Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verildiyi kimi, noyabrın 14-də Rusiyanın Kiyevə atdığı raket zərbələrindən biri artıq 3-cü dəfə Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə tuş gəlib və səfirliyin binası xeyli zədələnib, xoşbəxtlikdən diplomatik korpus əməkdaşları arasında zərər çəkən olmayıb. Bununla bağlı Azərbaycan tərəfi Rusiyaya nota verib. Lakin Moskva müxtəlif bəhanələrlə zərbənin Rusiya tərəfindən endirildiyini etiraf etmək istəmir. Bəs görəsən, əgər raket zərbəsinin Rusiya tərəfindən həyata keçirildiyi rəsmən təsdiqini taparsa, beynəlxalq hüquqa əsasən Kreml dəymiş ziyana görə Azərbaycan dövlətinə təzminat- kompensasiya ödəməli deyilmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elşən Manafov bunları söyləyib:
"Həmin məsələ ilə bağlı Ukrayna və Azərbaycan prezidentləri arasında danışıqlar baş tutub. Və Azərbaycan dövlət başçısı məsələyə öz münasibətini sərgiləyib. Rusiya tərəfi isə bəyan edir ki, Ukrayna ərazisinə endirilən raket və dron zərbələri yenə də bu ölkənin enerji sektoruna və silahlı qüvvələrini təchiz edən obyektlərə yönəlib. Bu hücumların bəzi hallarda yanlış hədəflərə tuş gəlməsi də mümkündür ki, bu da anlaşılandır. Məsələn, müharibə zamanı bəzi hallarda raketlər, hədəf aldığı istiqamətdən fərqli olaraq, mülki obyektlərə düşə bilər. Bu, daha əvvəl İraqın işğalı zamanı da müşahidə edilib, burada da raketlər səhvən mülki obyektləri vurmuşdu...
Bütün hallarda əgər Azərbaycan səfirliyinə dəymiş ziyan Rusiya tərəfindən qəbul edilərsə, bu halda, beynəlxalq hüquq çərçivəsində Rusiya tərəfindən təzminat ödənməlidir. Həm də mən düşünürəm ki, Rusiya üçün bu, ciddi iqtisadi problem yaratmayacaq...
Bununla belə, ona da inanmıram ki, bu cür hadisələr Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir göstərəcək. Müharibə şəraitində belə hadisələr baş verməsi beynəlxalq münasibətlərdə təbii bir hadisədir..."