Ekskluziv
590
15:05, Bu gün

"Ukrayna "əbədi müharibəyə" hazırlaşır"- "Reuters"

 
"Cəbhədəki tükənmə, siyasi böhran və enerji savaşı Ukraynanı uzunmüddətli müharibə reallığı ilə üz-üzə qoyur..."
 
Rusiyanın hücumları və daxili siyasi gərginlik fonunda uzunmüddətli qarşıdurma ehtimalı artır
 
"Reuters" agentliyi bildirir ki, Ukraynanın həm insan resursları, həm də dron istehsalına yatırdığı investisiyalar hazırda Rusiyanın hücumlarını kompensasiya etmək üçün yetərli deyil. Cəbhədə Rusiyanın irəliləyişi çox yavaş olsa da, danışıqlar perspektivi getdikcə daha uzaq görünür.
 
Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri yaxın günlərdə düşə bilər. Eyni zamanda Moskva qışa hazırlıq çərçivəsində Ukraynanın enerji infrastrukturu üzərinə hücumları artırır. "Reuters" yazır: "Hər iki tərəf sanki öz vətəndaşlarını və iqtisadiyyatlarını daha bir neçə illik davam edəcək "sonsuz müharibəyə" hazırlayır".
 
Sənaye, resurs çatışmazlığı və döyüşə çağırış problemi
 
Hazırda Ukraynada yüzlərlə hərbi istehsal şirkəti fəaliyyət göstərir. Təkcə 2025-ci ildə dron istehsalının 4 milyon ədədə çatacağı gözlənilir. Bəzi analitiklər xarici maliyyə təmin olunarsa bu rəqəmin iki dəfə arta biləcəyini deyir.
 
Lakin insan resursu problemi daha kəskin olaraq qalır. "Chatham House" əməkdaşı Yaroslavа Barbyerinin sözlərinə görə, bir çoxları üçün hərbi xidmət "təkrar dönüşü olmayan bir bilet" kimi görünür, çünki ön xəttdə təcrübəli əsgərlərin buraxılmasına komandanlıq razılıq vermir.
 
Yeni qaydalara əsasən, xidmətə çağırılanlar beş il xidmət etməli və bundan sonra ən azı bir il ərzində yenidən səfərbərliyə cəlb oluna bilməyəcəklər. "Reuters" əlavə edir: "Bu planların real həyata keçirilməsi sual altındadır, çünki dron istehsalına artırılan investisiya hələlik döyüşçü çatışmazlığını kompensasiya etməyib".
Pokrovsk uğrunda son döyüşlərdə rus əsgərlərinin sayı Ukrayna müdafiəçilərindən bəzən doqquz dəfə artıq olub. Ukrayna ekspertlərinə görə, təkcə 2025-ci ilin oktyabrında Rusiya ordusu 25 min canlı qüvvə itkisi verib. Bununla belə, Ukraynada minlərlə gəncin ölkəni tərk etməsi vəziyyəti daha çətinləşdirir.
 
Daxildə siyasi böhran və Avropaya inteqrasiya perspektivi
 
Bu həftə Ukraynanın ədliyyə naziri Qerman Qaluşşenko və energetika naziri Svetlana Qrinçuk korrupsiya araşdırmaları çərçivəsində istefa verib. "Reuters" qeyd edir:
 
"Bu qalmaqal Zelenski hakimiyyəti üçün işğaldan bəri ən ciddi təhlükə hesab olunur və həm məcburi səfərbərlik, həm də seçkilərin təxirə salınması ilə bağlı narazılığı daha da dərinləşdirə bilər".
 
Bununla belə, Avropa ilə münasibətlərdə müəyyən irəliləyiş var. Gələn ay Avropa İttifaqı nazirləri ilk dəfə olaraq Lvovda toplaşaraq Ukraynanın 2030-cu ilə qədər üzvlük hədəfini müzakirə edəcəklər. Lakin Ukrayna iqtisadiyyatının Aİ standartlarına uyğunlaşdırılması müharibə şəraitində çox çətin görünür və Macarıstanın veto riski hələ də qalmaqdadır.
 
Eyni zamanda Brüssel dondurulmuş Rusiya aktivlərinin Kiyevin istifadəsinə açılması ideyasını müzakirə edir. "Reuters" yazır: "Əgər Aİ ölkələri yardım paketinə nəhayət razılıq versə, Ukrayna mübarizəni davam etdirə bilər. Əks halda, növbəti il bütün müharibə dövrünün ən ağır mərhələsi olacaq".
 
Nəticə və perspektiv
 
"Politico" nəşri daha əvvəl xəbər verib ki, qarşıdakı qış Ukrayna üçün ən çətin dövr ola bilər, çünki ölkə enerji böhranı, maliyyə çatışmazlığı və ciddi döyüş itkisi ilə üzləşəcək. Bununla belə, Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Ukrayna daha 3 il döyüşməyə hazırdır, "amma Putin bu qədər tab gətirə bilməyəcək".
 
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər