“İlin sonuna qədər böyük qadağalar olacaq” - Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ - ÖZƏL+FOTO
Ekskluziv
726
09:55, Bu gün

“İlin sonuna qədər böyük qadağalar olacaq” - Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ - ÖZƏL+FOTO

“Bir neçə gün öncə gənc müğənnilərdən biri mənim məşhur mahnılarımdan birini efirdə oxudu. Sözün düzü həmin müğənnini tanımıram. Bu və ya buna bənzər müğənnilərimiz efirlərdə çoxdur. Hər zaman mənə müraciət edən gənclərə dəstək olub, onların yanında olmuşam. Saymayıb, müəllifdən icazə almayan gənclərə deyirəm ki, yəqin ilin sonuna qədər çox böyük qadağalar olacaq. Yaxşı olar ki, müğənnilər müəlliflərdən icazə alsınlar. İcazəsi olmayan mahnı heç bir yerdə səslənməyəcək. Bu birmənalıdır. Fərq etməz ki, o mahnını kim oxuyur-adi müğənnidir yaxud da xalq artistidir. İcazəsiz oxuyan bütün mahnılar yutubdan yığışdırılacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış şair, dillər əzbəri olan mahnıların söz yazarı Zenfira Əlişqızı deyib.
 
O daha sonra bildirib ki, mahnının müəllifi müğənni deyil:
 
“Bəzən efirdən mahnımı oxuyub deyirlər ki, “biz müğənnidən icazə almışıq”. Müğənni ifaçıdır, mahnının müəllifi deyil. Mahnının söz yazarı, bəstəkarı var. Mahnını dünyaya söz yazarı və bəstəkar gətirir, müğənni sadəcə ona həyat verir. Mahnının sahiblərindən icazə almaq lazımdır, müğənnilərdən yox. Mahnı sevilirsə oxunacaq. Bizim xalq, bəstəkar mahnılarımız da hər zaman oxunub. Ancaq artıq o dövr getdi. İndi “mahnı mənimdir” deyib heç kəs sinəsinə döyməsin. Mahnını yazan müəlliflərdir. Bu gün müəlliflərin hüquqları kobud şəkildə pozulur. Ona görə də hər kəs oxuduğu mahnıya diqqət etsin və müəllifindən icazə alsın. Mən bir şair olaraq imkan verməyəcəm ki, kimsə sözlərimə yazılan mahnıları icazəsiz oxusun”, - deyə tanınmış şair Zenfira Əlişqızı bildirib.
 
Qeyd edək ki, Zenfira Əlişqızının söz yazarı olduğu mahnıları İlhamə Quliyeva, Niyaməddin Musayev, Nazpəri Dostəliyeva, Könül Kərimova, Nazənin və s. müğənnilər ifa ediblər.
Link kopyalandı!
Son xəbərlər