı hesabına, dövlətimizin uğurlu siyasəti və qardaş Türkiyənin  xüsusi dəstəyi sayəsində torpaqlarımız işğaldan azad edildi... Həmçinin fürsətdən istifadə edərək “sülhməramlı” cildində ərazimizə soxulmuş Rusiya ordusunu ərazimizdən çıxardıq. Beləliklə, suverenliyimiz və ərazi bütövlüyümüz, demək olar ki, bərpa edildi...
 
Allaha min şükürlər olsun! Rəbbimiz dövlətimizi, ordumuzu, xalqımızı, Vətənimizi qorusun!..
 
Ancaq yalnız  müstəqillik, suverenlik və ərazi bütövlüyünün bərpası hələ millətin dirçəlişi anlamına gəlmir... Yəni Milli Dirçəlişi Millətin əsil mənada dirçəlişi üçün milli(!) dövlət öncə millətin normal həyat şəraitinin, xoşbəxtliyinin təmin edilməsindən ötrü onun ən ümdə arzularını yerinə yetirməlidir...  
 
Əslində oxşar arzular elə 37 il öncə meydanlara yığışdığımız vaxt hər birimizin ürəyindən keçirdi...
 
Bəs həmin arzular hansılardır? 
 
-Rusiya imperiyasının sovet dövründən bəri bünövrəsini qoyduğu korrupsiya şəbəkəsinin iri fiqurlarının və fəal elementlərinin daha fəal ifşası və cəzalandırılması. Nəticədə ölkədəki korrupsiya və rüşvətxorluq minimum səviyyəyə endirilməsi və onların müsadirə edilmiş var-dövlətlərinin dövlət büdcəsinə qaytarılması;  
 
-Son onilliklərdə mərkəzi icra qurumlarının, nazirlik və idarələrin bəzi rəhbərlərinin, icra hakimiyyəti başçılarının yalnız yeniləri ilə əvəzlənməsi, yaxud yerlərinin dəyişdirilməsi ilə kifayətlənməməli, onların rüşvətlə, korrupsiya ilə, yaxud qanunsuz sahibkarlıqla, bizneslə məşğul olaraq özlərinə saysız-hesabsız torpaq sahələri alması, villalar tikdirməsinin və s. qarşısına birdəfəlik ciddi sədd çəkilməsi;   
 
-İşğaldan azad edilmiş torpaqlarımızın daha sürətlə və ədalətlə məskunlaşdırılması;
 
-Ayrı-ayrı kənd və qəsəbələrin bərpası və yenidən qurulması zamanı tikintilərin aparıldığı məkan və s. yerli icmalarla məsləhət edilməsi, təkliflərin nəzərə alınması;
 
-Həmin torpaqlardakı Böyük Qayıdış prosesinin həyata keçirilməsi zamanı korrupsiya, saxtakarlıq və s. neqativ halların maksimum qarşısının alınması;
 
-Vəzifələrə təyinatların qohumbazlıq, yerlibazlıq, tayafabazlıq, dostbazlıq və s. əsaslarla təyinatının qarşısının alınması;
 
-Bir sıra ərzaq məhsullarının, xüsusən kərə və bitki yağı, yerli, halal, keyfiyyətli mal və qoyun-quzu ətinin hədsiz bahalaşmasının qarşısının alınması üçün inhisarçılığa son verilməsi; 
 
-I və II Qarabağ savaşlarının qazilərinin 80 manatlıq qalib ölkənin dövlətinə, ordusuna yaraşmayan müavinətlərinin ən azı 400-500 AZN-ə qaldırılması: 
 
-Son illər ölkədə əhalinin artımı və deməli, uşaqların sayı azalmaqdadır. Odur ki, ölkədə normal məbləğdə uşaqpulu (ən azı 1000 AZN) verilməlidir.
 
-Minumum əmək haqqı və pensiyalar ən azı 1000 manata, orta əmək haqqı, ən azı, 3-4 min manata qaldırılsın...
 
- 9 il öncə Milli(!) Ordumuzda baş vermiş “Tərtər qətliamı”nın bu günədək keçirilmiş istintaq və məhkəmə proseslərində zərərçəkən, şahid ifadələrinin məntiqinə görə, hələ də azadlıqda gəzən əsas sifarişçi, təşkilatçı və icraçılarının cinayət məsuliyyətinə cəlb edilərək layiqincə cəzalandırılması...
 
-Öz anti-milli əxlaq, davranış və həyat tərzləri ilə milli-mənəvi dəyərlərimizə xaincəsinə zərbə vuran şou-biznes nümayəndələrinin telekanallarda, saytlarda təbliğinin qanuni formada qarşısının alınması...
 
Və s. və i.a.
 
Bir sözlə, son onilliklərdəki hadisə, proseslərin, xüsusən də dövləti cinayət əməllərininn təhlili onu göstərir ki, xalqımızın, millətimizin əsil mənada dirçəlişinin qarşısını alan əsasən 5 amildir:
 
-korrupsiya;
-talançılıq; 
-qohumbazlıq, yerlibazlıq, tayfabazlıq;
-inhisarçılıq
-saxtakarlıq.
 
Milli(!) dövlət, milli(!) hökumət əsil Milli Dirçəlişə nail olunması üçün bu amillərin, proseslərin qarşısının alınması, problemlərin həllindən ötrü təcili tədbirlər görməlidir... 
 
Xalq da bu Milli Dirçəliş Günündə də haqlı olaraq düşünür ki, nəyə görə bu boyda yeraltı-yerüstü sərvətlərimizlə, insan potensialımızla biz İsveçrə, İsveç, Finlandiya, Niderland kimi hansısa Avropa ölkəsindən geridə qalmalıyıq?.. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər