"Əsgərlərin üsyanı, su qıtlığı və yağış "törədən" əməliyyat - rejim daxili və ekoloji təzyiq altında..."
İsrail mətbuatında dərc edilən məlumatlara görə, son günlər ortaya çıxan xəbərlər İranda həm siyasi, həm sosial, həm də ekoloji böhranın paralel şəkildə böyüdüyünü göstərir. İnternetdə yayımlanan və öİranın daxilində vəziyyət daha da gərginləşir" - ölkədə rezonans doğuran videoda İran ordusunun üç hərbçisi rejimə qarşı çıxaraq Ali Lider Əli Xameneynin portretini yandırıb.
Onlar üzlərini gizlədərək şah dövrünün bayrağı qarşısında dayanır və bildirirlər ki, "ordu korrupsiyaya qurşanmış hakimiyyətə deyil, xalqa xidmət etməlidir". Bu çağırış müxalifət tərəfindən böyük diqqətlə qarşılanıb və təhlükəsizlik strukturlarında narahatlıq yaradıb.
Hadisə orduda gizli simpatiyaların artdığı bir dövrdə baş verir. Son aylarda İranda enerji böhranı, inflyasiya, qıtlıq və sosial etirazlar kütləvi xarakter alıb. Hakimiyyət "əməliyyat və təmizləmə kampaniyaları" aparır, lakin narazılıq səngimir.
Tehranda su qıtlığı: qiymətlər artır, satışa limit qoyulur
Paytaxt sakinləri artıq içməli suyu gündəlik narahatlıq deyil, həyati problem kimi görür. Keyfiyyəti ciddi şəkildə pisləşən kran suları səbəbilə əhali kütləvi şəkildə butulka suyuna keçib. Bunun nəticəsində mağazalarda satışa limit qoyulub - bir nəfərə ən çoxu altı butulka verilir.
Qiymətlər də sürətlə yüksəlib: iki həftə əvvəl 50-60 min tümənə satılan su indi 95 min tüməndir. Səbəb yalnız tələbat deyil - istehsalçılar da qurumuş bulaqlar və torpaqaltı suyun azalması səbəbindən xammal çatışmazlığı yaşayır.
Rəsmi məlumatlara görə, paytaxtın su ehtiyatı ən yaxşı halda iki həftəlikdir. Prezident Məsud Pezeşkian xəbərdarlıq edib: yağışlar dekabra qədər başlamasa, Tehranda su norması tətbiq ediləcək. Uzaq ehtimal olaraq paytaxtın qismən boşaldılması ssenarisi də gündəmdədir.
Hökumətin cavabı: yağış "törətmək" əməliyyatı
Rejim yaranan təzyiqə qarşı fövqəladə tədbirlərə əl atıb. IRNA dövlət agentliyi bildirir ki, İran buludların toxumlandırılması əməliyyatına başlayıb. İlk uçuş Urmiya gölünün üzərində həyata keçirilib - göl demək olar ki, tam quruyub.
Təyyarələr buludlara gümüş yodid və duz hissəcikləri püskürdür, məqsəd süni şəkildə yağış və qar əmələ gətirməkdir. Bu metod daha çox BƏƏ kimi ölkələrdə tətbiq olunur, lakin ekspertlər bildirir ki, mövcud şəraitdə nəticə məhduddur: ölkədə yağıntılar illik göstəricilərlə müqayisədə 89 faiz azalıb, bu, son 50 ilin ən quru payızıdır.
Böhranın siyasi gələcəyi
İranda paralel şəkildə yaşanan hərbi narazılıq, sosial çöküş, ekoloji fəlakət və iqtisadi iflas ölkəni yeni dalğalı və proqnozlaşdırılması çətin mərhələyə aparır. Rejim böhranı idarə etməyə çalışır, lakin su ehtiyatlarının kritik həddə enməsi və ordu daxilində görünən ilk açıq itaətsizlik hakimiyyət üçün əvvəlki illərdə görünməyən miqyasda xəbərdarlıq siqnalıdır.