Azərbaycanın Cənubi Qafqaza sığmayan inkişaf tempi....
Ekskluziv
619
16:57, Bu gün

Azərbaycanın Cənubi Qafqaza sığmayan inkişaf tempi....

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü türk dövlətlərinin birlik və tərəqqisinə nə vəd edir?

Prezident İlham Əliyevin Özbəkistana səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər, əldə edilən razılaşmalar yalnız respublikamızda deyil, bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Mərkəzi Asiya ölkələri ilə  əlaqələrin hərtərəfli inkişafına nail olan Azərbaycan, Prezident İlham Əliyevin Özbəkistana son səfəri çərçivəsində daha bir çox uğura nail oldu. Bunlardan biri Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunun verilməsi oldu.  Bununla bağlı qərar Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edildi və bu qərar bütün üzv dövlətlər tərəfindən dəstəkləndi.

Bu, Azərbaycan adına mühüm uğur olmaqla yanaşı, həm də türk dövlətlərinin birliyi adına da tarixi nailiyyət idi. Çünki bu qərar Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv kimi iştirak etməyə imkan verəcək ki, bu da Azərbaycanın səsinin və iradəsinin Mərkəzi Asiya regionunda birmənalı şəkildə eşidilməsi və qəbul edilməsi deməkdir.

Tarixi dostluqdan strateji əməkdaşlığa uzanan yol

Şübhəsiz, Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunun verilməsi ölkəmizlə adıçəkilən regiondakı türk dövlətləri ilə tarixi əlaqələri daha üstün səviyyədə davam etdirməyə, dinamik şəkildə inkişaf etdirməyə imkan verəcək. Hansı ümumtürk tarixi və mədəniyyətinə söykənən bu əlaqələrin inkişafı bütün türk dünyasının maraqlarına uyğundur. Qeyd edək ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasındakı çıxışı zamanı bu nüansları diqqətə çatdıraraq demişdir:

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik”. 

İlham Əliyevin açıqlamasından da göründüyü kimi, Azəbaycan Mərkəzi Asiya ölkələri ilə mövcud olan tarixi dostluq əlaqələrini dinamik şəkildə inkişaf etdirməkdə, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdadır. Bu isə qlobal təhdid və təhlükələrin artdığı dünyamızda türk dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi, bir sıra məsələlərlə bağlı ortaq qərarların qəbulu, vahid siyasətin yürüdülməsi və s. baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı, habelə, ölkəmizə Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunun verilməsi dövlətimizə Mərkəzi Asiya ilə bağlı məsələlərdə bu regionun tərkib hissəsi kimi çıxış etməyə, Mərkəzi Asiya çərçivəsində keçirilən bütün görüşlərdə iştirak etməyə imkan verəcək.

Siyasi əlaqələrin inkişafı iqtisadi və mədəni əlaqələrin inkişafını da özü ilə gətirəcək...

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrin sürətli inkişafını bu dövlətlərin liderlərinin bir-birlərinə etdiyi səfərlərin sayı da bariz şəkildə göstərir. Belə ki, son üç ildə Prezidet İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib. Bu müddət ərzində Mərkəzi Asiya dövlətlərinin rəhbərləri də Azərbaycana 23 dəfə səfər ediblər ki, bu da ikitərəfli və çoxtərəfli münaibətlərin inkişafına olan qarşılıqlı marağı əks etdirir.

Siyasi əlaqələrin inkişafı özü ilə iqtisadi və mədəni əlaqələrin inkişafını da gətirir ki, bu da türk xalqları arasında birlik və həmrəyliyin gücləndirilməsi baxımından olduqca önəmlidir.

İqtisadi əlaqələrin genişlənməsi Azərbaycan və Mərkəzi Asiya xalqlarının sosial rifahının daha da yaxşılaşması, dövlətlərin isə iqtisadi potensialının genişlənməsi deməkdir. Unutmaq olmaz ki, Azərbaycan bu gün Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu oynamaqdadır. Mərkəzi Asiyanın zəngin enerji ehtiyatlarının Qərb bazarına çıxarılması, bu mühüm marşurutun təhlükəsizliyinin etibarlı şəkildə təmini Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin həyatındakı mühüm rolundan xəbər verir.

Mədəni əlaqələrdəki inkişaf isə xalqlarımızın ortaq mədəni dəyərlər ətrafında daha sıx birləşməsi, ümumtürk özünüdərki baxımından böyük perspektiv vəd edir.

Bir sözlə, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycanın Cənubi Qafqazdakı ldierliyini saxlaması fonunda, həm də Mərkəzi Asiya coğrafiyasında aktiv şəkildə təmsil olunması, öz nüfuz və potensialını bu bölgədə gücləndirməsi deməkdir. Yəni Azərbaycanın Mərkəzi Asiya ilə geniş və hərtərəfli əməkdaşlığı onun Cənubi Qafqazdakı iqtisadi-siaysi və hərbi üstünlüyünü azaltmır, əksinə, bu üstünlüyə əlavə üstünlük və dəyər qazandırır.

Bu mənada, əminliklə iddia etmək olar ki, yaxın gələcəkdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı əlaqələrin inkişafı türk dünyasının gücünün daha da artmasına, onun beynəlxalq arenadakı nüfuzunun daha da möhkəmlənməsinə təkan verəcək, TDT-nin qlobal proseslərə təsir imkanını əhəmiyyətli şəkildə artıracaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər