Azərbaycan NATO-ya girmək arzusunu rəsmən ifadə etsə, Kreml nə edər?..
Ekskluziv
342
15:35, Bu gün

Azərbaycan NATO-ya girmək arzusunu rəsmən ifadə etsə, Kreml nə edər?..

Azərbaycan və Türkiyə, eləcə də digər Türk dövlətləri öz müdafiəsini təkcə müasir odlu silahlarla deyil, həm də digər vasitələrlə qurmağa çalışmalıdır...”
 
Son vaxtlar Azərbaycanın NATO-ya qoşulmaq planlarından bəhs edilir. Ukraynanın Alyansa qoşulmaq istəyini Rusiya necə qarşıladı, göz qabağındadır. 
Bəs bu arzumuzu rəsmən səsləndirsək, Kreml buna necə reaksiya verər? Bəlkə elə 8 Noyabr paradından sonra Gəncədən qayıdan Türkiyə təyyarəsinin qəzası və Ukraynadakı səfirliyimizə yüngülvari raket zədəsi vurulması da hələ NATO-ya qoşulmaq yox, ordumuzu həmin Alyansın standartlarına uyğun qurmaq planlarımızı səsləndirməyimizə reaksiya olub?..
 
Mövzu ilə bağlı Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycan hakimiyyətinin NATO-ya daxil olmaq kimi bir planının olduğuna inanmır: 
 
“Əvvəla, ona görə ki, NATO-ya daxil olmaq üçün bəzi şərtləri yerinə yetirmək lazımdır.  Başlıca şərt isə demokratik dəyərlərə malik olmaq öhdəliyidir. Rəsmi Bakı digər hərbi və iqtisadi şərtləri  məmnuniyyətlə qəbul edər. Amma siyasi şərtləri qəbul etmək o qədər də asan deyil. Prinsipcə, nə qədər acı olsa da, indiki şəraitdə radikal demokratikləşmə prosesinə qədəm qoymaq ölkənin təhlükəsizliyi baxımından məsləhət də deyil. Çünki şimalımızda və cənubumuzda gözlərini bərəldib bizə ov kimi baxan xarici düşmənlərimiz var. Demokratikləşmə prosesindən bizim xalq nə qədər yararlanacaq, bilmirəm. Amma bəndniyyət qonşularımız sosial və iqtisadi problemlərini hələ də həll etməkdə çətinlik çəkən rəsmi Bakının bu açığından rahatlıqla faydalanıb hakimiyyətə gəlmək imkanı qazana bilər. Necə ki, İraqda Həşdi-Şabiyə və birbaşa Quma bağlı qüvvələr 2003-cü ildən ələ keçirdikləri hakimiyyəti buraxmaq istəmir və yeni hökumətin qurulub normal fəaliyyət göstərməsini əngəlləyir. NATO-ya girmək üçün aparacağımız siyasi islahatdan sonra Azərbaycanda da eyni proseslər təkrarlana bilər. Bu səbəbdən də mövcud hakimiyyətin hazırkı şəraitdə demokratik islahatlara getməsini onun strateji müttəfiqləri də arzulamazlar...
 
İkincisi, Azərbaycanın NATO-ya daxil olmasının zəruri əsasları da yoxdur. Adətən, bizim kimi balaca dövlətlər ona görə sözügedən alyansa girmək istəyirlər ki, özlərini Rusiyanın hərbi təhdidlərindən və hücumlarından qorumağa çalışırlar. Xüsusilə Ukrayna savaşında bir daha təsdiqləndi ki, Rusiya heç bir beynəlxalq hüquq normaları tanımır, hər an postsovet ölkələrinə hücum etməyi planlaşdırır. Əminəm ki, Azərbaycan hökuməti bu potensial təhdidləri nəzərə alaraq riskli addımlar atmaz...
 
Üçünçüsü, istənilən alyansa üzvlük həm də yekun qərarı öz əlində olmayan əlavə öhdəliklər altına girməyi tələb edir. Bəzən isə ümumi müdafiəyə zərrə qədər qatqısı olmayan müttəfiqlər məsuliyyətsiz çıxışlar edərək özləri ilə bərabər ortaqlarını da çətin vəziyyətlə üz-üzə qoyurlar. Məsələn, NATO-nun ən təsirsiz müttəfiqlərindən biri Baltikyanı ölkələrdir. Öz hava sahəsini qorumağa belə təyyarə tapa bilməyən, müttəfiqlərinin gücünə arxayınlaşan bu balacalar yeri gələndə əks düşərgəyə hər kəsdən artıq barmaq silkələyirlər. Çünki bilirlər ki, Rusiya ona hücum edərsə, NATO Nizamnaməsinin 5-ci maddəsi işə düşəcək və təhdidləri ortadan qaldıracaq. Amma onların bu məsuliyyətsiz davranışlarının əsas yükü digər müttəfiqlərin çiyinlərinə düşür. Və Azərbaycan da başqalarının məsuliyyətinin altına girməli deyil. Ən əsası, Ukrayna savaşı və 2015-ci ildə rus təyyarəsini vuran Türkiyənin meydanda tək buraxılması sübut etdi ki, NATO-nun təhlükəsizlik qarantiyası o qədər də güvəniləcək etibarlı müdafiə strategiyası deyil...
 
Dördüncüsü, bir çox sınaqlardan üzüağ çıxa bilməyən NATO alyansı getdikcə etibarını itirib və bəlkə də son günlərini yaşayır. Kim bilir, bəlkə də biz NATO-ya girənə qədər dünyada belə bir alyans olmayacaq. Elədirsə, o zaman niyə qüdrətli qonşularımızın əsəbləri ilə oynayıb özümüz üçün əlavə risklər yaradaq?..
 
Beşincisi, Azərbaycan hansısa əlavə yüklərin altına girmədən də öz ordusunu NATO standartlarına uyğun modernizə edə bilər və edir. Bizə bu məsələdə hansısa təsirsiz alyansa üzvlük yox, onun gücünə güc qatan ölkələrlə individual əlaqələr lazımdır və bu istiqamətdə də müəyyən addımlar atılır. Məsələn, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya və s. ölkələrlə strateji müttəfiqliklərin qurulmasından söhbət gedir...
 
Altıncısı, Azərbaycan və Türkiyə, eləcə də digər Türk dövlətləri öz müdafiəsini təkcə müasir odlu silahlarla deyil, həm də digər vasitələrlə qurmağa çalışmalıdır. Lazım gələndə, qonşularla dinc, yanaşı yaşamaq potensialını və iqtisadi əlaqələri də strateji silaha çevirməyi bacarmalıdır. Bunun ən qısa yolu isə hansısa hərbi düşərgədə yer almaq deyil, əksinə düşərgələr arasında körpüyə çevrilməkdir. Hesab edirəm ki, Azərbaycan incə diplomatik manevrlərlə bu gücündən istifadə edə bilir və bizim ən strateji silahımız da elə bu imkanımızdır...”
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər