8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay...- Bağlılıq varmı?..
Ekskluziv
1067
20:00, Bu gün

8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay...- Bağlılıq varmı?..

“Amma indiki şəraitdə ümumi şəkildə deyilən hadisələr barədə bütün variantlar yoxlanmalıdır. Çünki hər birinin lehinə və əleyhinə kifayət qədər inandırıcı faktlar var...”   
 
Bakıda 8 Noyabr Zəfər paradından sonra həmin paradda hərbi qüvvələri ilə qatılmış hər üç ölkə: Azərbaycan, Türkiyə və Pakistanla bağlı 3 diqqətəlayiq hadisə baş verdi. Əvvəla, noyabrın 11-də Pakistan paytaxtı İslamabadda məhkəmə binasında terror aktı törədildi və 12 nəfər həlak oldu, onlarla insan yaralandı. Eyni gündə qısa vaxt fərqi ilə Gəncə şəhərindən qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində naməlum şəraitdə qəzaya uğradı - 20 türk hərbçi şəhid oldu. Noyabrın 13-dən 14-ə keçən gecə isə Rusiya “İsgəndər” raketi ilə Azərbaycanın Ukraynadakı səfirliyi yaxınlığına zərbə endirib və nəticədə səfirliyin binasına xeyli zərər dəyib. Və Azərbaycan Rusiyaya nota verməli olub... Görəsən, bu 3 olay arasında müəyyən bir bağlılıq ola bilərmi? Yəni bu hadisələr 3 dost, müttəfiq ölkəyə eyni güc mərkəzi tərəfindən yönlənmiş bir mesaj ola bilərmi?..
 
Mövzu ilə bağlı ADP sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Əvvəla, onu deyim ki, Pakistanda insanların toplaşdığı müxtəlif məkanlarda: məscid, bazar və dövlət binalarında terror hadisələri mütəmadi olaraq baş verir. Türkiyənin “C-130” təyyarəsi faciəsindən sonra daha bir yanğınsöndürən uşağı da qəzaya uğrayıb. Rusiyanın Azərbaycanın Ukraynadakı səfirliyinə raket zərbəsi ilə zərər yetirməsi isə artıq ikinci hadisədir. Yəni bu 3 olay bir təsadüf də ola bilər. Amma yalnız hər 3 hadisə dəqiq araşdırıldıqdan sonra onlar arasında bağlılıq olub-olmadığını söyləmək olar. Yenə də düşünmürəm ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına qarşı hansısa dövlət məhz bu cür diqqətçəkən addımlar atsın. Lakin bütövlükdə siz dediyiniz variantı da araşdırmaq lazımdır ki, doğrudanmı hansısa bir qüvvə bu 3 dövlətin əməkdaşlığına qarşı müəyyən addımlar atmağa çalışır... 
 
Ayrıca Türkiyə təyyarəsinin vurulma səbəbindən qəzaya uğraması ehtimalını şəxsən mən doğru hesab etmirəm. Çünki bu müharibə səbəbidir. Özü də burada yalnız Türkiyə maraqlı deyil, eyni zamanda həmin “C-130” təyyarəsini istehsal edən şirkətin məxsus olduğu Amerika dövləti də maraqlıdır. Yəni təyyarə qəzaları çoxtərəfli maraqlara toxunduğuna görə burada saxtalaşdırma işi aparmaq çox çətindir. Hər halda  gözləyək, əgər Türkiyə hərbi yük təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması təsdiqlənərsə, digər iki hadisəni də əlaqələndirmək olar.  Bilirsiz ki, təyyarə qəza ümumilikdə 10-dan artıq səbəbi olur. Odur ki, yalnız ciddi və hərtərəfli bir ekspertizadan sonra Türkiyə təyyarəsinin qəzaya uğramasının səbəbləri haqda yekun bir nəticəyə gəlmək olar. Amma indiki şəraitdə ümumi şəkildə deyilən hadisələr barədə bütün variantlar yoxlanmalıdır. Çünki hər birinin lehinə və əleyhinə kifayət qədər inandırıcı faktlar var..."
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər