Dürrə
Ekskluziv
231
16:51, Bu gün

Dürrə

Dürrə gözünü açanda gün günortadan keçmişdi. Evdən dadlı yemək ətri gəlirdi. Tələsik paltarını geyinib aşağı düşdü. Qonaq otağından qarışıq səslər gəlirdi. Ayaq saxlayıb içərini dinşədi. Dayısı idi, həmişəki kimi hay- küylə kimi isə asıb -kəsirdi . İçəri keçən kimi atası deyinməyə başladı: Bu qədər də yatmaq olar? Biz ikinci dəfə yeməyə hazırlaşırıq. Qız qonaqlarla görüşüb, dodağının altında nə isə mızıldadı. Dayısının böyük oğlu Nazim də burada idi. Axır vaxtlar ziyarətinin sayını artırmışdı. Nədənsə onun gəlişinin artması Dürrəyə təəccüblü gəlirdi. Əslində çox qaraqabaq , az danışan oğlanda canlanma əmələ gəlmişdi . Gələndə sovqatla gəlməyi bir yana danışıb-gülüb ,söhbət də edirdi. Dürrə ata- anası ailə qurandan yeddi il sonra dünyaya gəlmişdi. Odur ki, hər kəsin sevimlisi ,ərkəsöyünü idi. Çox əziz xələf böyümüşdü .Üstəlik bacıların arasında ən gözəli idi. Bütün qohum - əqrəba qızı əzizləyirdi. Atası onunla nəfəs alırdı. Hərəkətləri, danışığı ədalı idi. Əşrəf qızın bir sözünü iki etməməklə yanaşı heç kimə Dürrəyə gözünün üstündə qaşın var deməyə icazə vermirdi. İndi bu sərbəst böyümüş qızın ürəyindən keçirdi ki, Nazimə sual verib desin:

- Xeyr ola, bu nə canlanmadır?

Düşüncələr içində başını qaldırıb, Nazimə baxdı. Oğlanın iti baxışları ilə gözə -gözə gəlib qıpqırmızı oldu. Bir an sualın cavabı ürəyindən keçdi. Amma bu fikrin üzərində durmadı. Daha doğrusu durmaq istəmədi. Çünki onun ürəyində Kamal var idi . Əslində o, da Dürrəni maraqlandırmırdi .Atasının yanında işləyən bu oğlan keçən il onları kəndə toya aparmışdı. Elə həmin gündən bəri onların ailəsinə xidmət edirdi. Nə vaxt hara getmək lazım olsa Kamal yada düşürdü. O , da yeni aldığı maşınla onların hüzurunda hazır olurdu. Dürrə Kamalı gec görəndə narahat olurdu. Bir bəhanə uydurub, harasa gedirdi. Amma axır vaxtlar qızın başı çox qarışıq olurdu. Daha doğrusu gözünün qarşısında yeni mənzərə açılmışdı. İki ilə yaxın idi ki, qonşuları Mahmud kişinin evini bir nəfər almışdı. Deyilənə görə yeni qonşular hədsiz varlı adamlar idi. Elə tikdikləri evdən hər şey məlum idi. İki qardaş yanaşı böyük , saraylar tikdirmişdi. Yeni dəbdə, ayrı – ayrı üslubda tikilən evlər sanki bir - bir ilə yarışa girmişdi. Ətrafdakı ,eləcə də Dürrəgilin evləri o evlərin yanında çox kiçik görünürdü . Dürrə bir- birinə bənzəyən qardaşları tanısa da onların ailə üzvilərini görməmişdi .Evlərin təmir işləri sona yetmək üzrə idi. İri darvazalar açıq qalan kimi qızın gözü ora dikilirdi.Təəccübdən donub yerində qalırdı. Atasının illərlə yetişdirdiyi ağacları , gülləri bunlar iki il ərzində yetişdirmişdi.. Daş döşənilmiş həyətdə mərmər çarhovuz, böyük palma  ağacı və çox gözəl güllər var idi. Dürrə həsrətlə mənzilin sahiblərini gözləyirdi. Odur ki , bu günki məclis onu cəlb etmədi. Çöldə maşın səsi gələn kimi otaqda dayanmayıb ,darvazanın önünə çıxdı. Qarşılaşdığı mənzərə qıza çox xoş gəldi. Hər iki darvazanın önündə dalbadal bir neçə maşın dayanmışdı. Dürrə tanımadığı maşın modellərinə təəccüblə baxırdı. Maşından uca boylu yaraşıqlı bir qadın düşüb, ətrafa nəzər saldı. Gözü Dürrəyə sataşanda gülümsündü. , Nə qəşəng qızsan deyib, salam verdi. Sanki qızı çoxdan tanıyırdı. Dürrə qadına cavab versə də ,gözü darvazanın iç tərəfində maşından düşən gənc oğlan və qızlarda idi. Onların bəzəkli geyimləri, şux görkəmləri , bəzilərinin başına taxmış olduğu gün eynəkləri, əllərindəki açıq rəngli cantalar qızı heyran etmişdi. Oğlanların demək olar hamısı ağ şalvar -kofta və ağ yüngül yay ayaqqabılarında idi. Hay - küy həyətlə bir olsa da az sonra hər şey darvazanın o tərəfində qaldı. Bununla da Dürrənin öz dünyası dağıldı. Gözünün önündə yeni sirli , möcüzəvi bir səhifə açıldı. Hansı ki, qız daim özünü orada , o mühitdə görürdü. Həmin gün qonaqların yanına dönmədən yuxarı qalxıb yatağına uzandı. Nazimgilin gedişindən xəbəri olmadı. Ümumiyyətlə evdə gözü heç kəsi görmürdü. Bir neçə gündən sonra həmin qadınla küçədə üzbəüz gəldi. Adının Mınə olduğunu söyləyən qadın Dürrəni içəri dəvət etdi. Qızlar da onu xoş sifətlə qarşıladılar. Dürrənin anladığına görə o biri qardaşın ailəsi də burada idi. Bir tək oğlanlar Kür qırağına balıq tutmağa getmişdilər. O gündən sonra Dürrə hər gün qonşuya keçdi. Düzdü onun bu hərəkəti nə anasının ,nə də bacılarının xoşuna gəlmirdi. Lakin heç bir vəcdlə qızı fikrindən döndərmək mümkün deyildi. Bir necə gün bundan əvvəl Mınə xanımın Dürrədən qulluqçu xəbər almağı qızın xətrinə bərk dəymişdi. Hətta iki- üç gün oradan ayağını kəsdi. Bir səhər darvazanın önündə Vüqarla rastlaşmağı hər şeyi alt - üst etdi. Vüqar darvazanı bağlayıb, maşına minməyə hazırlaşırdı. Dürrəni görüb gülümsündü. Sonra necəsən Dürrə ?- deyib maşına mindi. Qızın bütün kini yox olub getdi. Yenidən qonşuya ayaq açdı.Gündə bir aləm təsuratla evə dönürdü. Evdə onu dinləyən yox idi. Odur ki, öz xəyalları ilə baş-başa otağına çəkilirdi. Qonşunun qızlarından biri olan Gülay hüquqşünas idi. Özü ilə bir qrupda oxuyan oğlanla nişanlı idi. Bunları eşidən Dürrə onların yanında kollec bitirdiyini dilinə almadı, sadəcə mən də həkim olacam,-dedi. Son günlər evdə Gülayın nişanlısının gəlişinə hazırlıq gedirdi. Dürrə bütün varlığı ilə işin içində idi. Gözündən bir şey yayındırmaq istəmirdi. Nəhayət həmin gün çatdı. Qıza yuxarı mərtəbələri də görmək nəsib oldu. Buradakı şəhanəlik, masaların üzərinə salınan qaşlı süfrələr, qızılı zərli iri qablar, süfrəyə düzülən nazı - nemətlər, onların çeşidinin çoxluğu, rəngarəngliyi Dürrəni heyran etmişdi. Axşam tərəfi gələn oğlan evinin adamlarının görkəmi, geyimi , qızılları ona orda qalmaq təhəmmülü qoymadı. Ayaqlarını sürüyə- sürüyə özünü evlərinə saldı. Evdə adam çox idi . Həmişəki kimi qohum , qonşu yığılıb danışıb- gülürdülər. Sona moruq mürəbbəsi bişirirdi. Mürəbbənin zərif qoxusu, qazanda qaynayan qarğıdalının xoş ətrinə qarışmışdı. Elə indicə yadına düşdü ki, acından ürəyi gedir. Anasının gözü ilə göstərdiyi qazanın qapağını qaldırdı. Qıpqırmızı qızardılmış beçəni boşqaba yığıb iştaha ilə yeməyə başladı. Neçə gündən bəri ilk dəfə gözünü fırlayıb ətrafa ikrahla baxdı. Əslində həyətlərində pis hec nə yox idi. Üstü dəmirlə döşənmiş, yığcam çardaq əlvan güllərin əhatəsində idi. Atasının əlləri ilə düzəlmiş olan masa və kətillər , hətta orada oturanların geyimi , ayaqqabıları, saclarının rəngi qızın gözünə bomboz görünürdü. Bir sözlə burada çox dayana bilməyib otağına qalxdı. Nə vaxt yaratdığını xatırlamadığı dastanı qısa metrajlı film kimi gözünün qabağında canlandımağa başladı . Dastanın qəhrəmanı özü idi. Qonşu oğlanın ona etdiyi eşq elanlarının sayı , məzmunu bitib tükənmək bilmirdi. Halbuki Vüqarın sevdiyi qız olduğunu dəfələrlə eşitmişdi. Oğlanın adi salamından yapışıb, məni sevir, deyə xəyal edirdi. Ertəsi gün gözünü açar –açmaz özünü qonşuya saldı. Gülaya gələn hədiyyələrə həsrətlə baxıb , öz qəhrəmanın həyatının rəngərəngliyini artırırdı. Yayın sonuna qədər Dürrə gününü qonşuda keçirdi. Bu evə , bu həyata aludə olduqca öz ailəsindən, evlərində baş verən hər şeydən uzaqlaşırdı .Dayısının kiçik bacısı Gülnara elçi düşdüyünü eşidəndə bir an təəccüb etsə də , əhəmiyyət vermədi. Halbuki dayısının da , Nazimin də ona meyli olduğunu dəqiq bilirdi. Düzdü bu onun vecinə deyildi. Kamalın da buralardan ayağı kəsilmişdi. Bir vaxtlar Kamala qarşı nə isə bir hissləri olan Dürrə , artıq onu yadına belə salmırdı. Hər açılan səhərə ümidlə baxırdı. Əslində deyib -gülüb , şənlənən Vüqarın bir kəlməsindən yapışırdı. Bu şən, maraqlı, əyləncəli yay günləri sona yetirdi. Minə xanımgil getməyə hazırlaşırdı. Dürrəni dərd bürümüşdü. Gözü Vüqarın, qızların ağzında qalmışdı. Amma bir kəlmə olsun elə bir fikir söyləyən olmadı. Hətta Gülayla Nuray gələn il rayona gəlinləri ilə gələcəklərini . söylədilər .Avqustun axırında durnalar köç etməyə başlayanda qonşular yığılıb getdilər. Dürrə günlərlə özünə gələ bilmədi, bütün ətrafından ayrılmışdı. Heç kimi bəyənib, onunla oturub -durmurdu. Qonşu qızlarla danışanda özünün görmədiyi şeylərdən danışırdı. Söhbət əsnasında söz arası Vüqarın ona olan “məhəbbətindən ” nələr isə uydururdu. Söhbətlərə özü elə aludə olmuşdu, ayrıla bilmirdi. Qızların bəziləri Dürrənin yalan danışdığını hiss edirdi. Doğrudan da bir sabah Vüqarın Bakıda toyudur ,- deyə xəbər yayıldı . Xəbərdən dünyası dağılan qız günlərlə evdən çölə çıxmadı. Bacısının nişan, toy mərasiminə demək olar ki, qoşulmadı. Ortalıqda ruh kimi gəzib -dolanırdı. Gülnar Nazimlə ailə qurub, köçüb getdi. Kamal bir – iki dəfə elçi göndərib , başqası ilə ailə qurdu. Dürrə üçün dayanmış zaman qızın yanından quş kimi uçub gedirdi. Kollec qurtarmış olduğu üçün işə girmək istəmirdi. Həkim olacam deməklə yanaşı buna cəhd göstərmirdi. Atası nə olar , lap gözəl ,- deyirdi. Oxu, təhsilini davam et ,desə də uydurduğu yalan məhəbbət kimi, özünü həkim kimi görürdü.. Bir neçə həkim terminlərini oxuyub, mən həkimdən çox bilirəm , deyirdi. Bəzən ətrafda özünü pis hiss edənlərə bir - iki dərman adı söyləyib , onu müalicə etdiyini düşünürdü. Gələn yay Vüqar gələndə ailəli gəldi. Dürrə yenə də onun danışınğından özünə aid söz tapdı. Vüqar onu Sevda ilə tanış edəndə, sənə dediyim qonşumuz budur demişdi. Elə bu sözdən yapışmışdı . Bu yay Dürrə qonşuya hər gün keçməsə də hər halda özünə aid nələrsə toplayırdı. Bir də həkimliyini sübut etməyə çalışırdı. Onu orada dinləyən tapılsa da , bir ağızdan hamı həkim olmaq üçün oxuyub diplom almaq lazım olduğunu söylədi. Bu yay elçilərinin sayı da artmışdı. Dürrəni heç kim maraqlandırmırdı. Vüqarın tezliklə arvadını boşayıb, onu alacağına inanırdı. Nəinki bu yay, dalbadal yaylar ötdü. Vüqar iki uşaq sahibi oldu. Özündən kiçik əkiz bacıları da özlərinə görə telli- duvaqlı , əli xınalı, teli sığallı ərə getdilər . Hər biri oğul - uşaq sahibi oldu. Dürrənin gözü yuxarılardan yığılmadı. Daim varlı elçi gözlədi. Zaman ötdükcə ona dullar elçi düşdü. Onların da arasında çox varlı biriləri yox idi.

Aradan illər ötdü. Atası rəhmətə getmişdi. Bir yaz səhəri anası ilə Gülnargilə , qızının elciliyinə gedirdilər. Onları həyətdə Nazim qarşıladı, sevinirdi . Həm qızına elci gəlirdi , həm də oğlu universitetə qəbul olmuşdu. Yeni tikdirib başa gətirdikləri evlərinin həyətində səliqəli, yığcam süfrə açmışdılar. Məclis çox gözəl keçirdi. Hər iki tərəf sevinirdi. Deyilənə görə qonaqların arasında əlliyə yaxın yaşı olan dul bir kişi Dürrə ilə ,Dürrə isə onun var - dövləti ilə maraqlanırdı…

Dərya Qılıc (Nailə) Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər