“Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”
Ekskluziv
959
17:17, Bu gün

“Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”

Məlum olduğu kimi, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Nəticədə səfirlik ərazisinə, eləcə də ərazidəki avtomobillərə, inzibati binaya ciddi ziyan dəyib.

Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakı tərəfindən  səfirə kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın məlum addımını tənqid edib, bunu beynəlxalq hüquq qaydalarının kobud şəkildə pozulması kimi dəyərləndirib:

“Şübhəsiz, Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də Azərbaycan haqlı olaraq Rusiyaya nota təqdim edib, ona öz etirazını bildirib. Başqa sözlə desək, rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində edə biləcəyi hər şeyi edib.

Beynəlxalq hüquq müharibə zamanı digər ölkələrin diplomatik korpus və nümayəndəliklərinin təhlükəsizliyini təmin etməyin vacibliyini əks etdirir. Lakin müharibə zamanı beynəlxalq hüququn bir çox normaları kimi bu tələbi də bəzən pozulur. Xatırladım ki, Yuqoslaviyanın vurulması zamanı Çinin bu ölkədəki səfirliyi də bombalanmış, bu, o zaman rəsmi Pekin tərəfindən haqlı etirazla qarşılanmışdır. Yəni nə qədər arzuedilməz olsa da, müharibədə bu cür hallara təsadüf edilir. Bu baxımdan Kiyevdəki Azərbaycan səfirliyinin dron hücumundan zərər görməsi faktı da beynəlxalq hüququn tələblərinin ciddi şəkildə pozulması deməkdir və qəbuledilməzdir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər