Ekskluziv
634
14:51, Bu gün

"Rusiyanın Ukraynaya hücumları artıb, məqsəd cəmiyyəti qorxutmaq və müqaviməti sındırmaqdır" - "The İndependent"

 
"Moskvanın taktikası Suriyada və Çeçenistanda istifadə etdiyi metodları xatırladır..."
 
Moskva danışıqlardan dəm vurur, amma raket yağdırır
 
"The İndependent" nəşrinin yazdığına görə, Rusiya Ukraynaya qarşı hücumlarını daha da intensivləşdirib, baxmayaraq ki, rəsmi Moskva özünü sülh danışıqlarına hazır tərəf kimi təqdim edir. Analitiklər bunu Kreml tərəfindən həyata keçirilən məqsədyönlü və cəld taktika kimi qiymətləndirir: Ukrayna cəmiyyətini qorxutmaq, yorub ruhdan salmaq və nəticədə onları Moskvanın şərtləri ilə razılaşmağa məcbur etmək.
 
Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi növbəti gecə hücumunun "hərbi-sənaye və enerji infrastrukturu"na qarşı olduğunu iddia etsə də, ekspertlər bunun əksini deyir - məqsəd məhz mülki obyektlər, şəhərlər və psixoloji təzyiqdir. RUSI analitiki Natia Seskurya bildirir ki, "sistemli şəkildə" mülki infrastruktura zərbələr endirmək Rusiyanın strategiyasının əsas elementidir:
 
"Plan ondan ibarətdir ki, yorulmuş və hər gün hücumlara məruz qalan cəmiyyət hökumətə təzyiq göstərsin və müharibənin bitməsi naminə istənilən qeyri-ədalətli siyasi razılaşmanı qəbul etsin". Onun sözlərinə görə, bu taktika hələlik nəticə verməyib - ukraynalılar "möhkəm və gözləniləndən daha inadkar" çıxıblar.
 
Enerji infrastrukturu hədəfdə
 
Məqaləyə görə, qarşıdan gələn qış Ukrayna üçün son illərin ən ağır mövsümlərindən biri olacaq. Qırmızı Xaç və Qızıl Aypara təşkilatları xəbərdarlıq edirlər: milyonlarla insan qışa heç bir maddi imkan, qənaət və sosial dayaq olmadan girir.
 
Təşkilatın Ukrayna ofisindən Xayme Vax bildirib: "Dörd ilə yaxın davam edən müharibə insanların bütün ehtiyatlarını tükədib. Yeddi nəfərdən onunun artıq heç bir yığım pulu qalmayıb. Biz illərdir yardım göstəririk, amma indi bizim də resurslarımız sona yaxınlaşır". Bu vəziyyətdə enerji sisteminə yönəlmiş hər raket və dron hücumu yalnız fiziki dağıntı deyil, həm də humanitar fəlakət riskini böyüdür.
 
"Suriya, Çeçenistan və indi Ukrayna"
 
"Chatham House" eksperti Keyr Cayls deyir ki, Rusiyanın strategiyası uzun illərdir dəyişməyib: "Bu metodu biz Suriyada, Çeçenistanda və Moskvanın onilliklər boyu apardığı saysız-hesabsız müharibələrdə gördük".
 
Onun sözlərinə görə, Ukraynada doğum evlərinin, məktəblərin, uşaq bağçalarının vurulması təsadüf deyil və hərbi mənada heç bir zəruri məqsədə xidmət etmir: "Bu, sadəcə, nümayişkaranə qəddarlıqdır. Məqsəd qorxu yaymaq və cəmiyyətin ən zəif təbəqələrinə psixoloji zərbə vurmaqdır".
 
"Independent" yazır ki, Rusiyanın hazırkı strategiyası müharibə meydanında sürətli qələbə deyil, uzunmüddətli yorucu təzyiq, psixoloji dağıntı və humanitar böhran yaratmaqdır. Amma hələlik bu plan işləmir - Ukrayna əhalisi müharibənin ən çətin mərhələsinə yaxınlaşsa da, təslim olmaq əvəzinə daha da birləşir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər